Nağıllar, hekayələr

Zahid Xəlil. Siçanların padşahı pişik

Bir ölkə vardı və bu ölkədə siçanlar yaşayırdı. Siçanların ölkəsi o qədər sakit idi ki, ağac budağı qırılsaydı səsi eşidilərdi. Əlbəttə siçanlar bu sakit ölkədə çox rahat yaşayırdılar. Di gəl ki, bir iş həmişə çətinlik törədirdi. Onlar qazandıqlarını bölə bilmirdilər.
Siçanlar fikirləşdilər-fikriləşdilər axırda belə qərara gəldilər ki, özlərinə bir padşah seçsinlər. Amma padşah seçmək məsələsi çox çətin oldu. Sən demə Siçanların özlərindən layiqli bir padşah tapmaq mümkün deyilmiş. Buna görə də onlar Pişiyi özlərinə padşah seçməyi qərara aldılar. Dünyagörmüş siçanlar yığıb saxladıqları bir qab yağı Pişiyə aparıb dedilər:
—Ey dünyanın ağıllı Pişiyi, bu yağı qəbul elə və bizim padşahımız ol!


Pişik yağı yeyib, bığlarını yaladı və qapısına gələnlərə dedi:
—Əgər bir qab da yağ gətirsəniz bu barədə fıkirləşmək olar.


Daha dayanmaq olardımı? Siçanlar əl-ayağa düşdülər. Kəndə hücum edib, daha iki cam yağ gətirdilər. Pişik həmin yağı da aşırıb dedi:
—Bir halda ki, zəhmət çəkib gəlmisiniz, daha sizin sözünüzü yerə salmayacağam ki. Gedəyin!


Görəydiniz ki, siçanlar bu işə necə sevinirdilər. Onlar bir-birinin quyruğundan tutub atıla-atıla gedir və qışqırırdılar:
—Yol verin, siçanlar ölkəsinin padşahı Pişik gəlir. Pişik fıkirləşdi ki, əgər o elə əvvəlki kimi yerisə padşaha oxşamaz.


Buna görə də arxa ayaqlarının üstündə yeridi. Onun qabaq ayaqlarını iki siçan çiynində saxlamışdı. Əlbəttə, padşahın ayaqlarını çiynində saxlamaq üstündə bərk basabas düşdü.

Hamı belə bir səadətə çatmaq istəyirdi. Amma hər yerdə olduğu kimi burada da zirəklər qabağa düşdü və Pişiyin qabaq ayaqlarını çiyninə götürüb, aramla irəliləməyə başladılar.


Pişik əlinin altında irəliləyən kök siçanlara baxıb ağzının suyunu güclə saxlayırdı.
—Bura bax, — deyə o düşünürdü. — Bu qədər siçanın hamısını tək necə yeyəcəksən, hə?


Pişik beləcə şirin xəyallara dalmışdı ki, yuvasının ağzında dayanıb gözləri qamaşa-qamaşa siçanlara baxan bir porsuq soruşdu:
—Ay camaat, bu nə vur-çatdasındı belə?!
—Geri çəkil, ayaq altında qalıb əzilərsən! Görmürsən padşah gəlir?!


Porsuq yuvasına çəkilib yox oldu.
Pişik siçanlar ölkəsinin padşahı olandan sonra doğrudan da hər şey ədalətlə bölünməyə başladı. Məsələn siçanlar bir sərnic yağ tapıb gətirmişdilər. Pişik onu ədalətlə belə böldü:
—Yarısı mənim, yarısı da sizin hamınızın.


Siz görəydiniz siçanlar bu ədalətli bölgüdən sonra necə sevinirdilər. — Bax, padşah buna dеyərəm. Yoxsa indiyə kimi tapdığımızı bölə də bilmirdik, — deyə onlar atılıb düşürdülər.


Siçanlar öz paylarını yuvalarına aparana qədər Pişik payını yeyib qurtardı və qışqırdı:
—Bura baxın bəs öz payınızdan padşaha verməyəcəksiniz?


Siçanlar əl-ayağa düşdülər. Doğrudan da bu qədər axmaqlıq olmazdı. Necə olub ki, onlar bu barədə fıkirləşməyiblər. Axı hər kəs gərək öz payından padşaha da verəydi, ya yox?!


