Bu maraqlıdır!

Qədim Misir məbədində “Kərkəs” və “İlan” ilahələrinin təsvirləri olan rəngli tavan freskaları aşkar edilib

Alman və Misirli tədqiqatçılar, Yuxarı Misirdə, Nil çayının qərb sahilində yerləşən İsna şəhərindəki “Xnum” məbədində bir sıra parlaq tavan freskalarını aşkar ediblər.


Tübingen Universitetinin alman misirşünası Kristian Leytzin sözlərinə görə “Tavanın mərkəzi hissəsində, Yuxarı Misirin kərkəs ilahəsi “Nexbet” və Aşağı Misir kobra ilahəsi “Uacet” də daxil olmaqla, cəmi 46 rəsm təsvir olunub. Kərkəsbaşı ilə təsvir olunan “Nexbet” - başında Yuxarı Misirin ağ tacı, Uacet isə - kobra ilə sarılmış Aşağı Misir tacı ilə müəyyən edilə bilər”.


Tübingen Universitetinin Yaxın Şərq Tədqiqatları İnstitutunun və Misir Turizm Nazirliyinə bağlı Tarixi Əsərlər Ali Şurasının tədqiqatçıları, professor Hişam əl-Leytinin rəhbərliyi altında, 2018-ci ildən bəri məbəddəki barelyeflər, təsvir və yazıları təmizləmək üçün işlər görür, nəticədə qədim təsvirlər getdikcə orijinal rənglərini əldə edirlər.


"Qədimdən tanrıların məbədləri və qədim təsvirləri parlaq rənglərlə boyanırdı, lakin zaman keçdikcə xarici təsirlər nəticəsində onlar ya solmuş, ya da tamamilə yox olmuşdur. İsnadakı Xnum məbədi bu mənada şanslı olub: oradakı təsvirlər 2000 ildən çox vaxt ərzində toz və çirk təbəqəsi ilə örtülmüşdür bu da, öz növbəsində, onların bu günümüzə kimi sağ qalmasına kömək olmuşdur", Kristian Leytz bildirib.


Tavanların yarıdan çoxu və 18 sütunun səkkizi hazırda Əhməd Emamın rəhbərlik etdiyi qrup tərəfindən təmizlənib, qorunub saxlanılıb və sənədləşdirilib. 


Xnum məbədinin tikintisinə Ptolemey dövründə başlanılıb, lakin qalan hissələrinin əksəriyyəti Roma dövrünə, ehtimal ki, İmperator Klavdiyin (41-54 CE) dövrünə aiddir. Məbəd Napoleon dövründə arxeoloqların marağını cəlb etməyə başlamış, lakin onun daha ətraflı tədqiqinə ciddi şəkildə keçən əsrin ikinci yarısında başlanılmışdır.


Bütün bərpa işləri Misirdəki Amerika Araşdırma Mərkəzi, Qədim Misir Fondu və Gerda Henkel Fondu tərəfindən maliyyələşdirilib. Komanda indi bütün İsna yazılarını tərcümə etməyi, o cümlədən məbəddəki bütün təsvirlərlə yazılar arasındakı əlaqəni öyrənməyi planlaşdırır. Bu qarşıdan gələn iş Alman tədqiqat fondu tərəfindən maliyyələşdirilib.


Məbəd, ən qədim Misir tanrılarından birinə, Nil çayı mənbəyinin tanrısı hesab edilən qoç başlı tanrı Xnuma həsr edilib. Qədim Misirdə, Xnum və arvadı Neyt yaradan tanrılar olaraq qəbul edilirdi.


Xnum tanrısının atası Nun, qızı isə Anuket olmuşdur. Onun arvadları isə Menhit, Satis, Neyt, Nebtui idilər. Misir mifologiyasında, Babildə olduğu kimi, KA anlayışı olmuşdur. Buruda KA hər bir insanın mənəvi əkizidir. Ümumiyyətlə, insanların və heyvanların yaradılışı bu şəkildə təsəvvür edilirdi: “Xnum dulusçu çarxında uşağı yaradır və ananın bətninə salır. O hətta tanrıları da belə yaratmışdır”.