Nağıllar, hekayələr

Salam Qədirzadə. Bığ

Bir bığ nə olan şeydir ki, onun üstündə başım bu qədər bəlalar çəksin!? Danışsam, həm qəşş edib güləcəksiz, həm də halıma yanacaqsız...
 
Keçən ay, hardan beynimə girdi, bilmədim, bığ qoydum.
 
- Vay!.. Vay!.. Vay!.. Ətin tökülsün, Əzim… Sənə əsla yaraşmır, - deyə bu yeniliyə birinci uşaqların anası Cəmilə bəd vurdu. – Tez qırx getsin!
 
Fikir vermədim. Sonra qayınanam bizə gəlmişdi, üzümə baxcaq sir-sifətini turşutdu:
 
- Ay Əzim, bu nə bığdır!?. Vaxsey!.. Heç özünə oxşamırsan. Sən Allah, qırx getsin…


Qulaq asmadım. Mən hər deyilənə əməl edə bilməzdim. Ona qalsa, elə başımın da biçimi qayınanamın ürəyincə deyildi. Guya uzunsovdu. Kəsib atmalıydım?!. Bu bığ azından iki həftəlik, zəhmətin bəhrəsi idi. Neçə vaxtdı ülgüclə, qayçı ilə ora-burasını düzəldib səliqəyə salırdım. Ancaq evdə, küçədə, işdə kim məni görürdüsə şəbədə eləyirdi. «Bığların yöndəmsizdir…» «Bədrəngdir…» «Sənə yaraşmır…» «Qırx getsin…»
 
Bir axşam da qonşumuzun qızı Züleyxa bizdə idi. Mətbəxdə Cəmiləyə kişmişli şirin çörək bişirmək öyrədirdi. İnsafən, yaxşı kulinardı. Beş-altı aydı onu öz yanımda işə düzəltmişdim. Mən fəhlə yeməkxanasında aşpazdım, o isə iki köməkçimdən biri idi.
Evlərinə gedəndə Züleyxa bığım barədə öz fikrini deməkdən çəkinmədi:
 
- Acığınız gəlməsin, bu nədir ey… qoymusuz. Sizi çox yaşlı göstərir. Bığsız daha qəşəng idiniz. Məncə, qırxsanız yaxşıdır.
 
Səhər ayna qabağında oturub diqqətlə özümə baxdım. Doğrudan, nahaq yerə tərslik edirdim. Sarımtıl, seyrək bığlarım dodağımın üstünə yapışmış qırxayağa oxşayırdı. Daha çox fikirləşmədim. Tələsirdim. Elektrik üzqırxanımı çıxartdım. Uzun söz-söhbətə səbəb olan bığciyəzimi dibindən biçdim. Bir anda sifətim açıldı. Cavanlığım geri qayıtdı. Hələ uşaqlar yatmış ikən köhnə «Moskviç»imi işə salıb həyətdən çıxdım. Axşamçağı evə qayıdanda hava çovğun idi, qar yağırdı. Avtobus dayanacağında Züleyxanı bir qızla büzüşərək dayanmış gördüm. Maşını saxladım.
 
- Əyləşin, - dedim. Bu təklif onlar üçün göydəndüşmə oldu. Keçib arxada oturdular.
 
Rəfiqəsi yarı yolda bizdən ayrıldı. Züleyxanı isə lap həyətimizə qədər aparmalıydım. Evə çatmağa az qalmışdı ki, küçədə Cəmilə ilə qarşılaşdım. Oğlumu bağçadan gətirirdi.
 
Maşına minəndə qonşumuzun qızını arxada küncə qısılmış görcək heyrətdən gözləri kəlləsinə çıxdı. Əsl teatr da bundan sonra başlandı...
 
Cəmilə evdə meydan sulayırdı.
 
- Hə, indi hər şey aydın oldu. Anam dedi, mən yalvardım, küllü-aləm car çəkdi ki, ay Əzim, bu bığ sənə yaraşmır! Qırxdır, getsin… Yoox… hamısının sözünü elədin bir köpüklük… Amma dünən o Züleyxa oxlanmış balaca işarə vuran kimi səhərisi yolub tökdün yerə. Özünü də maşınında gəzdirirsən! Heç eybi yoxdur!.. Onun bizə gəlib kişmişli çörək bişirməsi də bəhanə imiş!..
 
- Ay Cəmilə, sən nə danışırsan… Mən bığımı Züleyxanın sözünə görə yox…
 
- Yalandır! Ancaq ona görə özünü cavanlaşdırırsan. Əgər düz adamsan… bəs mən deyəndə niyə qırxmırdın bığlarını! Hə?! Xəbər alıram da!.. Elə onu öz yanında işə götürməkdə məqsədi varmış!..
 
- Axı sən niyə elə…
 
Cəmilə sözümü yarıda kəsib, qəti ultimatum verdi:
 
- İndi ki, belədir, sabahdan o eybəcər bığlarını təzədən uzatmalısan, vəssalam!
 
- A başına dönüm, bəs özün demirdin yaraşmır sənə, qırxdır?..
 
- Elə yaraşmadığı üçün də məcburən saxlatdıracağam! Hamının gözündə eybəcərləşdirəcəyəm!
 
Dedim:
 
- Lap yaxşı. Qoy bu camaat mənə baxıb, sənə gülsün...
O gündən sonra dirçəlməyə başlayan bığlarıma ülgüc, qayçı toxundurmaq mənə qadağan edildi…
 
***
 
Aradan on-on iki gün ötmüşdü. Qızımı məktəbdən qış tətilinə buraxmışdılar. Sabah uşaqlar anaları ilə Şamaxıya, qayınanamgilə getməyə hazırlaşırdılar. Mən bazarlıq eləməkdən qayıdıb evə girəndə gördüm ki, Cəmilə yol çamadanına pal-paltar əvəzinə maşın hissələri qablaşdırır. Quruyub qaldım.
 