Yenə də zirəklər hamıdan qabağa düşdü. Onlar paylarının çoxunu pişiyə verib padşahın onu necə yediyinə baxıb ləzzət alırdılar. Siçanlar böyük pişiyin padşahlığı altında beləcə yaşayırdılar. Amma vəziyyətləri gündən-günə ağırlaşırdı. Çünki pişiyin iştahası hər gün artır, siçanların tapıb gətirdikləri şeylərin demək olar ki, hamısını tələb edirdi.


—Əlinizə düşən ən ləzzətli şeyləri mənə gətirə bilərsiniz, sizə qətiyyən acığım tutmaz, — deyə Pişik onlara mehribanlıq göstərirdi. İlk vaxtlar bu mehribanlıq siçanların ürəyindən idi. Onlar belə bir padşahları olduğu üçün hətta günlərlə ac qalmağı özlərinə şərəf hesab edirdilər. Amma şərəf öz yerində, yeməsən ölə bilərsən, axı! Siçanlar həqiqəti başa düşəndə artıq çox gec idi. Demək olar ki, hər gün kolların dibindən 3-4 siçan ölüsü tapılırdı. Pişik həmin siçan ölülərini görüb deyirdi:
—Padşahın yolunda ölümə gedən siçanlar da bizim üçün əzizdir. Bu siçanların ətini yeməliyik ki, onların da ruhu şad olsun. Bu sözləri deyib özü işə girişirdi. Siçanlar gözlərini açana qədər Pişik onları yeyib qurtarırdı.


Günlərin bir günü siçanların ən axmağı dedi:
—Deyəsən bu Pişik bizim axırımıza çıxacaq axı.
Ağıllı siçanlar o saat axmaq yoldaşlarını başa saldılar ki, boş-boş danışmasın. Belə danışdığı üçün onu hamı sarsaq adlandırırdı.
—Yox, axı, — deyə həmin o sarsaq siçan davam etdi.
—Necə edək ki, bu Pişikdən canımız qurtarsın.


Yaxşı deyiblər ki, dəlidən doğru xəbər. Siçanlar elə bil indicə ayıldılar və başa düşdülər ki, Pişik həqiqətən onların axırına çıxacaq.


Pişik gələndə hamıdan zirək tərpənən, padşahın ayaqlarını çiynində gətirən həmin o siçanlar indi deşiklərindən çölə çıxmayıb əhvalatın axırını gözləyirdilər. Dünyanın işini nə bilmək olardı. Siçanlar sözü bir yerə qoyub yuvalarından çölə çıxmadılar. Pişik əvvəlki kimi yuxudan durub gərnəşdi, bığlarını yağlayıb iştahla dedi:
—Acımışam mənə yağlı kökə gətirin!
Amma nə qədər gözlədisə ona yağlı kökə gətirən olmadı.

—Bura baxın, siz deyəsən kar olmusunuz, eşitmirsiniz, yağlı kökə istəyirəm?


Siçanlar balaca yuvalarından balaca burunlarını çıxarıb diqqətlə baxırdılar. Onlar Pişiyin çıxıb getməsini istəyirdilər.
Amma hələ Pişik işin nə yerdə olduğunu başa düşmürdü.
Bayaqkı axmaq siçan balaca burnunu bir az da çölə çıxardıb dedi:
—Biz daha sənin padşahlığını istəmirik, çıx get!


Bu zaman yüzlərlə yuvadan eyni vaxtda hər siçan iki dəfə "ah" və üç dəfə "uyy" edib işin axırını gözlədi. Pişik işi belə görüb yuvalara hücum çəkdi. Amma siçanlar o saat geri çəkildilər. Pişiyin pəncəsi onlara çatmadı.
Axşamüstü Pişik o qədər acıdı ki, haldan düşdü.
Bayaqkı sarsaq siçana dedi:
—Bura bax, dost, bunların içində yenə sən yaxşısan, çıx çölə səni yeyim. Onsuz da siçanlar arasında elə bir hörmətin yoxdu. Daha yaşamağının da bir mənası qalmayıb.
—Mənasız yaşayan sənin kimi olar. Biz qazanırıq sən ötürürsən içəri.


Bundan sonra daha siçanlarla danışmağına dəyməzdi.


Beləcə Pişik çıxıb getdi və siçanlarla ömürlük düşmən oldu.


İndi pişiklər harda siçan görsələr babaları Pişik padşahın intiqamını almaq üçün onların üstünə atılırlar.