Təbiət

İndoneziyanın rəngarəng Kelimutu gölləri

İndoneziyanın Flores adasında yerləşən 1639 metr yüksəklikdəki Kelimutu vulkanı zaman-zaman rəngini dəyişən krater gölləri ilə tanınır. Müxtəlif mineralların həll olunduğu təbii su anbarları bir neçə ildən bir rəngini firuzəyi, qırmızı-qəhvəyi, yaşıl və ya qara rənglərə dəyişir. Eyni zamanda, rəng keçidləri bir-birindən asılı olmayaraq baş verir ki, bu da yerli sakinlərin yerin fövqəltəbii mənşəyinə inamını gücləndirir.

 

Onlar bu hadisəni ölmüş əcdadlarının ruhlarının göllərdə yaşaması ilə izah edirlər. Əgər göllərdə rəng dəyişirsə, bu, ruhların çox qəzəbli olması deməkdir. Rənglərin dəyişməsinin qarşıdan gələn gərgin hadisələri göstərdiyi başqa bir versiya var.

 

Kelimutu kraterinin belə bir geoloji anomaliyasının səbəbi qaz və minerallar arasında suda baş verən kimyəvi reaksiyalarla əlaqədardır. Məsələn, kükürd və xlorid turşusunun səviyyəsinin artması gölləri gözəl yaşıl rəngə çevirir, hidrogen sulfid və dəmir arasındakı reaksiya isə gölə qırmızı rəng verir.

 

Krater xassəli vulkanik göllərin öz adları belə var: Tiwi Ata Mbupu ("Qocalar gölü"), Tiwu Nua Muri Kooh Tai ("Gənc ruhlar gölü") və Tiwu Ata Polo ("Şər ruhların sehrli gölü"). Bir-birinə yaxın yerləşən hər üç gölün öz adı olduğu kimi, özünəməxsus əfsanəsi də var.

 

Kelimutu vulkanı sonuncu dəfə 1968-ci ildə püskürüb. Göllər sönmüş vulkanın kraterində əmələ gəlib. Hər bir gölün öz heyrətamiz rəngi var. Amma ən gözəli odur ki, göllər mütəmadi olaraq rənglərini firuzəyi və yaşıldan qəhvəyi və ya qara rəngə dəyişir. Gölün hansı rəngə çevriləcəyini və rəng dəyişikliyinin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. 

 

Son iki su anbarı yan-yana yerləşir, onları yalnız kraterin nazik divarı ayırır ki, bu da yerli sakinlərin inanclarına görə “şərlə yaxşılıq arasındakı incə xətti” təcəssüm etdirir.

 

Tədqiqatçıların fikrincə, mərkəzi su anbarında (rəng dəyişikliyi ən çox orada baş verir) “solfatara” prosesi baş verir (vulkan kraterinin divarlarında və dibində, habelə vulkanların yamaclarında çatlar və kanallardan ayrılan karbon qazı, hidrogen sulfid, xlor turşusu, kükürd dioksid və digər maddələrlə qarışmış kükürd qazının buxarlanması). Solfatara temperaturu adətən 100° C-dən 300° C-ə qədər dəyişir, buna görə də daim tüstü çıxaran çatlar əmələ gətirir. Səthə çıxdıqdan sonra hidrogen sulfid hava ilə reaksiya verir və sulfat turşusuna çevrilir. "Gənc ruhlar gölü" anbarında, eləcə də “Qocalar gölündə” onlara əsasən yaşıl tonlar verən sulfat və xlorid turşularının həddindən artıq yüksək konsentrasiyası var. Onların çalarları vaxtaşırı dəyişir - parlaq yaşıl, firuzəyi və tünd yaşıl, tünd mavi, tünd qırmızı, ağ və qara ola bilirlər.

 

Kelimutu vulkanının gölləri İndoneziyanın ən görməli yerlərindən biridir. Əvvəllər məşhur Kelimutu gölləri hətta 5000 rupilik əsginasın üzərində təsvir edilmişdir.

 

Kelimutu Parkı Ümumdünya İrs Konvensiyası tərəfindən qorunur. Buqələmun göllərinin mənzərələri hər il dünyanın hər yerindən minlərlə turisti cəlb edir.