- Niyə təəccüblənirsən?! – deyə o üzümə baxmadan məsələni anlatdı. – «Moskviç»in nömrələri ilə rotorudur. Çıxarmışam, özümlə aparacağam.
 
- Aaz, sən dəli olmusan, nədi?
 
- Xeyr. Mən nə elədiyimi yaxşı bilirəm. Biz qayıdınca maşın sürdü yoxdur! Başa düşdün?
 
- Bəs mən işə necə gedib-gələcəyəm? Yolum uzaqdır…
 
- Sən camaatdan artıq deyilsən ki. Atanın heç arabası da olmayıb.
 
Cəmilə hirslə çamadanı bağladı. Açarı cibinə qoydu. Sonra gözlərini yenə əvvəlki həddinə çatmış bığlarına zillədi.
 
- O Züleyxanın da canı çıxar, basa-basa avtobusa minib gələr.
 
Deməyə söz tapmadım.
 
Ertəsi gün onları taksiyə əyləşdirib yola saldım. Maşın yerindən tərpənəndə Cəmilə başını pəncərədən çıxartdı. Şəhadət barmağını silkələyə-silkələyə dedi:
 
- Baax… Əzim, bığlarını qırxsan, özün bil. Mərəkə qopacaq.
 
***
 
Mətbəxdə işin qızğın çağı idi. Nahara az qalmışdı. Bir azdan fəhlələr yeməkxanaya doluşacaqdılar. Bu vaxt müdirimiz məni çağırtdırdı. Qaynaq xörək qazanlarını Züleyxaya tapşırıb tələsik getdim.
 
- İndicə həyat yoldaşın Şamaxıdan zəng vurmuşdu, - deyə müdir yeşiyindən çıxardığı kağız-qələmi qabağıma qoydu. – Məndən çox xahiş elədi ki, ərini təcili məzuniyyətə buraxaq. Darıxırıq onunçun, Əzim, onsuz da il qurtarır. Ərizəni yaz, sabahdan çıx get arvad-uşağının yanına. Özün də yorulmusan, bir az dincəl.
 
- Baş üstə.
 
Ayrı nə deyəydim? Hər şey mənsiz həll olunmuşdu.
 
- Yerinə Züleyxanı qoysaq, bacarar?
 
- Niyə bacarmır?!
 
...Gecə işığı söndürüb yatmağa hazırlaşırdım. Telefon cingildədi. O biri otağa keçib dəstəyi götürdüm.
 
- Allo, kimdir?
 
- Mənəm… - Səsindən o dəqiqə tanıdım: Cəmilə idi. – Məzuniyyətə buraxdılar səni?
 
- Bəli. Sabahdan çıxıram.
 
- İndi neyləyirsən?
 
- Adam bu vaxt neyləyər?
 
- Bəs telefona niyə gec gəldin?
 
- Qaranlıqda şapşuplarımı axtarırdım.
 
- Məzuniyyət pulunu haçan verəcəklər?
 
- Bilmirəm. Uşaqlar necədi?
 
- Babat. Yaxşı, yıxıl yat. Sabah zəng çalaram.
 
İşin axırında mətbəxi Züleyxaya təhvil verəndə o, sifətimə baxıb irişdi.
 
- Nə var, ay qız, nəyə gülürsən?! – soruşdum.
 
- Yenə bığ qoymusuz…
 
- Yaxşı, yaxşı, öz işində ol! – dedim.
 
Qızlardan birini ona köməkçi təyin elədim. Məzuniyyət haq-hesabımı alıb payi-piyada evə sarı yönəldim. Yol boyu elə bilirdim ki, Cəmilə arxadan məni izləyir. Beynimdə iki söz dolaşırdı: «Züleyxa», «bığ». Mən bunlardan birincisini özümdən uzaqlaşdırmalı, ikincisini qoruyub saxlamalı idim. Ona görə də avtobusa minməyə ehtiyat edirdim.
 
Züleyxa ilə qarşılaşmaqdan qorxurdum.
 
Mənzilin qapısını açıb içəri girəndə telefonun səsini eşitdim. Tez irəli cumdum. Hələ heç dəstəyi götürməmiş dedim:
 
- Bəli… Bəli…
 
O tərəfdən Cəmilə soruşdu:
 
- Aldın?
 
- Nəyi?
 
- Məzuniyyət pulunu.
 
- Hə… Hələ yox…
 
Yalan danışmağa məcbur idim. Desəydim ki, almışam, səhər tezdən, bəlkə də elə bu gecə Şamaxıya getməliydim. Cavabım Cəmiləni açmadı. Yüz iyirmi kilometrlik məsafədən fısıltısını eşitdim.
 
- İstəyirsən mən burdan onlara bir gəlmə gəlim, tez versinlər.
 
- Yox… yox… Sən canın, lazım deyil. Sabaha boyun olublar… Mütləq alacağam.
 
- Onda belə edərsən. Pulu cibinə qoyub evə qayıdandan sonra paltar şkafını açarsan… Deyinən: «hə».
 
- Hə.
 
- «Moskviç»in rotoru ilə nömrələrini orda gizlətmişəm. Götürüb maşını qaydaya salarsan, minib gələrsən.
 
- Yox… İstəmirəm… Mən elə avtobusla…
 
Sözümü başa vurmağa qoymadı:
 
- Nə deyirəm, ona qulaq as! Burda maşın mənə lazım olacaq!
 
