Şeirlər

Məmməd Aslan. Açıl, bənövşəm, açıl

Musiqi: Ramiz Mirişli

 

Dodaq büzmə, amandı,

Sənsiz hava yavandı.

Kol dibi qəribsəyib,

Açılmalı zamandı:

Açıl, bənövşəm, açıl!

 

 

 

Sənsiz quru şəkildim,

Aç ki dara çəkildim

Daha səbrim tükəndi,

Açılmasan, büküldüm,

Açıl, bənövşəm, açıl!

 

Baharım çaşbaş qalar,

Qar əriməz, qış qalar,

Çəmən çiçəklə dolsa,

Sənin yerin boş qalar,

Açıl, bənövşəm, açıl!

 

Gülümsə ləçək-ləçək,

Gülüşünü gül, içək!

Müşküllərin üzünə

Açılası tilsimtək

Açıl, bənövşəm, açıl!

 

Yönün bizə tuş olsun,

Qızlar sənə qoşulsun.

Mənim könül sirrimsən.

Açıl, sirrim faş olsun.

Açıl, bənövşəm, açıl!

 

Ürəyim göynədi ki,

Bu göynək köhnədi ki...

Sənli dünya dünyadı,

Sənsiz dünya nədi ki?! -

Açıl, bənövşəm, açıl!