Şeirlər

Sevinc Nuruqızı. Elə payız gələni

Payız gəlib, günəşdən

Borc alıb sarı donu

Küləklər gətiriblər

Qolları üstə onu.

 

Yarpaqlardan rəngbərəng

Çələngi var başında.

Dəcəlliyindən qalmır

O hələ bu yaşında.

 

Almalardan boynunda

Yaqut boyunbağı var.

Atını oynatdığı

Bağçası var, bağı var.

 

Qızıl sapla işlənib

Yaylığının yeləni.

Əl-ayaq çəkilibdir

Elə payız gələni.