Qarabağ

Laçın rayonu

Laçın- Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.

 

Laçın şəhərinin yerini XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi seçmiş, Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasını verir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir.  

 

Laçında dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

 

Rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. 

 

Bu torpağın öz əsrarəngiz gözəlliyi, təbii sərvətləri və bol-bol nemətləri hər zaman insanı özünə heyran edib. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da, burada əkinçilik, arıçılıq, bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından çox istifadə olunurdu. Laçının çox keyfiyyətli su mənbələri vardı. 

 

Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində işğal edilmişdi. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərirdi.

 

Laçının 28 illik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

 

Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.


Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.