Görkəmli şəxsiyyətlər

Məmməd Arif Dadaşzadə

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində anadan olmuşdur.

 

Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitirmiş (1920-1925), Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1925-1928). Filologiya üzrə namizədlik (1944), doktorluq (1954) dissertasiyaları müdafiə etmiş, professor (1955) elmi adını almışdır. AEA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmişdir. Azərbaycan Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosenti işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri olmuş (1932-1938), SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1938-1939), direktoru (1939-1950, 1957-1959), “Vətən uğrunda” jurnalının redaktoru (1941-1945), Azərbaycan Maarif nazirinin müavini (1946) vəzifələrində çalışmışdır. Azərbaycan EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1959), sonra AEA-nın vitse-prezidenti (1960-1975) olmuşdur. Azərbaycan EA Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri (1957-1975), Azərbaycan Respublikası Ali Sovetinin sədri (1963-1967) olmuşdur.

 

O, ilk dəfə “Azərbaycan sovet ədəbiyyatı tarixi”ni yazmışdır (1944). Alimin “Cəfər Cabbarlının yaradıcılıq yolu” (1956) və “Səməd Vurğunun dramaturgiyası” (1964) monoqrafiyaları, “Azərbaycan xalqının ədəbiyyatı” (1958), “Azərbaycan ədəbiyyatı tarixi” (1972) və s. kitabları milli ədəbiyyatşünaslığmızın fundamental əsərlərindəndir. İkicildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1957-1960), “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (1963), iki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (1967) kimi nəşrlərin yaranması bilavasitə M. Arifin adı, elmi fəaliyyəti ilə bağlıdır. Alimin bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir.

 

Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1974) adına layiq görülmüş, “Lenin” ordeni (1971), iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1939, 1964), “Oktyabr inqilabı» ordeni (1974) ilə təltif olunmuşdur. Məmməd Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır.

 

Məmməd Arif Dadaşzadənin oğlu Araz Dadaşzadə (1936-1990) tənqidçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi olmuşdur.