Bu maraqlıdır!

Madaralı atlı

Madaralı Atlı-Bolqarıstanın Madara kəndi yaxınlığında qaya üzərində oyulmuş qədim atlı obrazıdır. Abidə Avropada VIII əsrə aid yeganə monumental daş relyefi hesab edilərək, 1979-cu ildə UNESCO tərəfindən ümumdünya irs siyahısına daxil edilib. 


Eramızın birinci minilliyinin nadir şahidlərindən biri hesab edilən abidə Varna şəhərindən 75 km qərbdə hündür qayalığın üzərində yerləşir. Hündürlüyü-2,6 m, eni-3,1 m-dir. 


Arxeoloji abidənin böyük hissəsi türk hakimiyyəti dövründə məhv edilib və güclü zəlzələ nəticəsində iki hissəyə bölünüb.


Madaralı Atlı, 1872-ci ildə avstriyalı tədqiqatçı və etnoqraf Feliks Filip Kanitz tərəfindən aşkar edilib. Tapıntının öyrənilməsinə çex və bolqar arxeoloqu Karel Şkorpil böyük töhfə verib. Əksər tarixçilər abidənin Bizans dövrünə, yəni VII əsrin əvvəllərinə Tervel xanın (700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı) hakimiyyəti dövrünə aid edirlər. Onların fikrincə, barelyefdə məhz “xan” təsvir olunub. Qaya üstündə yazılmış üç yazıdan biri Orta Aralıq dənizi xalqlarının dilində ən qədim yazı hesab edilir. Yazı hökmdarın göstərişi ilə burada həkk olunub; qalan iki yazı daha sonra-VIII-IX əsrlərin əvvəlləri və IX əsrdə meydana gəlib.


Qayanın üzərində “Aslanı nizələyən atlı və onun arxası ilə qaçan köpək həkk olunub. Təsvir bəzi hissələrdə qeyri-müəyyəndir, bəziləri atlının əlində qartalın və atın quyruğunun hörük olduğunu söyləyirlər.” Təsvirin üçölçülü olması həmin əsrlərin bulqar mədəniyyəti üçün xarakterik deyil, ona görə də belə bir versiya var ki, barelyefin üzərində Trakiya tanrısı həkk olunub və onun yaradılması təxminən V əsrə aiddir. 


Atlının ətrafında yunan dilində qayaya həkk olunmuş üç yazı var. Bu mətnlər qədim Bulqar dövlətində baş vermiş mühüm hadisələrdən bəhs edir. İlk yazının VIII əsrin əvvəllərinə aid edildiyi, digər ikisinin isə Krum (796-814) və Omurtaq (814-831) xanlarının dövründə qaya üzərinə həkk edildiyi güman edilir. Maraqlıdır ki, “bulqarlar” adı ilk dəfə bu qaya salnaməsində çəkilir.


Madara dağının qırışlarından daima zəvvarların müqəddəs hesab etdiyi su axır. Dağın zirvəsində IV əsrin sonlarında əsası qoyulmuş və bu torpaqların Osmanlı türkləri tərəfindən işğalına qədər, X əsrə yaxın mövcud olmuş Madara qalasının və ya “Bulqar Troyası”nın xarabalıqları qorunub saxlanılıb. Dağ silsiləsinin ətəyində Roma tikililərinin qalıqlarına belə rast gəlinir. Bütün bu tarixi və arxeoloji tapıntılar “Madar” tarixi-arxeoloji qoruğunun bir hissəsidir.


1981-ci ildə Bolqarıstan dövlətçiliyinin 1300 illiyini qeyd edərkən xatirə sikkələrindən birinin üzərində “Madaralı Atlı” zərb edilib. Bundan əlavə, Bolqarıstan Respublikasında bu ölkə ilə ikitərəfli əlaqələrin inkişafına böyük töhfə vermiş bolqarlara və xarici ölkələrin vətəndaşlarına “Madara Atlı” ordeni təqdim edilir.


Bu gün qədim relyef məşhur turistik məkana çevrilib. Bura 400 pilləli daş pilləkənlə çıxılır. Ətrafda daş dövrü insanlarının və ilk xristianların istifadə etdiyi bir neçə mağara qorunub saxlanılıb.