Şeirlər

Nahidə Əhmədova. Keşikçi kirpi

Bir kirpi gördü,

Bağçada Kənan.

Küçəyə çıxıb,

Dedi: -Uşaqlar,

Bağda kirpi var.

 

Uşaqlar bağa

Qaçıb gəldilər.

Kirpi gizlənib,

Dərhal bildilər.

 

Harda gizlənib

Bu kirpi axı?

Bayaqdan bəri

Axtarıb bağı

Tapa bilmirik,

Biz onu hələ.

Üzə çıxsana,

Ay kirpi lələ.

Harda gizlənib,

Hara qaçmısan?

Gəl, alma verim,

Bəlkə acmısan?

Uşaqlar onu,

Çağırdılar çox.

Amma kirpidən

Xəbər-ətər yox.

Yerəmi girib,

Göyəmi çıxıb?

Bəlkə də kirpi 

Girib deşiyə,

Çıxsın eşiyə.

Acıqlanaraq

Getdi uşaqlar.

Tək qalıb bağda

Dedi ki, Kənan:

-Qorxma, çıx çölə,

Ay kirpi qağa.

Keşikçi qoydum,

Səni bu bağa.