Təbiət

Lənkəran anodontu

Anodonta cinsinin Qafqazda 5 növü və 2 yarım növü, Azərbaycanda isə 3 növü yayılmışdır.

Anodonta Yumurtavari formadadır. Bədən nisbətən şişkindir. Çanağın uzunluğu 140, hündürlüyü 70, şişkinliyi isə 60 mm-ə qədərdir. Çanaq iri, qalın divarlı və sərtdir. Qismən sıxılıb girdələnmiş ön kənar üst kənarla, əsas növ üçün xarakter olan küt bucaq əmələ gətirmir. Aşağı hissə çəpinə kəsilmişdir. Arxa kənar qismən kəsik, getdikcə girdələnərək arxaya uzanır və sanki küt “dimdik” əmələ gətirir. Çanağın zirvəsi (təpə nöqtəsi) çanağın ön 1/3-də yerləşmişdir. Liqament və kilid uzun və möhkəmdir. Çanağın üzəri sıx qabırğalarla örtülüdür. İllik həlqələr aydın görünür. Epidermis zəif inkişaf etmişdir. Kilid dişsizdir. Çanağın içəri səthi hamar və parlaqdır. Onun üzərində zəif radial şüalar görünür. Şüalar çanağın zirvəsindən kənara uzanır. Sədəfi ağ-mavi rəngdədir, o, çanağın ön tərəfində daha qalındır. Balıqların qida və inkubasiya obyekti kimi əhəmiyyət kəsb edir. Kərkə balığının çoxalması bilavasitə bu cinsin ayrı – ayrı növləri ilə bağlıdır.  

Anodontalara Lənkəran çaylarının mənsəbində, əsasən Qumbaşı və Təngərü çaylarında rast gəlinir. Arealı sürətlə kiçilir. Kür çayının mənsəbində də qeyd olunması haqda məlumat vardır. 

Anodontalara əsasən çayların bitkilərlə zəngin olan zəif axarlı sahələrində lilli-qum biotopunda rast gəlinir.  Mayalanma daxilidir. Qloxidilər (sürfələr) mollyuskanın qəlsəmələrində yetişir. Tam formalaşmış qloxidilər yaz fəslində qəlsəmələri tərk edib balıqlara keçir və əsasən onların üzgəclərində parazitlik
edir. Beləliklə də onlar yayılırlar. Az hərəkətli olub, yarıya qədər torpağa girərək yaşayırlar.