Təbiət

Böyük hind dovdağı

Böyük hind dovdağı-Hindistan və ona bitişik olan Pakistanın bölgələrində rast gəlinən quş növüdür. Böyük və güclü ayaqlara sahib olan bu quş- ən ağırçəkili uçan quşlardan biri hesab olunur. Hündürlüyü 110 sm-ə, çəkisi 19 kq-a çatır ki, bu da onu Yer üzündəki ən ağırçəkili uçan quşlardan biri edir! 


Bir vaxtlar Hindistan yarımadasının quraq düzənliklərində yayılmış quş, 2011-ci ildə ovlanma və yaşayış yerlərinin itirilməsi səbəbindən kəskin şəkildə azalmağa başladı. Hazırda bu quş növü Hindistanın 1972-ci ildə imzalanmış “vəhşi təbiəti mühafizə aktı” ilə qorunmaqdadır.


Böyük hind dovdağı Dovdaq fəsiləsinin digər nümayəndələrindən-başındakı “papağa” bənzər, uzunluğu 5 sm-ə çatan, qara tacı ilə seçilir. Erkək fərd dişidən nəzərəçarpacaq dərəcədə iridir. Qanadları və bel nahiyəsi-tünd qəhvəyi; baş, boyun və qarın hissəsiləri-açıq bozumtul rəngdədir. Erkəklərin döş hissəsində qara zolaqlar var.


Böyük hind dovdağı bütün quşlar kimi açıq yer, tarla və çöllərdə yaşayır. Güclü ayaqlarının köməyi ilə dovdaqlar çox gözəl qaçır, bununla belə uçmağı da çox gözəl bacarırlar.


Qida rasionunu müxtəlif xırda heyvanlar: çəyirtkə, ilbiz, kiçik ilan, qırxayaq, kərtənkələ, böcək, tor hörümçəklər təşkil edir. Bundan başqa, dovdaq siçanları da ovlayaraq yerli fermerlərə xidmət edir. O, həmçinin bitkilərlə də qidalanır. Quş adətən səhər tezdən və ya axşam çağı qidalanır, gündüz isə dincəlir.


Adətən hind dovdağı iyundan oktyabr ayına qədər yumurta qoyur, bəzən bu ilin digər vaxtlarında baş verir. Yumurtası uzunsovdur, qəhvəyi ləkələrlə örtülüdür. 20-28 gündən sonra yumurtadan dərhal yeriyə bilən cücələr çıxır. Təhlükə baş verdikdə, dişi yuvada sona qədər oturur, sonra gözlənilmədən qanadlarını çırparaq düşməni qarşılamaq üçün atlanır. Yuvada cücə varsa, o zaman fısıldamağa başlayır və ya səssizcə yerini dəyişir. Bəzən dişi özünü yaralı kimi göstərir və yerdən uçaraq düşməni yuvadan uzaqlaşdırır. Bu müddət ərzində cücələr yuvada səssizcə oturub analarının gəlməsini gözləyirlər. 


Brakonyerlik səbəbindən hind dovdağı nəsli kəsilmək ərəfəsindədir. 1970-ci illərdə Hindistanda hind dovdağını xilas etmək üçün tədbirlər görülməyə başlandı, hətta onu bu ölkənin milli simvoluna çevirmək təklif edildi. Böyük hind dovdağı IUCN Qırmızı Siyahısına görə ”Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir. Təxminən 1000 quş qalıb.