Nağıllar, hekayələr

Bəbir və çaqqal. Afrika xalq nağılı

Ovdan qayıdan bəbir kəndin yaxınlığında qoyun gördü. Əvvəllər bəbir heç vaxt belə heyvan görməmişdi. O qorxdu və qoyuna cəsarətsiz halda yaxınlaşıb soruşdu:
- Dostum, salam! Sənin adın nədir?


Qoyun ayaqlarını tappıldatdı, bərkdən mələdi:
- Mən qoyunam. Bəs sən kimsən?
- Mən bəbirəm, - deyə bəbir cavab verdi. Bunu deyib, o, qorxaq kimi tez burdan uzaqlaşdı.

 

Yolda bəbir çaqqala rast gəldi və çox qorxulu heyvanı gördüyünü söylədi. Beləsi ilə o hələ üz-üzə gəlməyib.

 

Çaqqal güldü:
- Oh, sən necə də axmaqsan, bəbir! Sən çox ləzzətli ət parçasını əlindən buraxmısan. Sabah ora birgə gedərik, onu tutub yeyərik!

 

Ertəsi gün bəbir və çaqqal qoyunu əldə etməyə yollandılar. Onlar kəndə yaxınlaşdılar. Elə bu vaxt qoyun çəməndə otlamağa hazırlaşırdı. O təpədə bəbir və çaqqalı görüb qorxdu. Tez arvadının yanına qaçıb dedi:
- Orada, təpədə bəbir və çaqqal gördüm. Onlar bizə gəlirlər. Belə görürəm ki, bizim axırımız çatıb!

- Qorxma! – deyə arvad cavab verdi, - öz balanı götürüb, onların qabağına çıx. Bəbir və çaqqal yaxınlaşan kimi uşağı çimdiklə, qoy ağlasın, guya acdır.

 

Qoyun elə də etdi: balasını götürüb, bəbir və çaqqalın qarşısına çıxdı.

 

Bəbir quzunu görən kimi yenə də qorxdu, hətta geri qayıtmaq istədi. Lakin çaqqal bəbiri özünə dəri iplə bağlamışdı.

- Gəl mənimlə gedək!


Bu vaxt qoyun quzunu çimdiklədi, o da bərkdən mələdi. Qoyun üzünü çaqqala tutub, dedi:

- Sağ ol, çaqqal, nə yaxşı bəbiri mənim yanıma gətirmisən. Görürsən balam necə acdır, yemək istəyir. Bu sözləri eşidən bəbir qorxudan qışqırmağa və qaçmağa üz tutdu. O dayanmadan təpələri, dağları aşaraq qaçdı. Bəbir özü ilə çaqqalı da dartıb aparırdı. Bu

cür o evə kimi qaçdı.