Bu maraqlıdır!

Fironlar vadisi

Misirin Əl-Üqsür şəhərində yerləşən “Krallar vadisi” və ya “Fironlar vadisi” (Vadi əl-Muluk) — dünya əhəmiyyətli arxeoloji ərazidir. Vadi ərazisində e.ə. 2-ci minillikdə Misiri idarə edən fironların və onlara yaxın olan əyanlardan bəzilərinin sərdabəsi var. Burada yeraltı katakombalar heyrətamiz freska və sirli yazılarla bəzədilib.

 

İçində minlərlə qiymətli artefaktın olduğu məşhur Tutanxamon sərdabəsi də məhz burada aşkar edilib. Tutanxamon sərdabəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Houard Karter tərəfindən Misirdə Krallar vadisində tapılmış qədim bir qaya sərdabəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən sərdabə, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə, Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.

 

Krallar Vadisində dəfnlər təxminən eramızdan əvvəl XVII-XI əsrlərdə həyata keçirilib-bu müddət ərzində misirlilər əsl “Ölülər Şəhəri” yaratmağı bacarmışdılar. Alimlər, Krallar Vadisini planetin ən əhəmiyyətli və görməli yerlərindən biri hesab edirlər, buna görə də ərazi 1979-cu ildə UNESCO-nun siyahısına daxil edilib.

 

Hər il dünyanın hər yerindən minlərlə turist Tunc dövrünə aid bu gözəl sənət əsərlərinə baxmaq üçün qədim nekropola axın edir!

 

Krallar Vadisinin tarixi

Qədim və Orta Krallığın fironlarının əzəmətli qəbirləri, dəfn edildikdən dərhal sonra müasirləri tərəfindən amansızcasına talan edilirdi, məhz buna görə də Yeni Krallığın monarxları məzarlarını daha sakit və qorunan yerdə tikməyə qərar verdilər. Qədim Teben şəhəri (Əl-Üqsür) yaxınlığındakı dağlar arasında səhrada uyğun dərə tapıldı və bu yer “Krallar Vadisi” adlanırdırıldı. E.ə. XVI əsrdən dərə 500 il ərzində kral nekropolu kimi istifadə edilib.

 

Vadidə ilk sərdabələr Misirşünaslar tərəfindən  XVIII əsrdə kəşf edilməyə başlandı. Krallar Vadisindəki nekropol xüsusi döyüşçü dəstəsi tərəfindən qorunsa da, quldurlar illər boyu sərdabələrə gizlicə girmək fürsəti tapmışlar.

 

Bu günə qədər arxeoloqlar Krallar Vadisində 63 sərdabə aşkar ediblər, sonuncu kəşf 2006-cı ildə edilib.

 

Maraqlı Faktlar

Vadidə ən məşhur tapıntı-Tutanxamonun sərdabəsidir, lakin məzarda aşkar edilən qiymətli xəzinələr və artefaktlar hazırda Qahirə Milli Muzeyində qorunur. Otaq çox böyük deyil, yəqin ki, fironun gənc yaşda ölməsi və məzarın tamamlanmaması ilə əlaqədardır, lakin divarlarda maraqlı qədim rəsmlər çəkilib.

 

Krallar Vadisində ən uzun sərdabə-I Setinin məzarıdır. Sərdabənin divarlarında, freskaları mükəmməl qorunub saxlanılan, dəhliz və otaqlar var.

 

Ən gözəl və bəzəkli sərdabələrdən biri-görkəmli Misir fironu III Tutmosun məzarıdır. Düzdür, girişi dərə səviyyəsindən 30 m hündürlükdə yerləşən sərdabəyə sıldırım enişdən hər kəs daxil olar bilmir.

 

Turistlər arasında ən populyarı-II Amenhotepin məzarıdır. Dəhlizlərin gözəlliyi və bəzəyi baxımından Tutmosun məzarına kifayət qədər bənzəyir.

 

Vadidə ən böyük məzarlardan biri-III Ramzesin məzarıdır. Burada unikal heroqlif rəsmlər, freskalar və relyeflər qorunub saxlanılıb.

 

Krallar vadisindəki dəfnlər-qədim Misir dünyasının əzəmətini və memarların yüksək səviyyəsini əks etdirir.

 

Krallar Vadisi təkcə Misirin deyil, bütün bəşəriyyətin tarixi anbarıdır. İndiyədək burada qazıntılar aparılır-alimlər nadir əşyalar tapır və yeni qəbirlərin axtarışını davam etdirirlər. Axı, ətrafdakı qayaların başqa hansı sirləri saxlaya biləcəyini təsəvvür etmək çətindir!