Nağıllar, hekayələr

Terapevtik hekayə. Tip və Top

İstiqamət: Kiçik qardaşa və ya bacıya qarşı hiss edilən kin və qısqanclıq hissi; qardaşlar (bacılar) arasında münaqişələr; ailədə "böyük" olmanın çətinliyi.

 

Açar İfadə: "Valideynlərim qardaşımı məndən çox sevir"

 

Meşədə bir sincab ailəsi yaşayırdı. Ailə - ana, ata və iki bala sincabdan ibarət idi: Böyüyün adı  - Tip, kiçiyin adı isə  - Top idi.

 

Ata və ana sincab balalarını çox sevir, hər zaman onlara qayğı göstərirdilər. Balalarına yemək gətirmək üçün hər səhər valideynlər işə gedir, bala sincablar isə yuvada tək qalırdılar.

 

Yemək dalınca getməzdən əvvəl hər dəfə ana sincab Tipə qardaşına nəzarət etməsini tapşırırdı:

 

- Qardaşın Topa nəzarət et, oğlum! O, hələ balacadır, özü tək başına heç nə edə bilməz!

 

- Yenə hamı ancaq Topdan danışır! – deyə Tip hər dəfə öz-özünə mızıldanırdı, - Ana ancaq qardaşımı sevir, məni isə yox! Mən də istəyirəm ki, məni sevsinlər, qayğıma qalsınlar, mənimlə oynasınlar! Ana isə Topla daha çox vaxt keçirir. Dostlarımla oynamaq istəyirəm, ancaq hər zaman kiçik qardaşıma nəzarət etməli oluram. Əgər Top olmasaydı, indi anam ancaq mənimlə gəzib dolaşar, oynayardı,  ancaq mənə dadlı qoz-fındıq gətirər və yatmazdan əvvəl təkcə mənə nağıl danışardı!”

 

Bir gün valideynlər yenə yemək dalınca yola çıxmağa hazırlaşdılar və ana yenə Tipə qardaşına nəzarət etməyi tapşırdı:

 

- Ağıllı ol, kiçik qardaşına diqqət yetir, çünki o hələ balacadır!

 

Tip çox istəyirdi ki, gedib dostları ilə oynasın, amma əvəzində onu, Topa nəzarət etmək üçün evdə oturmağı tapşırdılar.

 

- Artıq bəsdir! - deyə Tip düşündü, - Böyük olmağım mənim günahım deyil ki! – deyib o, kiçik qardaşından qurtulmaq qərarına gəldi.

 

Tip Topu gəzməyə dəvət etdi. Qardaşlar uzun müddət yol getdilər və hər addımla meşənin qaranlıq dərinliyinə qərq oldular.

 

- Mən asanlıqla evin yolunu tapacam, amma Top yolu tapa bilməyəcək” deyə Tip düşündü, - Bu o deməkdir ki, biz yenidən xoşbəxt yaşayacağıq - anam, atam və mən!

 

Tip Topu meşənin elə bir dərinliyinə apardı ki, özü də qorxmağa başladı. Kiçik qardaşın başı qarışan kimi Tip tez evə doğru qaçdı, Top isə arxada qaldı.

 

Tip bir qədər qaçmışdı ki, birdən o, başının üstündə ona çox tanış gələn bir səs eşitdi. Tip başını qaldırdı və səmada dəhşətli bir quşun dimdiyində kiçik qardaşı Topu gördü. Top o qədər kiçik və müdafiəsiz idi ki...

 

Tip qardaşını quşun dimdiyində gördükdə onda “qardaşını qorumaq hissi” yarandı. Tip anasının haqlı olduğunu düşündü.

 

- Top o qədər balacadır ki, özünü qoruya bilməz, məndən başqa ona heç kim kömək edə bilməz!- deyə Tip özü-özünü cəsarətləndirdi.

 

Tip tez quşun arxasınca qaçdı, artıq o, meşədən belə qorxmurdu. Budaqlar onu şallaqlayaraq incidirdi, amma Tip ağrını belə hiss etmədən qardaşını xilas etməyə çalışırdı. Birdən o, yenə səs eşitdi və yenə pəncələrində Topun olduğu quşu gördü. Quş dincəlmək üçün bir budağa oturmuşdu. Tip cəsarətlə döyüşə girdi, qardaşını dəhşətli quşun caynaqlarından xilas edib, birgə evə qaçdılar.

 

Evə gələn Tip kiçik qardaşını yedizdirdi və onunla oynamaq üçün oturdu.

 

Sonra Tip dözməyib anasına başlarına gələn əhvalatı danışdı. Ana sincab dedi: “Sözümə qulaq asdığına görə çox şadam. Sənə güvəndiyim heç də təəcüblü deyil. Düşünürəm ki, qardaşınla səni eyni dərəcədə sevdiyimi artıq başa düşürsən! Amma Topa daha çox qayğı göstərməliyəm, çünki o, hələ balacadır. Onun yaşında olanda sənə də bu qədər qayğı göstərib, qulluq edirdim. İndi artıq kifayət qədər yetkinsən, özünü və qardaşını qoruya bilirsən! Səninlə fəxr edirəm, oğlum! Mən sizi çox sevirəm və bütün dostlarınızı dəvət edəcəyiniz bir bayram təşkil etmək istəyirəm. Sizlərə dadlı və ləzzətli şam yeməyi bişirəcəm. Nahardan sonra isə əyləncəli oyunlar oynayıb rəqs edərsiz!”

 

Tip o axşam özünü çox xoşbəxt hiss etdi. O, bütün dostları toplayıb çox əyləndi: axşamacan gülüb əyləndilər.

 

Tip o günün hadisələrini uzun müddət xatırladı və özünü dünyanın ən xoşbəxt “Böyük Qardaş”ı hiss etdi.