Təbiət

Kiçik qurşaqquyruq kərtənkələ

Afrika səhralarında geniş yayılmış və “kiçik əjdaha” kimi tanınan heyrətamiz «Cordylus cataphractus» kərtənkələsi -  xordalılar tipi, sürünənlər sinfi, pulcuqlular dəstəsi, kərtənkələlər fəsiləsinə aid canlı növüdür.

 

Bu heyvan Uzunayaqlar (lat. Scincidae) kərtənkələlərinin yaxın qohumudur.

 

Kiçik qurşaqquyruq kərtənkələnin bədən ölçüsü müxtəlifdir, yəni 12-70 sm arasında dəyişir. Bu növün dişi fərdi erkək fərdlə müqayisədə bir qədər kiçikdir.

 

"Qurşaqquyruq" adı kərtənkələnin görünüşündən irəli gəlir və onun bədəninin qoruyucu “üzük” forması alması - öz quyruğunu dişləyən ilan və ya əjdaha şəklində təsvir olunan məxluq “Uroboros”a bənzədilir. Oroboros yunan sözü olub “quyruğunu yeyən” deməkdir.

 

Kərtənkələyə Cənubi Afrikanın qayalı və quraq bölgələrində, həmçinin  Madaqaskar adasında belə rast gəlinir. Bu heyrətamiz canlılar qayalı səhra və yarımsəhralarda, kolluq və savannalarda yaşayır. Kərtənkələ əsasən gündüz fəaldır. Daşlardakı çat və boşluqlar kiçik qurşaqquyruq üçün sığınacaqdır.

 

Kiçik qurşaqquyruq digər kərtənkələlərdən düzbucaq formalı iri pulcuqlarının olması ilə fərqlənir. Pulcuqlar xüsusilə arxa nahiyədə iridir, qarın sahəsində isə az inkişaf etmişdir. Quyruqda yerləşən pulcuqlar geniş halqalar əmələ gətirir ki, bunun sayəsində ailə "Qurşaqquyruqlular" adını almışdır. Gövdəsinin açıq və ya tünd qəhvəyi rəngdə olması səbəbindən bəzən onlara “Qızılı qurşaqquyruqlular” da deyilir. Kiçik qurşaqquyruğun gözləri yaxşı inkişaf etmişdir, yuvarlaq göz bəbəyi ilə göz qapaqları ayrı və hərəkətlidir.Təhlükə zamanı kərtənkələ quyruğunun ucunu dişləri ilə tutub topa çevrilir, buna görə də bəzən ona “Armadillo kərtənkələsi” də deyilir.

 

Təbiətdə qurşaqquyruqların bəzi növləri həşəratlarla qidalanır, digərləri isə tamamilə ot yeyəndir. Uzunluğu 70 sm-ə qədər olan daha böyük fərdlər özündən kiçik olan digər kərtənkələləri belə ovlayır.

 

Adətən qurşaqquyruq kərtənkələlərin ömrü 25 ildən çoxdur, lakin kiçik qurşaqquyruğun ömrü 5-7 ildir.

 

Afrikanın cənub bölgələrində yaşayan kiçik qurşaqquyruq soyuq mövsümdə qış yuxusuna gedir.

 

Qurşaqquyruq cinsinə aşağıdakı növlər və alt növlər daxildir: Əsl qurşaqquyruqlar (kiçik qurşaqquyruq, nəhəng qurşaqquyruq, adi qurşaqquyruq və Şərqi Afrika qurşaqquyruğu); Plazitavr (Cordylidae) və Hamezaurlar (Chamaesaura) . Ailəyə təxminən 70 növ daxildir.