Şeirlər

Gülzar İbrahimova. Mən görməmiş deyiləm

“Yeni il gəlir” deyib

Bir böyük məktub yazdım.

Onu poçta aparıb,

Qar babaya yolladım.

 

 

Yazdım ki, “Şaxta baba,

Həsrət qalmışıq qara.

Tez gəl, bizə qar gətir,

Qarlı havalar gətir.

 

 

 

Xizəkləri götürək,

Təpələrdən sürüşək.

Bərkdən qışqıraq, “Uraaa”,

"Xoş gəldin!", deyək qara.

 

 

Sonra yazdım gələndə

 Mənə bir kukla gətir.

Kuklam danışa bilsin,

Mənə sirrini desin.

 

 

Bir də yazdım ki, mənə

Bir səsli kitab alsın.

Mən oxuya bilmirəm,

Kitab nağıl danışsın.

 

 

Bir hava şarı alsın,

Şar şişib göyə qalxsın,

Qaldırsın məni göyə

Dünyanı görüm deyə.

 

 

Bir Qar qızı gətirsin

Bir də ki, özü gəlsin,

Mən görməmiş deyiləm

Ondan çox şey istəyəm!