Bu maraqlıdır!

Barselonanın heyrətamiz memarlıq abidəsi-Sagrada Familia

Barselona şəhərinin mərkəzində yerləşən, memarlıq abidəsinin incisi sayılan «Müqəddəs Ailə kilsəsi»nin (Temple Expiatori de la Sagrada Família) tikintisinə memar Antonio Qaudi 43 il sərf edib. Təəssüf ki, Antonio 1926-cı ildə faciəli şəkildə həlak olub və  illərdir üzərində çalışdığı sənət əsərini bitirə bilməyib. Eskizlərin əksəriyyətinin İkinci İspaniya Vətəndaş Müharibəsi zamanı məhv olmasına baxmayaraq Qaudinin ölümündən sonra onun tərəfdarları memarın işini davam etdiriblər. 

 

Kilsə bu gün də tamamlanmaqda davam edir. İşlərin tamamlanması 2026-cı il üçün planlaşdırılır. 


Müqəddəs Ailə kilsəsi təkcə görünüşünün möhtəşəmliyi ilə deyil, həm də yaranma tarixi ilə təəccübləndirir. Kilsənin tikinti ideyası dini təşkilatın prezidenti və tanınmış kitab naşiri Cozef Mariya Bokabellaya məxsusdur. 


Kilsə, özünəməxsus memarlıq üslubuna malik olan memar Antoni Qaudinin əsas əsərlərindən biridir. Məbədi onun həyatının işi və yaradılıcılığın tacı adlandırmaq olar. Onun dizaynı və tikintisi 43 il davam edib. Qaudi dərin dindar bir insan idi və inanırdı ki, kilsə öz görünüşündə Əhdi-Cədidi (həmçinin İncil kitabı deyirlər) təcəssüm etdirməlidir.


Bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranıb. Yeddi il sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınıb, 1882-ci ildə isə məbədin inşasına başlanılıb. İlk layihəçi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlayıb. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir.


1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşıb, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik edib. Fransisko ilkin olaraq kilsəni neo-qotik üslubda inşa etmək istəsə də, Qaudi öz yolu ilə getdi. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlir. Qaudinin fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimləri ilə bağlı rəmzləri xatırlatmalı idi. Dörd qüllə ilə taclanmış hər üç fasad eyni stilistik dizayna malik olmalı idi.

Ümumilikdə, son layihəyə əsasən, kilsənin on səkkiz qülləsi olmalıdır. Bu qüllələrin on ikisi həvarilərə həsr edilib. Hündürlükləri 110 metrədək olacaq. Qalan dörd 120 metrlik qüllə İncil müəlliflərinə həsr edilib. Onlar Həzrət İsanın adını daşıyan ən hündür və ondan bir qədər alçaq olan Həzrət Məryəm qülləsinin ətrafında ucalıb. İncil müəlliflərinin qüllələri, onların simvolları olan heykəllərlə (Matvey-mələk, Luka-buzov, Mark-şir, Yəhya-qartal) bəzədiləcək. Həzrət İsanın qülləsi nəhəng xaçla tamamlanacaq. Memar Qaudinin planına əsasən, kilsə Barselona yaxınlarındakı Monjuik dağından alçaqda olmalıdır. Digər qüllələr isə Yevxaristiyanın simvolu sayılan sünbül və üzüm tənəyinin heykəlləri ilə bəzədiləcək.


Qaudi fasadların hər birinə bir ad verdi: "Mövlud", "Məsihin ehtirası", "Diriliş" və Məsihin həyatının müəyyən bir hissəsinə həsr olunmuş fasadlar. Qaudinin sağlığında inşa edilmiş Mövlud fasadı Xristianlığın üç əsasını: iman, ümid və mərhəməti xatırladan üç portaldan ibarətdir.


1892-ci ildə Qaudi Mövlud fasadı üzərində işə başlayıb. 1910-cu ildə gələcəkdə inşa olunacaq mərkəzi fasadın yerində müvəqqəti kilsə məktəbinin binası tikilib. Bu tikili nadir konstruksiyaya malikdir. 1911-ci ildə memar İsa peyğəmbərin edamından bəhs edən fasadın planını hazırlayıb. Lakin onun tikintisinə yalnız Qaudinin ölümündən sonra başlanılıb. 1925-ci ildə isə 100 metrlik zəng qülləsi inşa edilib. Bu, dahi memarın yaşadığı müddətdə inşa edilən yeganə zəng qülləsi olub. İnteryerin ən əsas detallarından biri uca sütunlardır. Onlar qübbənin əsas ağırlığını özündə daşıyır. Qaudinin memarlıq yeniliklərindən biri də həmin sütunların qübbəyə yaxınlaşdıqca "parçalanması" olub. Bu novator düşüncə qübbənin ağırlığını daşımaq zərurətindən doğub. Bundan başqa, məbədin daxilində xeyli sayda rəngbərəng şüşələrdən hazırlanmış vitrajlar da mövcuddur.


Qaudinin ölümündən sonra inşaata onun tələbəsi Domenek Suqranes rəhbərlik edib. O, üç yeni zəng qülləsi tikib, habelə bir sıra yeni layihələr də tərtib edib. Məbədin inşasına İspaniyada baş verən vətəndaş müharibəsi maneçilik törədib. Müharibə zamanı şəhərdə yanğın baş verib nəticədə, məbədin planlarının əksəriyyəti məhv olub.


Məbədin tikintisi XX əsr boyu davam edib, bu dövrdə bir sıra tikililər başa çatdırılıb, o cümlədən Məsihin edamına həsr edilən fasadın inşası sona yetib. Planlara əsasən, yaxın illərdə iki qüllə inşa edilməli, 170 metr hündürlüyündəki qüllələrdən birinin üzərinə nəhəng xaç yerləşdirilməlidir. Bunlardan əlavə, daha dörd qüllə də ucaldılacaq. 


Layihəyə əsasən, məbədin inşası 2026-ci ildə tamamilə başa çatdırılacaq.