- Aydındır.
 
- Yenə o Züleyxa ilançalmışa görə bığlarını qırxdırmamısan ki?
 
- Yox!.. Yox!..
 
- Gələndə yolda yubanma!..
 
Cəmilə kimi zəhmli arvaddan yaxşı idarə rəhbəri olardı. İşçilər bir sözünü iki eləməzdi. İllik planı da altı ayda doldurardı. O gedəndən bəri üzümü qırxmamışdım. Qorxurdum ki, birdən əlim əsər, elektrik maşını ilə bığlarımı ütərəm. Ondan sonra gərək qaragünlüyümü qablaşdıraydım…
 
Elə saçım da uzanmışdı. Boynumu tük basmışdı. Yola çıxırdım, bir dəfəlik başımı düzəltdirib, üzümü də qırxdırmalıydım. İşimizin yanındakı həmişə getdiyim dəlləkxanaya girəndə ustam gülərüzlə məni qarşıladı:
 
- O… Zahid müəllim… Xoş gəlmisən… Necəsən?.. Buyur, əyləş.
 
Cavanlığına baxmayaraq bu çox huşsuz adamdı. Müştəridən bir sözü azından beş dəfə xəbər alardı. Neçə yol adımı soruşmuşdu, demişdim «Əzimdir» yenə «Zahid müəllim» çağırırdı.
 
Kresloda oturan kimi məni ağ mələfəyə bürüdü. Saçımın harasından nə qədər qayçıladığı ilə o qədər də maraqlanmadım. Üzümü sabunlamağa başlayanda tapşırdım:
 
- Usta, bığımdan muğayat ol, ha…
 
- Nədən?
 
- Bığımdan. Çalış ona heç toxunma.
 
- Belə mənim bu gözlərim üstdə! İxtiyar sahibisən. Mən nəkarəyəm ki, müştərinin bir tükünü artıq götürəm? Azından on ilin dəlləgiyəm, hələ indiyəcən əlimin altından heç kəs narazı çıxmayıb.
 
O, danışa-danışa ülgücünü bülövə elə xarta-xarla çəkirdi ki, qıraqdan baxan olsaydı deyərdi ki, yəqin bu dəqiqə öküz kəsəcək.
 
Usta arada bir dönərək çəpəki üzümə nəzər saldı.
 
- Zahid müəllim, xətrinə dəyməsin, ancaq...
 
Sözünü sona vurmadı.
 
Soruşdum:
 
- Ancaq nə?
 
- Saxlamalı bığ deyil. Saç qara... Qaş qara… Göz qara. Bığ isə sarı – O, dodaqlarını büzüb nırçıldadı. – Sifətinə yaraşmır.
 
- Onu bilirəm. Mən də elə yaraşmadığı üçün saxlayıram.
 
Usta qiyməkeşə oxşar ülgücünü cəllad kimi başımın üstündə hazır tutub bir də xəbər aldı:
 
- Yaxşı, nə qərara gəldik, qırxım, qalsın?..
 
Tez cavab verdim:
 
- Qalsın!.. Qalsın!..
 
- Necə məsləhətdir…
 
O, üzümü qaşımağa başlayanda istər-istəməz yenə Cəmilənin hökmü barədə fikirləşirdim. Məni təcili məzuniyyətə buraxdırıb Şamaxıya dartmaqda əsasən iki məqsədi vardı. Birincisi Züleyxadan uzaqlaşdırmaq idi. Sonra isə gedib onlara gündə üç dəfə ləziz xörəklər bişirəcəkdim. Neçə illərdi, evimizdə də bu işi həmişə mən görürdüm. Cəmilə qayğanaqla kartof qızartmasından savayı heç nə hazırlaya bilmirdi.
 
Birdən… ustanın əlindəki ülgüc qızmar neştərə dönüb sifətimi yandırdı.
 
- Saxla! – Çığırdım. Yerimdə çırpınıb ayağa qalxdım. Usta qorxudan dala sıçradı.
 
- Nə oldu?
 
Aynaya baxdım. Məni tər basdı. Bığlarımın tən yarısı getmişdi!
 
- Daha nə olacaq? Evimi yıxdın!
 
- Üzünü kəsmişəm?
 
- Lap başımı da kəssəydin bundan yaxşı idi! Ay huşsuz, sənə demədim ehtiyatlı ol?
 
- Axı… Zahid müəllim, nə ehtiyatsızlıq eləmişəm? Qan çıxarmışam?
 
- Hanı mənim bığımın yarısı?!
 
- Qırxdım… Özün demədin…
 
- Daha sənə sözüm yoxdur!
 
O biri ustalar da işlərini buraxıb məni dövrəyə aldılar. Neçə-neçə göz sifətimə dikildi. Hərə bir söz dedi:
 
- Əşi, nə böyük şeymiş ki!
 
- Artıq tükdür də…
 
- Bilmirəm bu camaat bığ nədir qoyur?..
 
Səsimi qaldırdım:
 
- Onun sizə heç dəxli yoxdur!
 
İçəri otaqdan çıxan dəlləkxana müdiri özünü qabağa verdi.
 
- Niyə çağırırsan? Nə istəyirsən, ay yoldaş?!
 
- Şikayət dəftərini!
 
Usta and-aman elədi:
 
- Bu canım ölsün, özü dedi ki, yaraşmır mənə, qırx getsin, mən də qırxdım.
 
Müdir də onun tərəfini saxladı:
 
- Birincisi, bu bizim ən yaxşı ustamızdır. İkincisi tutaq ki, lap taxsırkardır. Heç onunçun
qan qaraltmağına dəyər? Üçüncüsünə qalırsa, biz planı tük hesabı yox, adam hesabı doldururuq. Dördüncüsü, peşkəşdir sənə bığlarım.
 
