Şeirlər

Gəray Göyyurd. Mübarizi olan millət

Yurdu sevər məhəbbətlə,
Yaşayar daim qeyrətlə.
Barışmaz bu müsibətlə
Mübarizi olan millət!

 

Vətən olar eşqi, andı,
Əqidəsi qana qandı!
Sönməyən yatmış vulkandı
Mübarizi olan millət!

 

Ucalar, enməz bayrağı,
Pozulmaz heç vaxt novrağı.
Qaytaracaq Qarabağı
Mübarizi olan millət!

 

Əsgəri ər oğlu ərdi,
Döyüşlərdə qızmış nərdi.
İnan mənə bəxtəvərdi
Mübarizi olan millət!

 

Hər bir oğlu bir qəhrəman,
Yağılara verməz aman.
Yaşayacaq zaman-zaman
Mübarizi olan millət!