Nağıllar, hekayələr

Səlim Özdəmir. Elektron ünvanım olsaydı...

Bir çox gənc amerikalı kimi, qaradərili Coninin də ən böyük arzusu zəngin biznesmen olmaq, cəmiyyətdə nüfuz qazanmaq idi. Həyatda idealı dünyanın ən varlı adamı sayılan Bill Qeyts idi. Eşitmişdi ki, bu şəxs universitetdə təhsilini yarımçıq qoyub kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətini yaratmış və az müddətdə milyarder olmuşdur.

 

Coni də imkansız ailədə böyüdüyündən mükəmməl təhsil ala bilməmişdi. Bəlkə də, Bill Qeytsin şəxsiyyətinə maraq bununla bağlı idi.


Bir gün qəzetdə oxudu ki, “Microsoft” şirkətinə süpürgəçi tələb olunur. Yubanmadan şirkətin ofisinə müraciət edib ərizə yazdı və tərcümeyi-halını kadrlar şöbəsinə təqdim etdi. Təyin olunan gün gəlib psixoloji testdən keçdi. Ona bildirdilər ki, işə qəbul olunur. Sevincinin həddi-hüdudu yox idi. Coninin özünə inamı böyük idi. Bilirdi ki, süpürgəçi vəzifəsində çox qalmayacaq. Xəyallarında düşünürdü ki, bir gün şirkətin dəhlizində Bill Qeytslə rastlaşacaq.

Ola bilməz ki, böyük biznesmen ondakı fərasəti duymasın. O, Coniyə daha məsuliyyətli işlər tapşıracaq və günlərin bir günü bu gənc oğlan Bill Qeytsin sağ əli olacaq.

 

Lakin birdən-birə xəyalları puç oldu. Kadrlar şöbəsində işləyən qız Coninin şəxsi anketini doldurmaq üçün ondan elektron poçt ünvanını soruşdu. Coni utana-utana dedi:

 

- Mən hələ kompüter almamışam. Ona görə də elektron poçt ünvanı açmamışam.

 

Qız təəccüblə ona baxıb soyuqqanlı tərzdə dedi:

 

- Bağışlayın, şirkətimizin prinsiplərinə görə, elektron ünvanı olmayanın özü də mövcud deyil. Bu səbəbdən biz sizi işə götürə bilmərik...

 

Coni başını aşağı salıb küçə ilə gedirdi. İndi o, “Microsoft”a, hətta Bill Qeytsə də nifrət edirdi: “Mən sizə kim olduğumu göstərərəm.

 

Siz məni işə götürmədiyinizə peşman olacaqsınız”. Nəhayət, dayanıb ətrafına baxdı. Burada böyük bir bina var idi. Deyəsən, hərbi idarə idi. Maşından düşən zabitlər qapının ağzında ayaq saxlayıb çəkmələrinin tozunu silir, sonra içəri daxil olurdular. “Kiçik biznesə başlamaq üçün pis yer deyil”, - deyə Coni düşündü.


Ertəsi gün o, 20 dollar pul verib ayaqqabı təmizləmək üçün ləvazimatlar aldı və həmin binanın yanında özünə yer tutdu. İdarəyə gələn zabitlər məmnuniyyətlə ona müraciət edirdilər. Coni çox səylə çalışırdı. Həm də başa düşürdü ki, zabitlər tələsirlər, odur ki iki dəqiqəyə onların çəkməsini par-par parıldadırdı. Elə birinci gün o, 30 dollar pul qazandı. Sonrakı günlər gəliri daha da artdı.

 

Bir aydan sonra Coni yaşadığı zənci məhəlləsindən tanış bir oğlanı öz yerində oturtdu və yaxşı işləyəcəyi təqdirdə gününə 20 dollar pul verəcəyini dedi. Savadsız, işsiz bir qaradərili üçün bu, yaxşı məvacib idi. Odur ki oğlan məmnuniyyətlə razı oldu. Coni isə üç tin yuxarıda - polis məntəqəsi qarşısında yeni ayaqqabıtəmizləmə yeri açdı. Bir ildən sonra Coninin şəhərdə 20-yə yaxın ayaqqabıtəmizləmə məntəqəsi var idi. O artiq özü işləmir, yalnız işçilərə nəzarət edirdi.

 

Coni kiçik uğurlarla kifayətlənən adamlardan deyildi. Texnikaya böyük həvəsi olan bu gənc indi də ayaqqabı təmizləyən elektrik qurğu üzərində işləməyə başladı. Mütəxəssislərin köməyi ilə o bu qurğunun ilk modelini yaratdı. Lakin qurğu müxtəlif ölçüdə və formada olan ayaqqabıların bütün hissələrini insan əli kimi təmizləyə bilmirdi. Onda Coni diş fırçaları hazırlayan konstruktorları da bu işə cəlb etdi. Nəhayət, avtomatik ayaqqabı təmizləyən qurğu hazır oldu. Coni onun satışı üçün idarələrlə, reklam şirkətləri ilə danışıqlar apardı. O, bankdan kredit götürüb ayaqqabıtəmizləmə aparatının kütləvi istehsalına başladı. İdarələr bu qurğunu məmnuniyyətlə alıb ofisin girişinə qoyurdular ki, işçilər və qonaqlar daxil olarkən ayaqqabılarını təmizləyə bilsinlər.

 

İllər keçdi. Artıq Coninin qurğuları dünyanın bir çox ölkələrində satilırdı. Bir gün Coni 600 milyon dollarlıq mülkiyyətini sığortalamaq üçün bir şirkətə müraciət etdi. Sığorta agenti öz təkliflərini göndərmək üçün ondan elektron ünvanını istədi. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını dedi. Sığortaçı: “Çox maraqlıdır, sizin elektron ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi elektron poçtunuz olsaydı, nələr edərdiniz?!” - deyə təəccübünü gizlədə bilmədi. Coni isə əhvalını pozmadan: “Elektron ünvanım olsaydı, indi “Microsoft”da süpürgəçi işləyirdim!!!” - dedi.

 


“Səmərəli iş həyati" kitabından