Şeirlər

Mirmehdi Seyidzadə. Övlad məhəbbəti

Çox mehriban qızdır Şadan,

Duran kimi yatağından

Anasını öpsün gərək.

Bu gün yenə yüyürərək

Yanaşanda anasına,

Ülkər xala dedi ona:

- Yaxınlaşma mənə, qızım,

Mən xəstəyəm, körpə quzum.

Şadan dedi:- Saçlarından

Öpüm səni, gəl anacan!

Kövrəklənib dedi Ülkər:

- Olmasaydım xəstə əgər

Üzümdən də öpərdin sən.

Qız dərk etdi bu sözlərdən

Öpmək olmaz xəstələri

Təəssüflə döndü geri.