- Xahiş eləyirəm, mənə şikayət dəftərini verin!
 
- Verməyəcəyik!
 
- Niyə?
 
- Ona görə ki, usta haqsız olsa da, bu bığa şikayət düşmür. Əlli faizini qırxıb, yarısı durur.
 
- Heç eybi yoxdur! Dəvədən böyük fil var! – dedim. Hirslə kresloya oturdum. Ülgücü götürüb ustaya uzatdım – Al, o biri yarısını da qırx!
 
- Xeyr. Onu bacarmayacağam.
 
Müdir də ustanı ayıq saldı:
 
- Adə, Qafar, hərif olma! Məqsədi başqadır.
 
Qan beynimə vurdu:
 
- Bəs mən küçəyə bu kökdə çıxım?
 
Kimsə arxadan mızıldandı:
 
- Tamam bığsızlıqdansa, yenə elə yaxşıdır. Deyərlər bu da təzə dəbdir. Qət eləmişdim. Burdan birbaş dəlləkxanaların tabe olduğu idarəyə gedəcəkdim. Ustaya da, müdirə də töhmət verdirməyincə əl çəkməyəcəkdim. Yoxsa Cəmilənin dava-dalaşından qurtara bilməzdim. Deyəcəkdi, yenə Züleyxaya görə qırxmısan. İndi onun şübhələnməyə də haqqı vardı. Mən ülgücü götürüb bığımın qalan əlli faizini də elə quru-quru yonub, yerə tökdüm. Gözlərim yaşardı.
 
- Nə qədər verməliyəm?!
 
Su içən xoruz kimi usta başını dala əydi, gözlərini tavana zilləyib hesabladı:
 
- Demək... bir üz... bir baş… yarım dənə də bığ… odekalon vurmuşdum?
 
- Xeyr...
 
- Püskürüm?
 
- Lazım deyil!
 
Ustanın haqqını verib hirslə dəlləkxanadan çıxdım.
 
 
***
 
Soruşub öyrənmişdim ki, məişət xidməti idarəsinin rəhbəri Murad Muradoviçdir. Ancaq işçilər öz aralarında ona «Mur-Mur» deyirlər.
 
Növbəm yetişəndə kabinetin qapısını aralayıb xəbər aldım:
 
- Olar?
 
- Gəl görək.
 
İçəri girdim. «Mur-Mur» böyük stol arxasında yumşaq kresloya yayxanmışdı. Bu altmış-altmış beş yaşlı azman cüssəli, iri sifət kişinin başı da, üzü də, bığı da ülgüclə tərtəmiz qırxılmışdı. Heç qaşları da, kirpikləri də görünmürdü. Elə bil tabeliyindəki dəlləkxanalar ona müftə olduğu üçün kəmfürsətliyindən ucdantutma hamısını dibindən təraş etdirmişdi.
 
«Mur-Mur» qollarını sinəsinə çarpazlayıb gözlərini yumdu.
 
Yəqin onun qəbul üsulu belə idi.
 
- Eşidirəm, - dedi.
 
- Mən sizin yanınıza bir işdən ötrü…
 
- Aydındır… Üç boş yerimiz var, əzizim, hamamda kassir, camaşırxanada paltaryuyan, bir də qadın salonunda manikürçü. Hansı döşünə yatır, verim əmrini.
 
- Bağışlayın… Mən şikayətə gəlmişəm.
 
Müdir gözünün birini açıb tərs-tərs üzümə baxdından sonra yenə yumdu.
 
- Kimdən?
 
Əhvalatı yerli-yerində ona danışdım. Yuxulu səslə xəbər aldı:
 
- Haçan olub bu məsələ?
 
- Bu gün.
 
- Nə vaxt?
 
- Qırx dəqiqə bundan qabaq. Saat birdə.
 
- Hansı bərbərxanada?
 
Yerini nişan verdim.
 
- Özün harda yaşayırsan?
 
Ünvanımı dedim.
 
- Sən əgər düz adamsansa, rayonunuzda qulağının dibindəki bərbərxanaları qoyub, ora niyə yortursan?!
 
- Öyrənmişəm. İşimə yaxındır. Elə həmişə…
 
- Harda işləyirsən?
 
- Azyunsənmalistkomforqabhazfabbakşəhfil-də.
 
«Mur-Mur» bu dəfə gözlərinin ikisini də açdı: Özünü yığışdırıb dikəldi:
 
- Nə? Nə?
 
- Azərbaycan yüngül sənaye malları istehsalı kombinatının fosfor qablar hazırlayan fabrikinin Bakı şəhəri filialında.
 
- Oranın müdirisiniz?
 
- Xeyr... fəhlə yeməkxanasında aşpazam.
 
«Mur-Mur»un başı arxayınçılıqla sinəsinə endi, kündə buxağı qat-qat qırışdı, gözləri yenə qapandı. İştahla əsnəyə-əsnəyə dedi:
 
- Eh… Axşam olsaydı, bir doyunca yatardıq… - Sonra məni istintaqa çəkdi. – Yaxşı, gündüzün günorta çağı saat on iki… işin qızğın vaxtı… sənə dəlləyə getməyə kim icazə vermişdi?!
 
- Mən məzuniyyətdəyəm, yoldaş Mur…
 
- Hə… O ayrı məsələ. Deyirsən, bığın vardı da…
 
- Bəli.
 
- Yaxşı idi?
 
- Pisdi.
 
