Şeirlər

Ələmdar Quluzadə. Paltar almır

Konfet istədi biri,
Konsert istədi biri.
Konfet alıb konsertə
Apardılar Tahiri,
Apardılar Mahiri.

 

Ata baxdı anaya,

Ana baxdı ataya,
Gördülər ki, düşüblər
Bilə-bilə xətaya.

 

Gözləri böyümüşdü
Sanki uşaqların da,
Qızlar konsert verirdi
Çimərlik paltarında.


Tahir dedi:
-Bilirəm
Bu qızların əynindən
Donları niyə çıxıb.
Onlar yuxudan durub
Birbaş səhnəyə çıxıb.

 

Mahir dedi:
-Görmürsən
Yadımda heç nə qalmır.
Elə pis oxuyurlar
Ataları acıqca
Onlara paltar almır.