Şeirlər

Durnalara xitab

Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabından

 

Göy üzündə bölük-bölük durnalar,
Nədir sizin əhvalınız, halınız?
Bir ərz-hal yazdım yarə söyləyin,
Dost kuyuna düşər isə yolunuz.


Mənim yarım, siz də görüb şaşarsız,
Ol uca dağları necə aşarsız,
Ovçu görən kimi siz də çaşarsız,
Qışdı, qar-amandı sizin eliniz.


Baxın, şahın pəncəsinə düşərsiz,
Çeşməli dağları onda keçərsiz,
Yaz olacağın yaylaqlara köçərsiz,
Qırarsınız qanadınız, qolunuz.


Dərdli Kərəm deyər uğradım dərdə,
Canım qurban olsun mərd oğlu mərdə
Səfil durna, nə gəzirsiz bu yerdə,
Yoxmu sizin vətəniniz, eliniz?!


Qəribəm, yoxdur arxam,
Qanadım yoxdur qalxam,
Çıxam qəlbi dağlara,
Vətənə doğru baxam!