- Mən o ustanı tanıyıram. Qafar Qardaşovdur. Əməlli bığ olsaydı, dünyasında elə iş tutmazdı. Yəqin fikirləşib aşpaz adamsan, tükündən xörək qazanına-zada düşər… Nə isə… İndi nə istəyirsən?
 
Bərkdən dedim:
 
- İstəyirəm o ustanı, lazım bilsəniz, lap dəlləkxana müdirini də cəzalandırasız! Mən bu işi boş buraxmayacağam. Axırına çıxacağam!
 
«Mur-Mur» ikiəlli sifətini ovuşdurub dodaqlarını marçıldatdı:
 
- Eh… Axşam olsaydı, bir doyunca yatardıq… Onda sən belə elə də… Əvvəla bir şikayət ərizəsi yaz. Sonra da mənim adıma arayış gətir ki, doğrudan da bayaq o dediyin müəssisədəki yeməkxananın aşpazısan. Biz də inanaq ki, iş yerinlə həmin bərbərxana bir rayonun ərazisində olduğu üçün üzünü orda qırxdırmısan. Daha aranızda başqa ədavət, filan yoxdur. Yəni bu iş ustanı yıxmaq üçün sənin tərəfindən məxsusi təşkil olunmayıb. Sonra necə lazımdır, ölçü götürərik. Aydındır?
 
- Bəli.
 
- Xoş getdin!..
 
***
 
Ərizəmi yazıb hazırladıqdan sonra arayış almaq üçün idarəmizə yollandım. Daha bu gün Şamaxıya gedə bilməyəcəkdim. Cəmilənin gözünə bığsız necə görünəydim? Heç olmasa, ustaya tezliklə töhmət verilsəydi, özümə birtəhər haqq qazandırardım. Vəziyyət çətinləşmişdi.
 
İdarədən, istənilən arayışı çox çətinliklə verdilər. İşin axırına yaxın özümü təngnəfəs halda «Mur-Mur»un kabinetinə saldım.
 
- Buyurun! Bu mənim ərizəm, bu da sizə lazım olan məlumat.
 
Kağızları şəstlə stolunun üstünə qoydum. O, yenə qollarını sinəsində çarpazlaşmış, gözlərini yummuş halda dilləndi:
 
- Üç boş yerimiz var, əzizim: hamamda kassir, camaşırxanada paltaryuyan, bir də qadın salonunda manikürçü. Hansı döşünə yatır, verim əmrini, get işlə.
 
- Yoldaş Muradov, mən bayaq gələn şikayətçiyəm…
 
- Hə… bildim, o bığ məsələsi?
 
- Bəli, bəli…
 
«Mur-Mur» tənbəl-tənbəl kirpiklərini qaldırdı, yumruqları ilə gözlərini ovuşdurub gərnəşdi:
 
- Eh, axşam olsaydı, bir doyunca yatardıq – dedi. Kağızları qabağına çəkdi, könülsüz oxumağa başladı. – Yaxşı, niyə bəs bunu müdir yox, müavin imzalayıb?
 
Boğazım qurudu.
 
- Nə fərqi var ki… Müdiri tapa bilmədim.
 
- Baho… sən nə danışırsan? Fərqi çoxdur. Bizdən çıxan sənədlərin hamısına şəxsən mən özüm qol çəkirəm. Kim bilir, bəlkə sizin idarənin başında oturanın heç sənin orda aşpaz işlədiyindən xəbəri yoxdur?
 
«Mur-Mur» arayışı mənə qaytardı. Ərizəmi isə təzə bir qovluğun içinə qoyub ağzını bərk-bərk bağladı.
 
- Aydındır?
 
- Bəli.
 
- Xoş getdin!
 
Sabahısı arayışı aparıb müdirimizə qol çəkdirəndə narazılıqla başını buladı:
 
- Sən də öz məzuniyyətini gör necə boş-boş şeylərə sərf edirsən! – deyə donquldandı. –
Gedib arvad-uşağının yanında dincəlsənə.
 
- Eh… birini bilirsiz, birini yox. Mən bu kökdə hara gedim?
 
- Başa düşmürəm. Nə olub ki?
 
- Heç… Məsələ uzundur.
 
Günortaya yaxın «Mur-Mur»un qapısını kəsdirdim. Bir saatdan sonra qəbuluna düşdüm.
 
- Uç boş yerimiz var əzizim: hamamda kassir…
 
Onu axıracan danışmağa qoymadım:
 
- Camaşırxanada paltaryuyan, bir də qadın salonunda manikürçü. Ancaq, yoldaş Muradov, mən…
 
Gözlərini açdı.
 
- Hə, Yenə o bığ məsələsi?
 
- Bəli.
 
- Nə oldu?
 
- Müdir də imzaladı.
 
- Baho… - deyə o, arayışa baxan kimi dodaq büzdü. – Bəs bunun möhürü hanı?
 
İrəli boylandım.
 
- Ştampı var da, yoldaş Mur…
 
- Xeyr… xeyr... Belə yaramayacaq. – Kağızı geri qaytardı. – Möhür, özü də girdəsindən. Aydındır?
 
- ...
 
- Xoş getdin!
 
Bir baş idarəmizə cumdum. İşin tərsliyindən müdiri harasa çağırmışdılar. Yeməkxanaya getdim. Mətbəxə baş çəkmək istədim. Qazanların buğundan yanaqları pörtmüş Züleyxa məni görüncə gülümsədi.
 
- Salam... necəsiz, Əzim qardaş?
 
- Çox sağ ol, pis deyiləm.
 
- Amma gözümə birtəhər dəyirsiz ey… E?ə bil bu iki gündə sınıxmısız. – Züleyxa qəflətən qəşş elədi: - Aaa… bığınızı yenə qırxdırmısız? Mən də deyirəm bəs bu kişi niyə özünə oxşamır?!
 
