Bu maraqlıdır!

Dinozavr Əyalət Parkı

Kanadanın Alberta əyalətinin cənub-şərqində yerləşən Dinozavr Parkı (Dinosaur Provincial Park) - dünyanın ən zəngin dinozavr qalıqlarına ev sahibliyi edən Əyalət Parkıdır. 


Təxminən 75 kvadrat kilometr ərazini əhatə edən park çox sayda dinozavr qalıqları (skeletləri) ilə məşhurdur; burada Son Təbaşir Dövrünə aid, 75 milyon il bundan əvvəl yaşamış təxminən 35 növə aid 500 dinozavrın qalıqları aşkar edilib. 


Dinozavr Əyalət Parkı, 27 iyun 1955-ci ildə Alberta Turizm, Parklar və İstirahət departamentinin 50 illik yubileyini qeyd etmək məqsədilə yaradılıb. Park,  26 oktyabr 1979-cu ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.


1985-ci ilədək park ərazisindən tapılan qalıqlar Torontoda Ontario Kral Muzeyi, Ottavada Kanada Təbiət Tarixi Muzeyi və Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyi kimi dünyanın müxtəlif yerlərindəki muzeylərə göndərilib. Lakin, 1985-ci ildən sonrakı tapıntılar Alberta ərazisində tikilmiş Kral Tirrell Paleontoloji Muzeyinə göndərilməyə başlanılıb. Burada toplanmış dinozavr  kolleksiyası bu gün dünyanın ən böyüyü hesab olunur.


Dinozavr Parkının fantastik mənzərəsi milyonlarla ildir ki, geoloji cəhətdən sabit qalıb: park ərazisində heç bir zəlzələ və daşqın olmayıb. Məhz bunun sayəsində dinozavrların, eləcə də digər heyvanların qalıqları Mezozoy dövründən bu günə qədər yaxşı qorunub saxlanılıb. 


Bu günə kimi parkda milyonlarla il əvvəl mövcud olmuş heyvanların qalıqlarının axtarışı üçün yeni yerlər qazılır. Təkcə mütəxəssislər deyil, paleontologiya aləmində yeni kəşfin bir hissəsi olmaq istəyən turistlər belə çalışırlar. 


Hazırda park ərazisində - ağquyruq və qaraquyruq maral, Amerika haçabuynuzu, koyyot, qırmızı vaşaq və 150-dən çox quş növü yaşayır.


Dinozavr Parkının tarixi


1909-cu ildə bu torpaqların o zamankı sahibi Con Vaqner Amerika Təbiət Tarixi Muzeyinə bildirdirib ki, onun fermasında dinozavr sümükləri ola bilər. Təxminən 1 il sonra paleontoloq Braun Barnum bu əraziləri öyrənməyə başlayıb. Tədqiqatçı, digər elm adamları ilə birlikdə buradakı qayaları, çuxurları öyrənib və getdikcə daha çox daşlaşmış heyvan qalıqları ilə qarşılaşıb. İlk tapılan dinozavr qalıqları - Centrosaurus, Struthiomimus, Prosaurolophus, Gorgosaurus və Corythosaurus-a aid olub.


Braun Barnum karyerası zamanı Tirannozavrın (Tyrannosaurus) ilk sənədləşdirilmiş qalıqlarını kəşf edib, bu da onu Viktoriya dövründən XX əsrin əvvəllərinə qədər işləyən ən məşhur paleontoloqa çevirib.