Mədəni irsimiz

Müasir İncəsənət Muzeyi

Bakıda Müasir İncəsənət Muzeyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır.

 

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. İncəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.


Azərbaycan təsviri incəsənətini "xalqın yaddaşı" kimi qiymətləndirmək olar. Burada həmçinin Səttae Bəhlulzadə, Tahir Salaxov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Müasir incəsənət muzeyi müasir dövrün son 70 ilin azərbaycan rəssam və heykəltaraşlarının 1000 dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır. Ekspozisiyaların bir hissəsi sovetlər dövründə formalaşan və milli rəssamlıq sənətinin tamamilə başqa bir cərəyanına aid olan "naməlum" təbəqəni özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Mircavad Cavadın, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanan unikal əsərləridir. Ekspozisiyada bu rəssamların işlərinin saxlanması tarixi ədalətin təcəssümüdür.


 
Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur. Azərbaycan avanqardı parlaq və yaşamağa qabil bir olaydır. Bütün dünyanın avanqardçı rəssamları kimi, Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumuna nüfuz edir, məkan və əhatənin enerjisini duyaraq, sirli və yeni olanları öz fəhmilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özünəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Bu, daim təsvirin zahiri formalarının arxasında gizlənən, incəliklərinə qədər duyulan dünya harmoniyasıdır. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş edilir və onlar Rasim Babayev, Mir Nadir Zeynalov, Ağa Üseynov, Əşrəf Murad, Gennadi Brejatyuk, Əli İbadullayev, Məmməd Mustafayev, Fazil Nəcəfov, Fuad Salayev, Fərhad Xəlilov, Darvin Vəlibəyov, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Müseib Əmirov, Mahmud Rüstəmov, Hüseyn Haqverdiyev, Eliyar Əlimirzəyev, Rəşad Babayev, Altay Sadıx-zadə və bir çox başqa rəssamlarla təmsil olunmuşdur.


 
Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və əkspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. İki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “Unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.