Şeirlər

Bayram İsmayılov. Ana

Bu gün 8 mart günü,
Bu gün sənin bayramın
Təbrikini qəbul et,
Sənə candan yananın.

 

Həyatımın mənası
Aynasısan sən, ana.
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana

 

Əzəl gündən varlığım,
Müqəddəsimsən mənim.
Sən ey övlad yolunda,
Şam kimi əriyənim.

 

Hansı varlıq qarşında
Baş əyməyib heyrətdən.
Ana, biraz yaxın gəl
Qoy öpüm gözlərindən.

 

Səndə olan ətri mən
Heç bir güldə duymadım.
Nədən desən doyaram,
Ana, səndən doymadım.

 

Sən mənə yanan kimi
Sənə yana bilsəydim,
Özümü bu dünyanın
Ən xoşbəxti sanardım.

 

Uca tut ki, başını
Vüqar sənə yaraşır.
Səni məğrur görəndə,
Sevincim həddən aşır.


Ana, mənə layla çal,
Nəğmə de həzin-həzin.
Ana, elə gül ki, sən
Bu dünya silkələnsin.

 

Daim səni şad görüm,
Qəm gözündən silinsin.
Ana, bir də qəh-qəh çək,
Yer kürəsi titrəsin.

 

Titrəsin, silkələnsin,
Məhvərindən titrəsin.
Sən gül ki, asimandan
Qoy gülüm səpələnsin.