Şeirlər

Abdulla Şaiq. Bülbül

Oxu, bülbülüm, oxu,

Yazdır, səhər çağıdır.

Oxu, sənin xoş səsin

Şənliklər qaynağıdır.

 

Oxu, oxu, xoş nəğmən 

Nəşə versin ellərə.

Şən səsin, xoş nəfəsin

Yayılsın bu çöllərə.

 

Oxu, çöldə, çəməndə, 

El əkəndə, biçəndə,

Başla yeni bir dastan

Biz bənövşə dərəndə.

 

Bülbülüm, tik yuvanı,

Bəslə, böyüt balanı.

Qoy nəsliniz çoxalsın,

Biz böyüyən zamanı.