Bu maraqlıdır!

Mayak

Xüsusi yol nişanları olmayan, adamı yol ayrıclarından, döngələrdən, yaxınlıqdakı şəhərlərdən xəbərdar etməyən şose təsəvvür edirsiniz? Təbii ki, yox. Dəniz yollarında da eynən belə xəbərdarlıq nişanlarına ehtiyac olur. Mayak da onlardan biridir. Onun işığı dənizçilərə limanın yolunu göstərir. Onun köməyi ilə özünüzün dənizdəki yerinizi təyin edə bilirsiniz, işığı gəmiləri sualtı qayalardan, başqa təhlükəli yerlərdən xəbərdar edir.


İlk mayaklar başında alov yanan kiçik qüllələrdən ibarət idi. Görünür, belə qüllələr insanlar dənizlərə çıxmağa başlayan zamanlardan, yəni neçə min il əvvəldən var. Heç kəs ilk mayakın nə vaxt yarandığını bilmir. Dəqiq bəlli olanı budur ki, eramızdan əvvəl 7-ci əsrdə artıq çox məşhur bir mayak varmış: Gellespont yaxınlığındakı Sigeum burnunda ucalan mayak.


Keçmiş zamanların ən məşhur mayakı isə Misirdə, İskəndəriyyə şəhərindəki mərmər Faros mayakıdır. Onu durduğu adanın şərəfinə adlandırmışdılar. Həmin mayak qalsaydı, yəqin, bu gün onun qiyməti milyonlarla dollar olardı, çünki İskəndəriyyə mayakı dünyanın yeddi möcüzəsindən biri seçilmişdi. Bu mayakın başında yanan güclü alov bizim eranın 3-cü əsrinə kimi gəmilərə İskəndəriyyənin yolunu nişan verirdi.


Romalılar da neçə-neçə əzəmətli, məşhur mayak inşa etmişdilər, məsələn, müasir Fransa ərazisindəki, 17-ci əsrədək işləyən Buloni mayakı. Onların inşa etdiyi mayaklar müasir qurğulara nisbətən çox balaca, zəif idi. İndi sahil xətti olan hər bir ölkə öz hökumətinin tərkibində mayakların inşası və istismarı ilə məşğul olan xüsusi  komissiyaya malikdir.


Mayakı quruda tikmək mümkün olanda, onun quruluşu çox sadə olur, inşası ucuz başa gəlir. Lakin mayakı daim dalğaların hücumuna məruz qalan bir qayada, yaxud qumsallıqda, dənizin dayazlığında qurursansa, ağır mühəndis problemləri öz həllini tapmalıdır. 
Mayakın qülləsi sərt daşdan, məsələn, qranitdən, yaxud başqa daşdan inşa edilir və ya sərt daşlarla üzlənir. Qülləni dəmir-beton konstruksiyadan da qurmaq olar. Əsas məsələ onun dayanıqlı olması, insanlara uzun müddət qulluq edə bilməsidir.