Görkəmli şəxsiyyətlər

Anatoli Banişevski

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda ukraynalı ailədə anadan olub.

 

Anatoli Banişevski uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. 16 yaşında “Neftyanik”ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız “Neftçi” klubunda çıxış edib. “Neftçi”nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində oynadığı 212 matçda 81 qol vurub. Birinci liqada isə 76 qarşılaşmada 40 qol vurub. Anatoli Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ yığma komandasına cəlb edilib. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və Yunanıstan yığma komandası ilə keçirilən oyunda 3 qol vuraraq “het-trikə” imza atıb.

 

Anatoli Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 51 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu “Neftçi” olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş Anatoli Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılıb. O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.

 

Uzun sürən xəstəlikdən sonra Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.