Mətbəxdə işləyən o biri qızlar da oğrun-oğrun məni süzüb pıqqıldaşdılar. Züleyxanı necə inandırmaq olardı ki, evimizdə yaranan narazılığa, mənim zorla məzuniyyətə buraxılmağıma, ikicə gündə belə sınıxmağıma, maşınsız, payi-piyada bu idarələr arasında qalmağıma bais odur? Birdən elə bil yuxudan ayıldım. Fikirləşdim ki, Cəmilə mənim bığımı qırxdırıb bura gəldiyimdən xəbər tutsa… vaveylası aləmi dağıdacaq...
 
- İşləriniz necədir? – soruşdum.
 
- Hələ ki, bişirdiyimiz xörəklərdən narazılıq eləyən yoxdur.
 
- Onda sağ olun. Mən getdim.
 
…Arayışa ancaq ertəsi günü möhür basdıra bildim. Onda da müdirimiz şübhə ilə üzümə baxaraq xəbər aldı:
 
- Əzim, özünü necə hiss edirsən?
 
- Görürsüz də… - dedim. Qırxılmış bığlarımın yerini göstərdim. – Bu intiqamı dəlləkdə qoymayacağam!
 
Arayışı götürüb qaça-qaça o biri müdirin qəbuluna tələsdim.
 
...Bir az da yubansaydım iş vaxtı qurtaracaqdı. «Mur-Mur»u elə kabenitdən çıxan yerdə yaxaladım.
 
- Buyurun. Möhür də vurdurdum.
 
- Bəlkə… sonraya qalsın… Yorulmuşam. Hə?.. Bekar adamsan, özün də məzuniyyətdə.
 
- Xahiş edirəm, indi...
 
İnsafən kişinin ürəyi rəhimli imiş. Paltosu əynində geri qayıtdı. Stolun yeşiyini açdı. Arayışı alıb diqqətlə yoxladıqdan sonra onu mənim üçün ayırdığı təzə qovluqdakı ərizəmin yanına qoydu.
 
- Bura bax… Bəs evlər idarəsinin müdirindən kağız gətirməmisən?
 
- Yox. Nə kağız?
 
O başını buladı:
 
- Dünyada qəribə adamlar varmış! - dedi. – Ə, sən bizə şikayət eləyirsən, ərizənə baxırıq, bir bilməyək, kimsən, harda yaşayırsan?
 
- Mən vətəndaşam: bu da pasportum.
 
Əlimi cibimə saldım.
 
- Saxla. Ondan hamımızda var. – «Mur-Mur» səsini qaldırıb qabağındakı qovluğu döyəclədi. – Bu işə tikməyə bir parça kağız lazımdır, ya yox?
 
- Bəlkə də lazımdır. Ancaq… siz mənə o barədə heç nə deməmişdiniz.
 
- Deməmişdim, indi deyirəm də!.. Get gətir, tez əncam çəkək bu işə. Sənin də bığların başımıza bəla oldu!
 
Evlər idarəsinin müdirindən arayış alınca anadan əmdiyim süd burnumdan gəldi. Mənə heç aşpazlıq diplomunu bu çətinliklə verməmişdilər.
 
- Harda işləyirsən? – soruşdu.
 
- Azyünsənmalistkomforqabhazfabbakşəhfildə.
 
- O nə ola yerdir?
 
Xırdaladım.
 
- Bu yazıldığın ünvanda əməlli-başlı yaşayırsan da?
 
- Bəli.
 
- Öz arvad-uşağınla birlikdə?
 
- Bəs necə?!
 
- Verirəm arayışı, amma hamınız adam çərlədənsiz…
 
- Axı niyə elə danışırsız? Bu sizin borcunuzdur. Evlər idarəsinin müdiri burnunun altında mızıldadı:
 
- Bəs sizin borcunuz nədir?
 
Onu da mən deyim?
 
Arayışı alıb ştampına, möhürünə, imzasına baxdım. Deyəsən, hər şey qaydasında idi. Yüyürdüm «Mur-Mur»un yanına.
 
- Buyurun. Bu da evlər idarəsindən…
 
Alıb o üzünə-bu üzünə baxdı.
 
- Sabah günün ikinci yarısında bir dəyərsən mənə.
 
- Baş üstə.
 
- Xoş getdin!
 
Qaş qaralmışdı. Evə gedəndə ayaqlarım dalımca gəlmirdi. İşlədiyim vaxtlar heç belə yorulmurdum. İki gündü özümdə deyildim. Başımı itirmişdim. Cəmilə bu axşam da zəng vuracaqdı. Ona nə cavab verəcəkdim, bilmirdim. Dünən heç olmasa bir bəhanə uydurmuşdum: «Maşının rotorunu çıxaranda nəyi isə xarab eləmisən, işə düşmür, - deyə təqsiri onun boynuna yıxmışdım. – Səhər usta çağırtdıracağam, düzəltsin».
 
Gecə telefon susuğu üçün gözümə yuxu getmirdi. Cəmiləyə çox da etibar yox idi.
 
Azacıq şübhələnsəydi, gecəyə gündüzə baxan deyildi, durub gələ bilərdi. Başqa nə günahım vardı ki? Məni qorxuya salan təkcə bığsızlıqdır. Eh… bircə o ustaya töhmət verdirsəydim, arxayınlaşardım: «Mur-Mur»a yazdığım şikayət ərizəmin cavabını alıb Cəmiləyə göstərərdim. Onda inanardı ki, bığımı heç də Züleyxaya görə özüm qırxmamışam: huşsuz bir dəllək ülgücünün təsadüfi qurbanı olub bığım!
 
