Şeirlər

Yusif Dirili. Yaz gələndə

Hələ qar əriməmiş,
İlk yaz sevincək gəlir.
Danaqıran qovzanıb,
Torpağın bağrın dəlir.

 

Bahar özün yetirib,
Çöl-çəmənlər oyanmış.
Qızılgül qönçələnib,
Yasəmənlər oyanmış.

 

Alabaxta kirimir,
Qumru ötür budaqda.
Zağca, qaranquş, leylək
Durna gəlib havaxdan.

 

Torpaq ilıq nəfəsin
Dənə, toxuma verir.
Quzuqulağı, yemilik,
Yerbəyerdən göyərir.

 

Sular qışqırıq salıb,
Dərələrdən axır hey.
Göylərin gözü dolub,
Hərdən şimşək çaxır hey.

 

Kəsmir selləmə yağış,
Düz-dünyanı yuyunca.
Nə xoşdur seyr eləmək
Təbiəti doyunca.