Təbiət

Hörümçək adam kərtənkələsi - Aqama Mvanza

Aqama Mvanza - əsasən Afrika ölkələri Tanzaniya, Ruanda və Keniyada rast gəlinən kərtənkələ növüdür. Olduqca qeyri-adi rəng çalarlarına sahib olduğuna görə superqəhrəman “Hörümçək adam” ləqəbini almışdır.

 

Uzunluğu adətən 13-30 sm-dir, erkək fərdlər dişilərdən 8-13 sm daha uzun olur. Mvanzanın başı, çiyni və boyunu parlaq bənövşəyi və ya narıncı, bədəninin qalan hissəsi isə tünd göy rəngdədir. Yeri gəlmişkən, bu rəng yalnız erkək fərdlər üçün xarakterikdir. Bu növün dişiləri tünd qəhvəyi rəngə sahibdir.

 

Aqama Mvanza kərtənkələsi yarımsəhralarda yaşadığına görə, günün yüksək hərarətində qayaların, daşların arasında gizlənir. Adətən başda bir erkək başçı olmaqla kiçik qruplarda yaşayırlar. Dominant erkəyin çoxalmasına icazə verilir, digər erkəklər isə əsas erkəyi aradan qaldırmasalar və ya öz qruplarını yaratmasalar, qrupdakı dişilərlə cütləşə bilməzlər. Cütləşmə yağışlı mövsümdə baş verir.

 

Aqama mvanza həşəratlar, sürünənlər, kiçik məməlilər və bitki örtüyü ilə qidalanır.

 

Kərtənkələ - Hörümçək adam, tor atmaq iqtidarında olmasa da, şaquli səthlərə dırmaşmaqda öz super qəhrəmanından heç də geri qalmır. Amma onun hörümçək adamın edə bilməyəcəyi başqa bir hiyləsi var - rəngini dəyişə bilir. Əgər erkək qorxarsa, bir anda tünd qəhvəyi rəngə çevrilə bilər (rənglər kərtənkələnin əhvalından asılı olaraq dəyişə bilər).

 

Maraqlıdır ki, Aqama Mvanza ev heyvanı kimi də yaxşı əhilləşir.