Vicdanımın təmizliyini sübut etmək üçün o bəraət kağızı mənə mütləq lazım idi.
 
Ürəyim dözmədi. Gecədən keçmiş qayınanamgilə zəng çaldım. Cəmiləni yuxudan oyadıb telefona çağırdım.
 
Məndən qabaq o dilləndi:
 
- Düşdü işə?
 
- Nə?
 
- Zəhrimar! Maşını deyirəm də.
 
- Hə, düzəltdirdim.
 
Cəmiləni bir bəhanə ilə iki gün aldatmaq çətin idi.
 
- Qarajdan çıxarıb sürməmisən ki?
 
- Yox, yox…
 
- Onsuz da biləcəyəm. Spidometrinə baxmışam. Nə qədər getdiyini yazıb götürmüşəm. Bəs niyə gəlmədin?
 
Dəsmalla burnumu tutub səsimi dəyişdim.
 
- Canından iraq, ay Cəmilə, yaman xəstələnmişəm…
 
O azacıq kiridi. Sonra birdən açıldı:
 
- Gəl xəstəliyini burada çək!
 
- Axı… istiliyim var!
 
- Uzaq başı iki günə sağalmasan, özün bil. Çalış, sənin xəstəliyin o meymun Züleyxaya da yoluxmasın. Başa düşürsən nə deyirəm?!
 
- Ey!... yenə başladın… Qayınanam, uşaqlar necədirlər?
 
- Pis!
 
Yəqin ki, dəstəyi çırpdı. Danışıq «xırp» kəsildi.
 
Zəng vurduğuma peşman deyildim. İki gün də vaxt qazanmışdım. Bu müddət ərzində məni bığsız qoyan ustaya üç dəfə töhmət vermək olardı. Ancaq düzünə qalsa, bunun üçün o huşsuzun heç danlanmasını da istəmirdim. Yazığın nə günahı vardı? Kor bağırsaq kimi gərəksiz bir şeyi narkozsuz, ağrısız, qan çıxartmadan qırxmışdı. Əslində o töhmət yox, təşəkkürə layiqdi. Neyləyim ki, hazırkı vəziyyətdə mən ayrı cür hərəkət edə bilməzdim. Bu günlər taleyim o bığın tüklərindən asılı idi. Cəmilənin haqsız, ədalətsiz məhkəməsinə düşməmək xətrinə ustaya yalandan, müvəqqəti də olsa töhmət verdirmək mənə su və hava kimi lazımdı!
 
Ona görə də özümü yenə köhnə ünvana yetirdim.
 
- Olar?
 
- Gəl görək.
 
- Dünən dediniz günün ikinci yarısında…
 
- Hə. Başa düşdüm. Üç boş yerimiz var, əzizim…
 
- Mən iş istəmirəm!
 
«Mur-Mur»un göz qapaqları yarıyacan açıldı.
 
- Hə… Tanıdım. Bəs qurtarmadı bu bığ məsələsi?
 
- Xeyr. Elə ərizəmin cavabı üçün gəlmişəm.
 
O, yeşiklərini xeyli qurdaladıqdan sonra mənim qovluğumu çıxarıb içindəki kağızları oxudu.
 
- Əzim Atayev… Milis idarəsinə şikayət eləmisən?
 
- Yox.
 
- Niyə?!
 
- Lazım bilməmişəm. Məsələni şişirtməyin nə mənası? Usta barəsində özünüz ölçü götürəsiniz, kifayətdir.
 
- Axı mən neyləyim ona?!
 
- O sizin işinizdir.
 
- Bilirsən, əzizim, - «Mur-Mur» qovluğu örtüb üstündə dirsəkləndi. – Ustanı çox bərkə çəkərsən, deyər, müştərinin heç bığı yox idi, üzünə durmağa dükandakı dəlləklərdən beş nəfər də şahid düzəldər. Sonra gəl isbat elə ki, onlar yalandır, mən doğru...
 
«Mur-Mur» haqqına danışırdı.
 
- Buna inanıram. Bəs neyləyim?
 
- Sən bu saat şikayətini yaz, apar ver milisə. Onlar məndən rəsmən tələb edəcəklər ki, bərbərxanadakı filan ustaya cəza ver və nəticəsini bizə bildir. Bu olacaq əlimdə əsas. Çağıracağam o bığını qırxanı, yapışdıracağam töhməti şapalaq kimi qulağının dibinə. Sən də razı qalacaqsan, o da səsini çıxarda bilməyəcək. Aydındır?
 
- Bəli.
 
- Xoş getdin!!
 
Kabinetindən çıxanda arxadan «Mur-Mur»un səsini eşitdim:
 
- Eh… axşam olsaydı bir doyunca yatardıq.
 
***
 
…Milis idarəsinə ərizəni belə yazdım:
 
«Mən, Əzim Atayev bu il yanvarın ikisində səkkiz nömrəli dəlləkxanaya getmişdim. Saat birdi. Üzümü qırxanda usta Qafar Qardaşova xəbərdarlıq etdiyim halda bığımı dibindən ülgüclə kəsib aparmışdı. Bu barədə ölçü götürmək üçün rayon məişət xidməti idarəsinə tezliklə təsir göstərməyinizi xahiş edirəm”.
 
Ərizəni verəndə şöbə rəisindən soruşdum:
 
- Cavabını haçan göndərərsiz?
 
- Arxayın olun. Biz operativ işləyirik, - deyə rəis cavab verdi. – Uzaq başı üç günə.
 
Dediyi vaxtda «Mur-Mur»un başının üstünü aldım. Yenə pinəkləyirdi.
 
- Milis şöbəsindən məktub gəlməyib?
 
