Bu maraqlıdır!

Kiçik həcmli muğamlar

Əsas muğamlardan fərqli olaraq kiçik həcmli muğamlarda şöbə və guşələrin miqdarı azdır. Əsas muğamlardakı böyük inkişaf və getdikcə artan emosional gərginlik kiçik həcmli muğamlarda yoxdur. Bu muğamlar zil-bəm və ya bəm-zil-bəm registrli şöbə və guşələrdən ibarətdir.

 

Kiçik həcmli muğamlar müstəqil şəkildə yaranmamışdır. Onlar keçmişdə hər hansı bir muğam dəstgahının şöbəsi olmuşlar.

 

"Qatar", "Bayatı-Kürd", "Dəşti" kimi muğamlar dəstgahlardan ayrılaraq kiçik həcmli müstəqil muğamlara çevrilmişlər.

 

Müasir dövrdə ifa olunan kiçik həcmli muğamlardan yalnız ikisi ("Rəhab" və "Şahnaz") müstəqil dəstgah olmuşdur. Sonralar çoxlu şöbə və guşələri özündə birləşdirən "Rəhab" və "Şahnaz" dəstgahları bəzi şöbə və guşələrdən azad olunmuş, kiçik həcmli müstəqil muğama çevrilmişlər.


Beş kiçik həcmli muğamlar, yeddi əsas muğamlardan yalnız iki muğamın lad-məqamına əsaslanır. Kiçik muğamlardan "Qatar" "rast" lad-məqamına, "Rəhab", "Şahnaz", "Bayatı-Kürd" və "Dəşti" isə "şur" lad-məqamında ifa olunur. Bunula əlaqədar olaraq "Qatar"-"Rast" muğam ailəsinə aid olduğu halda, "Rəhab", "Şahnaz", "Bayatı-Kürd" və "Dəşti" isə "Şur" muğam ailəsinə daxildir.

 

Əsas muğamlardan fərqli olaraq kiçik həcmli muğamlarda «Bərdaşt» olmur ("Rəhab" müstəsna olmaqla. Onun "Bərdaşt"ı "Şüştər"də olduğu kimi "Əmiri" ilə başlanır).Əksər hallarda kiçik muğamlarda «Bərdaşt» əvəzinə təsnif ifa olunur ki, bu da muğamın kompozisiyasında mühüm əhəmiyyətə malikdir. Kiçik həcmli muğamların əvvəlində oxunan təsniflər "Bərdaşt", şöbələr arasında oxunan təsniflər "bağlayıcı", sonda oxunan təsniflər isə "yekunlaşdırıcı" rolunu oynayırlar.

 

İmran Axundov. Azərbaycan muğamları