Təbiət

Nəhəng köpəkbalığı

Nəhəng köpəkbalığı və ya Baskula köpəkbalığı (Cetorhinus maximus) - balina köpəkbalığından sonra dünyada ikinci ən böyük balıqdır, uzunluğu 6-8 metr arasında dəyişir. 15 metr ölçüdə fərdlərin təsdiqlənməmiş təsvirləri var.

 

Məlum olan ən kiçik nəhəng köpək balığının uzunluğu 1,7 metr idi. Çəkisi - 3 tona çata bilər. Üzəndə açıq saxladığı ağzının eni 1 metrə çatır. Açıq ağız bu köpəkbalığına üzərkən plankton, xərçəngkimilər və kiçik balıqları süzməyə imkan verir.

 

Onun ümumi adı Cetorhinus - yunanca κῆτος 'balina, dəniz canavarı' və ῥινός 'burun' sözlərindən, növ adı isə latın Maximus - 'böyük, nəhəng' sözlərindən əmələ gəlib.

 

Nəhəng köpəkbalığının ən diqqət çəkən xarici xüsusiyyəti - onun nəhəng ölçüsü, uzun burnu və ağzı açıq üzməsidir. Bu köpəkbalığı həqiqətən də balina köpəkbalığına bənzəyir: onlar da suyu süzərək planktonla qidalanırlar, lakin o, Balina köpəkbalığı kimi suyu öz gücü ilə aktiv şəkildə özünə çəkmir və öz gücü ilə suyu püskürtmür; Çox böyük ağzı həmişə açıq olan böyük köpəkbalığı, ağız boşluğunda yerləşən solunqacların köməyi ilə suyu süzür.

 

Bu yolla hər saatda 2000 litr dəniz suyunu süzür və xırda heyvanları ağzında toplayır.

 

Nəhəng köpəkbalığı tünd boz və ya qara olur. Bədənin yuxarı hissəsi aşağı hissədən daha tünddür. Qarın nahiyəsində ləkələri olanlar da görülüb. Onun iki arxa üzgəcləri var. Balığın qaraciyəri bütün bədən çəkisinin 25%-ni təşkil edir.

 

Nəhəng köpək balıqları bel və quyruq üzgəcləri ilə sudan çıxararaq səthə yaxın üzməyi sevirlər. Bunun üçün britaniyalılar ona “basking”, yəni “hərarəti sevən, günəşdə isinən” adı veriblər.

 

Qidalanan köpəkbalığı ağzı açıq vəziyyətdə yavaş-yavaş üzür, ağzından hər saatda 1500-2000 (bəzi mənbələrə görə 6000-ə qədər) ton su keçir. Bir neçə dəqiqədən bir köpək balığı solunqaclarını silkələyir və ovunu udmaq üçün ağzını bağlayır. Hesablamalar göstərir ki, nəhəng köpəkbalığı tərəfindən dəniz suyunun süzülmə sürəti orta hesabla saatda 2000 ton su, udulmuş planktonun miqdarı isə gündə 30,7 kq təşkil edir.

 

Nəhəng köpəkbalığı Atlantik və Sakit Okeanların sərin və isti mülayim sularında yaşayır. Əsasən dərin şelf zonalarında qışlayır. İnsanlar üçün təhlükə yaratmırlar.