Görkəmli şəxsiyyətlər

Zülfüqar Hacıbəyov

Zülfüqar Hacıbəyov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edərək istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

 

Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov XX əsrin 20-30-cu illərində özünə geniş şöhrət qazanıb.

 

Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiya dalğası Hacıbəyovlar nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından uzaq düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar.

 

Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

 

Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində əbədi olaraq qaldı.