Təbiət

Uçan ilan

Uçma qabiliyyətinə sahib olan bu sürünən Chrysopelea paradisi növündən olan ilandır. Bədən uzunluğu 1 - 1,2 metr, qalınlığı isə insan barmağı qədərdir. Əsasən Cənubi və Cənub-Şərqi Asiya ölkələrində yayılmışdır. İlan havada 100 metr məsafəni qət edə bilir! 


Uçuşdan qabaq onlar ağac budaqlarının sonuna sürünüb oradan latın J hərfini xatırladan formada sallanırlar. Uçuş üçün planlaşdırdıqları istiqaməti seçərək müvafiq tərəfə çevrilirlər. Ardından isə budaqda qalan quyruq hissəsi ilə özlərini havaya ataraq, eynən yerdə olduğu kimi, havada da lazım olan yerə istiqamət təyin edirlər. Bu üsulla uçan ilanlar havada hətta 100 metrə qədər məsafə qət etməyə qadirdirlər. İlanın, havada olduğu anda bir qrup əzələ yastılaşmağı təmin edərkən, başqa bir qrup əzələsi havadakı S şəkilli dalğalanma hərəkətinə nəzarət edir. Bu iki əzələ qrupunun uyğun şəkildə sıxılması ilan üçün həyati əhəmiyyət daşıyır. Bu əzələlərin sıxılmasını təmin edən faktor isə sinir hüceyrələrindən gələn siqnallardır. 


Uçuş müddətində ilanların dairəvi bədəni inanılmaz dərəcədə düz olur. Uçan ilan havada qabırğalarını düz tutur və qarnını içəriyə doğru çəkir. Beləcə bədəninin altında çökük səth yaradır. Bu transformasiya onun bədənini tam aerodinamik formaya çevirir.


Uçan ilan yaxın qohum olan Chrysopelea ornata növündən daha kiçik ölçüdə olması və zəif inkişaf etmiş bel pullarına görə fərqlənir. Bundan əlavə, uçan ilan Chrysopelea paradisinin pulları rəngli çalarlarla örtülüdür. Bədənin yan tərəflərindəki pullar - yaşıl, qara haşiyə ilə əhatə olunmuşdur, onurğa boyunca isəyaşıl, parlaq sarı və narıncı çalarlar ilə əvəz olunur. Başındakı narıncı ləkələr xüsusilə böyükdür, onlar qara zolaqlarla növbələşərək gözəl bir bəzək yaradır. Bununla belə, bütün fərdlər eyni dərəcədə parlaq rəngdə deyil, qırmızı və narıncı ləkələri olmayan tamamilə yaşıl ilanlar da var. Qarın nahiyəsi - açıq sarıdır. Başı və gözləri böyükdür.


Yaşayış arealı


Uçan ilanlar Cənubi və Cənub-Şərqi Asiya ölkələrində yayılıb. Ömürlərinin çoxu ağaclarda keçir. Onlar budaqlar boyunca məharətlə hərəkət edir, həmçinin asanlıqla bir ağacdan digərinə hoppanırlar. Əsasən tropik meşələrdə yaşayır, lakin insanların məskunlaşdığı ərazilərdə də rast gəlinir.


Həyat tərzi


Bu sürünənlərin nə qədər tez-tez və nə üçün “uçuş” etdiyi dəqiq bilinmir. Çox güman ki, ağaclar arasındakı məsafələri tez aradan qaldırmaq və ya yırtıcılardan qaçmaq üçün bunu edirlər. Uçmazdan əvvəl uçan ilan bir budağın kənarından asılır və sonra quyruğunun bir hissəsi ilə itələyərək, yerlə sürünürmüş kimi qıvrılmağa davam edərək havada lazımi yerə uçuş edir. Alimlərin fikrincə, uçan ilanlar texniki cəhətdən bəzi heyvanlardan, məsələn, uçan dələlərdən daha yaxşı uçuş həyata keçirirlər.


Qida rasionu


Kiçik kərtənkələlər və digər ağac heyvanları ilə qidalanır.


Artması


Yumurta qoyur. Dişi ilan 6-12-yə qədər uzunvari yumurta qoyur. Yeni doğulmuşların ölçüləri 114-152 mm-dir.


Öyrənilməsi


İlanın səmada süzmə qabiliyyəti son illərdə fiziklərin və ABŞ Müdafiə Nazirliyinin marağına səbəb olmuşdur. Hazırda ilanların uçmasına daha hansı incə amillərin kömək etdiyi ilə bağlı araşdırmalar davam edir. Çikaqo Universitetinin son araşdırmasına görə, elm adamları kiçik uçan ilanların uzun məsafələri üfüqi şəkildə sürüşə bildiyi ölçü ilə sürüşmə qabiliyyəti arasında mənfi əlaqə tapmağa müvəffəq olublar. Virginiya Texnoloji institutunun professoru Ceyk Soçinin araşdırmasına görə, bu ilanlar öz bədən formalarını dəyişə, aerodinamik qüvvələr yaradaraq havada uça bilirlər. Alimlər ümid edirlər ki, bu tədqiqat havada bir yerdən digər yerə uça bilən robotların yaradılmasına gətirib çıxaracaq.


Zəhəri


Növ orta dərəcədə zəhərli sayılır, bir neçə tibbi təsdiqlənmiş zəhərlənmə halları var. Chrysopelea növləri insanlar üçün zəhərli hesab edilən ilanların siyahısına daxil edilmir.