Təbiət

Ədviyyatların faydaları

Ədviyyatlar mahiyyətcə dərman bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir sərhəd qoymaq olmaz. Ədviyyatlar çox qədim dövrlərdən başlamış hazırki dövrə kimi hazırlanan xörəklərin dadını yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq məqsədilə istiadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, kərəvizi, cəfərini, şüyüdü və s. göstərə bilərik. Ədviyyatlar mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə şərait yaradır.
 
Toplanan ədviyyat bitkilərinin lazımı şəraitdə qurudulması ədviyyat xammalı tədarükü işinin ən mühüm mərhələsidir. Ədviyvat bitkilərini (otunu, yarpağını, çiçəyin baş hissələrini) havası müntəzəm dəyişdirilən binalarda, kölgəli yerdə və ya çadır altında qurutmaq lazımdır. Gün altında qurudulan ədviyyat xammalı çox tez xarab olur.  Qurutma zamanı xammalı elə çevirmək lazımdır ki, o sınmasın, əzilib qarışmasın. Ədviyyat bitkilərinin daha yaxşı quruması üçün onların altına kağız sərilməlidir. Bu qayda üzrə qurudulan ədviyyat çirklənmir və itkisiz olur.
 
 
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitkilər başa düşülməlidir. Onlar orqanizmin sağlamlığında mühüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və s. antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə malikdirlər. 
Ədviyyat bitkilərinin insan sağlamlığında oynadığı rollardan çox danışmaq olar. Bir sıra ədviyyatlardan çox ehtiyatlı, cüzi miqdarda istifadə etmək məsləhət görülür. Bu ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsusiyyətlərə də rast gəlmək olur. Buna gorə də həkimlər xəstələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı məsləhət görürlər.  Bır sıra dietoloqlar xəstələr üçün tərkibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına çox diqqət verirlər. Ədviyyatlardan insanlar arasında tez-tez baş verən qrip, qızdırma, soyuqdəymə və s. zamanı stifadə elməyi məsləhət görürlər.
 
 
Ədviyyat bitkilərinin kökünü, kökümsov gövdəsini, qabığını, meyvəsini, giləmeyvəsini və toxumunu kölgəli və daimi mehvuran yerlərdə qurutmaq məsləhətdir. Düzgün və münasib şəraitdə qurudulmuş ədviyyat bitkilərinin yarpağı və otu kağız kimi sürüşkən və
yaşıl rəngli olmaqla bərabər, barmaq arasında sıxdıqda asanlıqla əzilib toz halına düşür. Yaxşı şəraitdə qurudulmuş ədviyyat bitkilərinin kökü,  kökümsovu, gövdəsi, qabığı, meyvə, giləmeyvə və toxumları isə kövrəkləşir və yüngülləşir.
 
Ətirli ədviyyat bitkiləri kulinariyada geniş istifadə olunur. Ədviyyatlar qida əlavələri olub, yeməyə acılıq, şirinlik, turşuluq tamı verir. Hər hansı bir xörəyə lazım olduğundan artıq miqdarda qatılan ədviyyat xörəyin keyfiyyətini aşağı salır, ətrini xoşagəlməz, acılaşdırır. Məhz bu xüsusiyyət ədviyyatı qida əlavələrindən və ətirli maddələrdən fərqləndirir. Yeməklərin dada gətirilməsi təkcə duz, istiot, sirkə və s. hesabına ola bilməz. Buna görə də ədviyyatdan istifadə etmək lazımdır. Ədviyyatdan istifadə edərkən ailə üzvlərinin səhhəti nəzərə alınmalıdır. Ədviyyatı tanımaq, istifadə qaydasını və sağlamlığa təsirini bilmək vacibdir.
 
Əlverişli şəraitdə saxlanılan ədviyyatlar xarab olmadan uzun müddət qala bilər. Hər bir ədviyyat ayrılıqda, ağzı möhkəm bağlanan bankada saxlanılmalıdır.
 
 
Yeməyə bir neçə ədviyyat səpilərsə, onlar elə döyülməlidir ki, dənəvərləri eyni olsun.