Cizgi filmləri

"Nu, poqodi" cizgi filmi

Bir zamanlar kiçikdən böyüyə hər kəsin sevə-sevə seyr etdiyi cizgi film "Nu, poqodi!" bu günün özündə də unudulmayan əfsanədir. Sovet multiplikasiysıanın ən gözəl əsəri "Nu, poqodi!" 1968-cil ildə ekranlara çıxdı. "Balacaları incitmə, yoxsa özün gülünc vəziyyətə düşərsən!" şüarı ilə ekranlara çıxan əsərin ideyası rejissor Vyaçeslav Kotenoçkiyə məxsusdur. O, satirik yazıçı Arkadi Xayt və Aleksandr Kurlyandski ilə düşüncələrini bölüşdü və qısa müddətdən sonra "Nu, poqodi"nin ssenarisi artıq hazır idi.


Cizgi filminin baş rəssamı Svetozar Rusakov oldu. Canavarın qeyri-adi, məzəli yerişini isə rəssam Viktor Lixaçov hazırlayırdı, bəzi səhnələrdə isə rəssam Vladimir Krumin işləyirdi.

 

Əvvəlcə əsəri uzatmaq istəmir, bir seriya ilə kifayətlənməyi düşünürdülər. Lakin cizgi filminin nümayişindən sonra müəlliflərə davamı ilə bağlı çoxlu məktublar gəlməyə başladı. Rejissor yeni bölümlərinin çəkilişini dayandırmaq istəsə də, hər dəfə tamaşaçıların təzyiqi ilə rastlaşırdı. O dövrdə sevilməsinə baxmayaraq, film barədə müxtəlif tənqidlər də gəlirdi. Canavarın siqaret çəkməsi, küçədə tüpürməsi uşaqlara hansı tərbiyəni verdiyi barədə geniş müzakirələr olurdu.


Canavarı səsləndirən Vladimir Vısoçskinin səsi bəyənilmədi. Səbəb isə hədsiz dərəcədə çirkin obraz yaratması idi. Sonra Anatoli Papanov obrazı yaratdı və gözəl səsləndirməyə görə zaraftla "SSRİ-nin əməkdar Canavarı" adlandırıldı. Dovşanın rolunu isə Klara Rumyanova səsləndirirdi.

 

16-cı bölümün çəkilişindən sonra Papanov vəfat etdi. Bundan sonra rejissor filmin çəkilişini tamamən dayandırmaq qərarına gəldi. Ancaq studiyada Papanovun səsələndirdiyi lətifələr qalırdı, bu səslərdən istifadə edərək 17 və 18-ci bölümlərin çəkilişinə start verildi. 1988-ci ildə "Canavar və Dovşan" Kotenoçkinə SSRİ Dövlət Mükafatını gətirdi. Bu obrazlar adının Memuarlar Kitabına "Nu, Kotenoçkin, poqodi" kimi düşməsinə səbəb oldu. 18-ci bölümün hazırlanması isə uzun çəkdi və yalnız 1992-ci ildə ekranlara çıxa bildi.

 

Onu da bildirək ki, bu cizgi filminin seriyalarının birində Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı da səslənib.


2000-ci ildə filmin əvəzsiz rejissoru,100-dən artıq cizgi film yaradıcısı 73 yaşlı Kotenoçkin vəfat etdi. Üstəlik Papanov və Rumyanova da həyatdan köçmüşdülər. Hamı cizgi filminin bir daha ekranlara gəlməyəcəyini düşündü. Amma belə olmadı, bir sıra şirkətlər onların təsvirlərindən brend kimi istifadə etməyə başladılar. "Nu, poqodi" filminin müəllif hüquqlarını "Aqrotorq" şirkəti aldı. Bu şirkətin "Pyateroçka" mağazalar şəbəkəsi müəllifərin varislərindən onun hüquqlarını satın aldı və çəkilişlərin davam etdirilməsi məqsədilə "Kristmas films" adlı studiyaya yenidən sifariş verdi. 19 və 20-ci bölümlərin rejissoru Vyaçeslav Kotenoçkinin oğlu Aleksey oldu. Atası bu cizgi filmini hazırlayarkən, o hələ 10 yaşnda idi. Yeni filmin ssenari müəllifi isə köhnə mətnin ssenaristi Aleksandr Kurlyandski oldu. Canavarı parodiyaçı satirik İqor Xristenko, dovşanı isə Olqa Zvereva səsləndirdi. Məhz bu bölümlər Minskdə "Xəzan" adlı 8-ci beynəlxalq uşaq və gənclər kino festivalında mükafat aldı.

 

Bir müddət sona rejissor Aleksey Kotenoçkin KİV-ə verdiyi müsahibələrində elan etdi ki, bir daha heç vaxt "Nu, poqodi!" cizgi filminin qəhrəmanları ekranlara çıxmayacaq. Hazırlanan bölümlərin əvvəlki effektləri vermədiyini və mövzuların da müasir düşüncəylə səsləşmədiyini bildirdi. Formanın dəyişməyi isə ancaq gülünc vəziyyət yarada bilər. Çünki tamaşaçı dovşan və canavarı bu cür sevmişdi…