Qovluğunu açıb baxdı.
 
- Gəlib.
 
Sevindim.
 
- Bu dəqiqə baxaq görək nə yazıblar, - deyə – «Mur-Mur» eynəyini taxıb oxumağa başladı:
 
«…Bu il yanvarın ikisində vətəndaş Əzim Atayev rayonun səkkiz nömrəli dəlləkxanasına gedibmiş. Usta Qafar Qardaşov özündən xəbərsiz onun cibini ülgüclə kəsib bir ədəd saatını aparmışdı. Nəzərinizə çatdırırıq ki, zərərkeşin cib saatı tezliklə tapılıb özünə qaytarılmasa, biz canayət işi qaldırmağa məcbur olacağıq...» Boğazım qurudu. «Mur-Mur»un eynəyinin üstündən qəzəbli gözləri üzümə dikildi.
 
- Eyib deyil səninçün? Bu camaata niyə şər atırsan? Mənə deyirsən, usta bığımı qırxıb, ora şikayət eləyirsən ki, cibini kəsib, saatını oğurlayıb!
 
- Mən elə yazmamışam…
 
«Mur-Mur» əsəbiləşmişdi. Eynəyini çıxarıb stolun üstünə fırlatdı.
 
- Bəs nə yazmısan?!
 
- Yazmışdım ki, bığlarımı kəsib.
 
- Bığlarını?!
 
- Bəli.
 
- Kəsib?
 
- Bəli.
 
- Niyə yalan danışırsan? Utanmırsan? Yekə kişisən!
 
«Mur-Mur» ayağa qalxdı. Qolumdan yapışıb məni kabinetin küncündə qoyulmuş paltarasanın aynası qabağına gətirdi.
 
- Bir gözlərini aç, yaxşı bax! Bəs o burnunun altındakı tüklər bığ deyil, nədir?
 
Aynaya baxdım. Neçə gündü üzümü qırxanda bığlarıma toxunmurdum: indi əməlli-başlı uzanıb qaydasına düşmüşdü.
 
- Axı...
 
- Nə axı? Az qala bir həftədir girinc eləmisən məni. Əziyyət çəkib sənə ərizə yazdırmışam, iş yerindən, milisdən, evlər idarəsindən bir qovluq kağız gətirtdirmişəm. On dəfə qəbulumda olmusan. Üst-üstdə neçə saat qızıl qiymətli vaxtımı almısan… Bu da axırı!.. – O, əl-qolunu ölçərək ağzı köpüklənə-köpüklənə çığırdıqca sallaq buxağı yellənirdi. – Mən səni birinci dəfə görəndə ağıllı adama oxşatdım. Baxırdım: şlyapan, qalstukun, hər şeyin öz qaydasında. Sən demə, başın xarabmış! İndi bildim nə bığın olub, nə də saatını aparıblar. İkisi də yalanmış…
 
- Yoldaş Mur…
 
Ağzımı açmağa qoymadı.
 
- Qurtardıq!!! Bura dəlixana deyil!.. Xoş getdin!
 
***
 
İdarə müdirimiz evə zəng çalıb məni yanına çağırtdırmışdı. Nəsə sözlü adama oxşayırsan. Söhbətə zarafatdan başladı:
 
- Bığların mübarək.
 
Dinmədim.
 
- Özünü necə hiss edirsən?
 
- Yaman yorğunam, - dedim.
 
Stolunun arxasından qalxdı, gəlib yanımda əyləşdi.
 
- İstəyirsən bir putyovka düzəldək, get sanatoriyaya… Əsəblərin pozulub…
 
- Nə bildiniz?
 
- Dünən məişət xidməti idarəsindən mənə zəng vurmuşdular. Dedilər, guya...
 
- Guya nə?
 
- Heç.
 
- Başıma hava gəlib?
 
- Əşi, ürəyinə salma, müalicə olunarsan, keçib gedər. Saat neçədir?
 
Pencəyimin qolunu çəkib baxdım.
 
- Altıya üç dəqiqə qalıb.
 
- Beşə qalar.
 
- Hə, düzdür. Beşin tamamına üç dəqiqə qalır.
 
Sonra başa düşdüm: Məni yoxlayırdı. Yəqin «Mur-Mur» ona deyibmiş ki, hətta saatı qolunda ola-ola ustanın oğurladığından milisə şikayət yazıb.
 
- İcazə verin, mən gedim.
 
- Buyur, Əzim can. Yenə bir fikirləş. Həkimlə də məsləhətləş. Hara putyovka lazımsa, yerli komitədən düzəldərik.
 
Müdirimiz pişik tumarlayan kimi boynumu sığallaya-sığallaya məni küçə qapısınadək yola saldı.
 
- Maşından, tramvaydan müqəyyəd ol, - deyə ayrılanda qayğıkeşliklə tapşırdı: - Özün də birbaş evə get, ha…
 
…Qapımızı açıb içəri girəndə hiss elədim ki, doğrudan da xəstələnmişəm. Əzgindim, başım ağrıyıdı. Soyunub çarpayıda uzandım. Gözümə təzəcə yuxu getmişdi, səsə ayıldım. Cəmilə uşaqlarla gəlmişdi.
 
Məni yataqda görəcəyinə sevinirdim.
 
Yalanım doğru olmuşdu. Yaxşı ki, hər şey onun qoyub getdiyi kimi idi. Bığlarım da.
Sabahısı iş yerimdən bir neçə nəfər məni yoluxmağa gəlmişdi. Cəmilə diaqnozumu müəyyən eləmişdi. Hamıya deyirdi:
 
- Mən bilirəm o, Züleyxanın dərdindən dəli olub!