Nağıllar, hekayələr

Natalya Abramtseva. İki yuxunun nağılı

“Yaxşı” adlı bir yuxu var idi. O, mehriban, şən və xeyirxah idi. Gecə düşüb yatmaq vaxtı gələndə, yaxşı yuxu kiçiklərin və böyüklərin çarpayısının altında gizlənərək, onlara şən və rəngarəng nağıllar danışırdı. O, təkcə insanlara deyil, həmçinin mehriban pişiklərə və hətta ən qəzəbli itlərə belə şən nağıllar söyləyirdi.

 

Yuxu, yastıq və ya çarpayının altına sığınaraq, müxtəlif maraqlı və xoş hekayələr danışırdı. O, çoxlu şən, gülməli nağıl və hekayə bilirdi. Məsələn, yuxu analara “qızlarının rəsmdə uğur qazanacağı, və yaxud, gələn bazar günü bişirəcəkləri şirin çörəklərin dadlı olacağı”; qızlara “sərçələrin və qarğaların gözəl bir cənnət quşlarına çevriləcəyi”, şən pişiklərə “kağız toplusu ilə əyləncəli bir gün keçirəcəyi”, itlərə isə “dadlı sümük yeyəcəyi” haqqında hekayələr danışırdı.

 

Yaxşı yuxunun bildiyi hər şeyi xatırlamaq sadəcə mümkün deyil! O, qarla örtülmüş qış ağacları, yamyaşıl yay otları, qarlı buzlaqlar, qırmızı çiyələklər, həmçinin, əyləncəli oyunlar və gözəl oyuncaqlar haqqında danışırdı. Yaxşı yuxu, yəqin ki, mehriban və şən olduğuna görə və daim xoş hekayələr danışdığına görə “Yaxşı”idi!

 

Gecələr hamı yatır və buna görə də Yaxşı yuxunun kifayət qədər işi və qayğısı var idi. O, hamının yuxusuna çata bilmirdi və bəzən gecikirdi.

 

Bəs, əgər Yaxşı yuxu gecikərsə, o zaman nə baş verər? Bu zaman Pis yuxu Yaxşı yuxunun yerini tutar!

 

Pis yuxu, adından da bəlli olduğu kimi, pis və kədərli nağıllar danışar və heç zaman şən nağıllar söyləməzdi. Onun bütün hekayələri kədərli və hətta qorxulu idi.

 

Məsələn, küpəgirən qarı, boğaz ağrısı və ya ən yaxşı dostların necə mübahisə etdiyi haqqında danışırdı. Belə bir yuxudan sonra həmişə insanın baş ağrıyır, ağlamaq istəyir!

 

Buna görə də, Yaxşı yuxu həmişə Pis yuxudan əvvəl yastığın altına girməyə çalışır, çünki o, həmişə bizi Pis yuxudan qorumağa çalışır!

 

Amma Yaxşı yuxu nə qədər tələssə də, hər dəfə hamını Pis yuxudan qorumağa müvəffəq olmurdu. Buna görə bir gün Yaxşı yuxu öz-özünə fikirləşdi:

 

“Mən pis yuxu ilə danışmalıyam. Mən ondan qorxunc, kədərli nağıllarını heç kimə danışmamasını xahiş edəcəm”, deyə yaxşı yuxu qərar verdi.

 

Bax beləcə, nağıllar ölkəsində, sehrli gölün yaxınlığında, bəzəkli Şam ağacının altında iki yuxu - Yaxşı və Pis yuxu- görüşdülər.

 

“Qulaq as, Pis yuxu! Sən niyə qəzəblisən? Niyə susursan? Cavab ver! Niyə canlıları qorxudursan!”

 

Pis yuxu heç bir cavab verməyib susdu.

 

- Sən qəzəbli olduğun üçün bu qədər kədərli və qorxulu nağıllar danışırsan?

 

Pis yuxu yenə susmağa davam etdi.

 

- Niyə susursan axı?- Yaxşı yuxu israrla yenə soruşdu.- Bəs niyə “ah” çəkirsən?

 

Bu zaman Pis yuxu kədərli, qəmli “ah” çəkdi.

 

 - Qulaq as! Bəlkə sən heç də pis deyilsən? Bəlkə heç bir yaxşı nağıl bilmədiyin üçün belə qəzəblisən?

 

Yuxu bu dəfə də kədərli “ah” çəkdi.

 

 - Yaxşı yuxu!- o, dedi - Ah, yaxşı yuxu! Çox kədərlənirəm... Həqiqətən də qəzəbli olmaq istəmirəm. Amma məsələ ondadır ki.... İnanacağını düşünmürəm, amma həqiqətən bir dənə də olsun yaxşı və şən nağıl bilmirəm. Ona görə pis nağıllar danışıram. Axı mən yuxuyam, nəsə danışmalıyam.

 

- Doğrudan?! Heç bir yaxşı nağıl bilmirsən?! Axı, yaxşı nağıllar çoxdur.

 

“Bilmirəm… Birini də bilmirəm…”

 

"Necə belə alındı, yazıq kədərli yuxu?"

 

“Yadımda deyil…”

 

"İndi mən səninlə nə edim?" - Yaxşı yuxu tamamilə özünü itirdi.

 

“Bilmirəm…”

 

Bu zaman altında yuxuların söhbət etdikləri sehirli Şam ağacı iynələri ilə xışıltı saldı. Yuxular onu diqqətlə dinlədilər. Sonra Şam ağacı bir-bir iynələrini yerə atdı və yaşıl iynələr yerə düşərək, üzərində maraqlı və rəngli rəsmlərin olduğu parlaq kağızlara çevrildilər. Yarpaqlar bir-birinin üstünə düzülür, son iki düşmüş iynə isə ecazkar yaşıl örtüyə bürünərək kitab üzünə çevrildi. Kitab üzünün üstündə isə “Yaxşı Nağıllar” kitabı yazılmışdı.

 

- Əziz şam ağacı! - Yaxşı yuxu sevindi - Çox əla fikirləşmisən! Kədərli yuxu yaxşı nağıllar oxuyar, o zaman pis olmaqdan uzaq olar. Artıq yaxşı olacaqsan? – Yaxşı yuxu Pis yuxudan soruşdu.

 

- Çalışacam!- Pis yuxu cavab olaraq dedi.

 

O vaxtdan bəri kiminsə çarpayısının altına gizlənməkdən əvvəl ikinci yuxu yaxşı nağıllardan birini oxuyur. Demək olar ki, o, kitabın yarısını oxuyub qurtarıb! Bəzi nağılları əzbər bilir və dəfələrlə danışır. Amma bəzən köhnə, pis vərdişindən dolayı, özünü unudur və başlayır kədərli nağıllar danışmağa. Lakin bu artıq daha az baş verir. Axı o, artıq pis deyil, yarı xeyirxahdır; kədərli deyil, yarı şəndir!

 

Tezliklə yuxu sehrli ağacın hədiyyə etdiyi “Yaxşı nağıllar” kitabını oxumağı da bitirəcək və “Yaxşı və Şən” bir yuxuya çevriləcəkdir!

 

Gəlin gözləyək!