Görkəmli şəxsiyyətlər

Zərifə Budaqova

Zərifə İsmayıl qızı Budaqova 1929-cu ildə İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində anadan olmuşdur. O, 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirmiş və həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin filoloji fakültəsinə daxil olmuşdur.

 

1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə oranı bitirmişdir. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil olan Zərifə xanım təhsilini Moskvada davam etdirmişdir. O, 1953-cü ildə Moskvada namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edərək dilçi azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru olmuşdur.


1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edilir və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edir. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilmişdir. Zərifə xanım 1989-cu ilin noyabrında Bakıda vəfat etmişdir.


Z. Budaqova 150-dən artıq əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 25 elmlər namizədi yetişmişdir. Onun rus dilində yazdığı “Грамматика aзербайджанского языка” monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilmişdir.


Zərifə xanım akademik, Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Budaq Budaqovun həyat yoldaşı idi.