Şeirlər

Məmməd Araz. Göygöl

Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl.
Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.

 


Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyrantək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göygöl.

 


Döşünü qayıqlar düymətək bəzər,
Dedim, bu görkəmlə Xəzərə bənzər,
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl.

 

 

 

Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd-sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl...