Təbiət

Sifaka

Sifaka  Madaqaskarın yarpaqlı və həmişəyaşıl meşələrində rast gəlinən, Indriidae ailəsinə aid olan orta ölçülü lemura bənzər primatdır. 


Sifakalar orta ölçülü yarı meymunlardır: ölçüləri 45-55 sm, çəkisi 4-6 kq təşkil edir. Quyruğu bədəni ilə eyni uzunluqdadır ki, bu da onları qısa quyruqlu indrilərdən fərqləndirir. Uzun quyruq ağacdan-ağaca tullanarkən tarazlıq kimi istifadə olunur. Sifaka bir dəfəyə 10m məsafəyə tullanmağa qadirdir. Güclü arxa ayaqlar da tullanmada böyük rol oynayır. Ön ayaqları arxa ayaqlarından daha qısa və zəifdir.


Xəzi uzun və yumşaqdır, rəngi sarımtıl-ağdan qara-qəhvəyi rəngə qədər dəyişir (növdən asılı olaraq). Ağız nahiyəsi həmişə qara və tüksüzdür, gözlər sarı və ya narıncı rəngdədir.


Adanın sakinləri üçün sifakalar da daxil olmaqla bütün lemurlar müqəddəs və toxunulmazdır: onların fikrincə, bu heyvanlar yer üzünü tərk etmiş əcdadlarının ruhlarıdır və sifakalar adalılar tərəfindən digər heyvanlardan daha çox sevilirlər. 


Ümumilikdə, Propithecus cinsinə 9 növ daxildir: Propithecus candidus, Propithecus coquereli, Propithecus coronatus, Propithecus deckenii, Propithecus diadema, Propithecus edwardsi, Propithecus perrieri, Propithecus tattersalli və Propithecus verreauxi. Bütün bu növlərin bədən quruluşu eynidir, lakin yalnız bir-birindən rəngləri ilə fərqlənirlər.


Sifakalar daha çox səhər və ya günortadan sonra fəal olurlar, günorta istisində istirahət edirlər. 


Qida rasionu - əsasən yarpaqlardan ibarətdir, lakin meyvələr, ağac qabığı və çiçəklər də yeyir. Ümumilikdə, 98 bitkinin müxtəlif hissələri ilə qidalanır. Tərkibində tanen olmayan yarpaqlara üstünlük verilir. Onlar vaxtlarının 40%-ni qidalanmağa sərf edirlər. Ada sakinləri iddia edirlər ki, sifakalar bir çox xəstəliyin müalicənin unikal sirlərini bilirlər: onların sözlərinə görə, sifakalar istənilən yaranın ildırım sürəti ilə sağalmasına kömək edəcək xüsusi yarpaqları asanlıqla tapmağa qadirdilər.


Sifakalar adətən 4-5 fərddən ibarət ailə qruplarında yaşayırlar. Yay aylarında heyvanlar üçün cütləşmə dövrü başlayır və cütləşmədən 4-5 ay sonra bala sifaka dünyaya göz açır. 


Bu heyvanların ümumi ömrü təxminən 25 ildir.


Məlum olub ki, heyvanlar özlərinə ad veriblər, belə ki, təhlükə yaxınlaşdıqda onlar həyəcan verici fərqli səslər çıxarırlar: "şi fak!", məhz buna görə onlar “Sifaka” adlandırılıblar.