Şeirlər

Rəfiqə Qasımqızı. Qarpız

Yupyumrudur top kimi,
Zolaqları yamyaşıl.
Gecələyir bostanda,
Sakitcə, mışıl-mışıl.

 

İçi qıpqırmızıdır,
Kim rəngləyib bunları.
Cərgə-cərgə düzülüb,
Qara-qara tumları.

 

Dadı elə şirindir,
Sanki şəkər qatılır.
Dilimlənib yeyilir,
Qabıqları atılır.

 

Gün keçdikcə böyüyür,
Şirinləşib dadlanır.
Deyə bilərsinizmi,
Bu yumru nə adlanır.