Görkəmli şəxsiyyətlər

Toğrul Bağırov

Azərbaycanlı alim, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti Toğrul Bağırov 1954-cü il mayın 6-da Bakıda anadan olub.

 

1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib.

 

1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.

 

1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz kompaniyalarının (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse-prezidenti olub.

 

1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisi olub.

 

T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib.

 

Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü idi.

 

2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının Qəyyumluq Şurası sədrinin müavini seçilmişdi.

 

O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk opera və balet teatrının müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər irsi fondunun təsisçisi olub.

 

T.Bağırov elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyası ilə də tanınıb.

 

2003-cü ildə T.Bağırov Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyət ilə birgə Bakı Nobel İrsi Fondu (BNİF) yaradıb. Stokholmdakı Nobel Fondunda qeydiyyatdan keçmiş BNİF maarifçiliklə məşğuldur, texnologiya innovasiyaları, elm, mədəniyyət və təhsil sahəsində Nobel layihələri reallaşdırır.

 

Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə Toğrul Bağırov İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub.

 

Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri zamanı isə Fransa səfirinin iqamətgahında Toğrul Bağırovun "Fəxri legion" ordeni ilə təltif olunması mərasimi keçirilib. O bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb.

 

“Mənim üçün ən önəmli olan mənim Vətənim, köklərim və ailəmdir” deyən T.Bağırov doğulduğu Azərbaycanla daim sıx bağlı olub, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində daim çalışıb.

 

Bakı Nobel İrsi Fondunun sədri olmuş Toğrul Bağırovun Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsində böyük xidmətləri olmuşdur. Toğrul Bağırova bu fəaliyyətinə görə 2010-cu il dekabrın 17-də Stokholmda İsveç kralı XVI Karl Qustavin əmri ilə "Qütb ulduzu" ordeni təqdim edilib.

 

Toğrul Bağırov "Qütb ulduzu" ordenini alan ilk azərbaycanlıdır. Eyni gündə "Villa Petrolea"-da Lyudviq Nobelin nəticəsi Filip Nobel tərəfindən "Nobel International Fraternity Fund" fondunun əsasını qoymuşdur. Fond İsveçdən olan hüquq ekspertlərinin rəhbərliyi ilə Azərbaycanda və Xəzər regionunda elmin inkişafı məqsədilə yaradılıb.

 

Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov 65 yaşında dünyasını dəyişib.