Bu maraqlıdır!

Devid Livinqstonun «Afrika» kəşfləri

Kasıb bir ailədə anadan olan şotland əsilli missioner, həkim və coğrafi tədqiqatçı Devid Livinqston (1813-1873) - ömrünün son günlərinə qədər sevdiyi işlə məşğul olmuş, Afrika qitəsinin yorulmaz və cəsarətli kəşfiyyatçısı kimi adını tarixə yazdırmağı bacamışdır.

 

Livinqston, 1840-cı ildən Cənubi və Mərkəzi Afrikada bir sıra uzun səyahətlər etmişdir. O, Kalaxari səhrasını, Kubanqo və Zambezi çaylarının hövzələrini, Nyasa gölünü öyrənmiş, habelə Viktoriya şəlaləsini, Nqami, Şirva və Banqveulu göllərini, Lualaba çayını kəşf etmişdir. Q. Stenli ilə birlikdə Tanqanika gölünü tədqiq etmişdir. Afrikada Livinqstonun şərəfinə adlandırılan şəhərlər, şəlalələr, hətta dağlar belə var.

 

Afrikanın gələcək fəthçisi, 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında iflasa uğramış fermer ailəsində anadan olmuşdur. Ağır həyat tərzi Livinqstonu 10 yaşından işləməyə məcbur edir. İşdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840-cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur.

 

1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir. Yol müxtəlif zənci qəbilələrinin ərazisindən keçdiyinə görə Livinqston əmlakını keçid haqqı kimi ödəməklə Konqo və Zambezi çaylarının suayrıcısını arxada qoyur, materikin cənub hissələrinin çaylarının xəritə üzərinə keçirir. O, Mərkəzi Afrikaya dönərək şərqə hərəkət etməklə Hind okeanına çıxmağı qərara alır. 1855-ci ildə Zambezi çayının axını istiqamətində hərəkət etməklə eni 1 km, hündürlüyü 100 m olan şəlalə aşkar edir. Zəncilərin "Səsli tüstü" adlandırdığı bu şəlaləni Livinqston İngiltərə şahzadəsinin şərəfinə Viktoriya adlandırır. Ekspedisiyanı şərqə doğru davam etdirməklə nəhayət səyyah Hind okeanı sahillərinə çıxmağa müvəffəq olur.

 

16 illik tədqiqatdan sonra İngiltərəyə qayıdan Livinqston Şərqi və Mərkəzi Afrikanı tədqiq etmək üçün 1858-ci ildə təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi geri qayıdır və Zambeziyə konsul təyin olunur. Bu ekspedisiya dövründə Nyasa və Şirva göllərini aşkar edir. Afrikada o, ingilislərin törətdikləri vəhşilikləri, yerdl xalqa qarşı amansız olmalarını görərək onların bu hərəkətini pisləyir.

 

1864-cü ildə vətəninə qayıdan Livinqston yenidən Afrikaya ekspedisiyaya hazırlaşaraq qısa müddətdən sonra geri qayıdır. Əsas məqsəd Nil çayının mənbəyini müəyyən etmək idi. Bu məqsədlə o, yenidən Nyasa gölünə gəlir, Tanqanika gölünü tədqiq edir və Banqveulu gölünü aşkar edir. Daha sonra "Nyu-York Herald" qəzeti tərəfindən təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi Henri Stenli ilə birlikdə Tanqanika gölündə və onun ətrafında tədqiqatı davam etdirir. Livinqston son ekspedisiyasını 1872-ci ildə Banqveulu gölünün tədqiqinə həsr edir.

 

1873-cü ildə Livinqston tədqiq etdiyi Banqveulu gölünün sahilində vəfat edir. Livinqstona qədər heç bir səyyah bu qədər kəşf etməmiş və hərtərəfli tədqiqat aparmamışdır. O, xeyirxah bir səyyah və tədqiqatçı kimi coğrafiya tarixində, həmçinin Afrika xalqlarının qəlbində geniş yer tapıb. Livinqston Afrikada "insan ovu"nun əleyhinə çıxmaqla, ona qarşı təkbaşına mübarizə aparmış, qara dərili Afrikalıların qara günlərini ağartmaqda aciz olan məşhur ingilis səyyahı olmuşdur. Afrikada qazandığı hörmətə cavab olaraq yerli xalq tərəfindən meyidi balzamlaşdırılaraq doqquz ay ərzində 1600 km keçməklə Zanzibar limanına gətirilərək elmi-tədqiqat işləri ilə birlikdə İngiltərəyə göndərilmişdir.