Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. X fəsil

Qaçış

Hər iki uşaq qorxudan nəfəsləri kəsilə-kəsilə var gücləri ilə şəhərə tərəf qaçırdı. Arabir, onları qovurmuşlar kimi, qorxa-qorxa dönüb dala baxırdılar. Qaranlıqda qarşılarına çıxan hər bir kötüyü adama, düşmənə oxşadaraq, qorxularından ölürdülər; onlar şəhərin lap yaxınlığındakı tənha evlərin yanından keçdikdə itlər ayılıb hürüşməyə başladılar, bunu eşidən uşaqlar sanki qanad açdılar. 


- Birtəhər özümüzü xaraba gön zavoduna yetirə bilsəydik, - deyə Tom, güclə nəfəsini ala-ala pıçıldadı. 


- Mən lap əldən düşmüşəm! Heklberri cavab əvəzinə bərkdən tövşüyürdü, hər iki uşaq var qüvvələrini toplayaraq arzu etdikləri yerə tərəf qaçmağa başladı. Daldalanacaqları yer getgedə yaxınlaşırdı, nəhayət, onlar özlərini açıq qapıdan çiyin-çiyinə içəri salaraq, yerə yıxıldılar. Artıq xilas olduqlarına sevinirdilər. Onlar yavaş-yavaş nəfəslərini dərdilər, ürəkləri aramla döyünməyə başladı. Tom pıçıltı ilə dedi: 


- Heklberri, səncə bu işin axırı nəylə nəticələnəcək? 
- Əgər həkim Robinson ölmüş olsa, yəqin ki, dar ağacı ilə... 
- Sən eləmi düşünürsən? 
- Düşünmək nədir, lap yəqini belədir. Tom bir qədər susub, yenə soruşdu: 
- Bu məsələnin üstünü kim açacaqdır? Bizmi? 
- Nə boş-boş danışırsan! Biz nə bilək ki, iş nə yerdə olacaq... Birdən bəlkə hindi Conu asmadılar, onda necə olsun? O bizi öldürər, indi olmasa da, sonra mütləq öldürər. 
- Elə mən özüm də belə düşünürəm, Hek. 
- Xəbər vermək lazımdırsa, qoy elə Mef Potterin özü versin, axmağın biridir, ondan hər şey gözləmək olar. Özü də ki, həmişə kefli olur. Keflinin də ki, dünya vecinə deyil. Tom heç bir cavab vermədi - o fikirləşirdi. Sonra pıçıldadı: 
- Hek, axı Mef Potterin heç bir şeydən xəbəri yoxdur, o necə xəbər verə bilər? 
- Necə yəni xəbəri yoxdur? 
- Ona görə ki, Co bıçağı həkimin sinəsinə endirəndə Mef Potter ölü kimi yerə sərələnmişdi. Sən elə bilirsən o bir şey görüb? Səncə, " onun bir şeydən xəbəri var! 
- Vallah, lap doğru deyirsən, Tom, elədir ki, var! 
- Bir də, bilirsən nə var? Bəlkə elə taxtanın zərbəsindən onun özü də ayaqlarım uzadıb. 
- Yox, Tom, ağlım kəsmir. Axı onun kefli olduğu aydın görünürdü. Bir də ki, onun heç ayıq vaxtı olmur. Lap elə mənim atamın özünü götürək: elə ki içib yıxıldı, lap dor ağacıyla döysələr də, xəbəri olmaz. Bunu o özü də deyir. Mef Potter də onun kimi, məsələ aydındır. Ancaq ayıq olsaydı, bəlkə də elə bir zərbədən ayaqlarını, sən deyən kimi, uzadardı. Tom yenidən düşünərək dedi: 

 

- Hek, sən ağzından bir söz qaçırmazsan ki? 
- Tom, sən özün çox yaxşı bilirsən ki, biz heç bir söz danışa bilmərik. O quduz hindini asmasalar, bizi pişik balası kimi boğub çaya atar - hünərin var, ağzından bir söz qaçır. Bura bax, Tom, gəl and içək, bir-birimizə söz verək ki, bu sirri möhkəm saxlayacağıq, yoxsa başqa cür olmaz. 
- Nə olar, mən razıyam. Bu, hamısından yaxşıdır. Gəl əllərimizi yuxarı qaldırıb and içək. 


- Yox, belə yaramaz. Belə and adi iş görəndə, xüsusilə qızlar üçün yarayar, bərkə düşəndə ağızlarından bircə kəlmə söz saxlaya bilmirlər. Bu isə ciddi məsələdir, bu and yazılı olmalıdır. Özü də mütləq qanla. Tom bu fikri ürəkdən alqışladı. Bu çox sirli, anlaşılmaz və qorxunc bir iş idi; qaranlıq gecə, belə bir hadisə, onları əhatə edən mühit - hamısı bir-birinə uyğun gəlirdi. 

 

O, Ay işığında ağaran şam talaşasını götürdü, cibindən bir parça sülügən çıxartdı və elə oturdu ki, Ayın işığı onun əlinə düşsün; sonra yoğun yazdıqda dilini dişləyə-dişləyə, nazik yazdıqda isə dilini çıxarda-çıxarda çətinliklə aşağıdakı sözləri cızdı: "Hek Fin və Tom Soyyer and içirik ki, bu məsələ barədə ağzımızdan bircə kəlmə də söz qaçırmayacağıq, əgər bir adama bir söz desək və ya bircə kəlmə yazsaq, qoy elə yerimizdəcə canımız çıxsın". Heklberri Tomun belə asanlıqla yazmasına və onun yaxşı cümlə qurmasına lap heyran qalmışdı. O, elə o saatca gödəkcəsinin yaxasından sancaq çıxarıb barmağını deşmək istəyirdi ki, Tom onu saxladı: 


- Dayan, belə olmaz! Axı sancaq misdəndir, bəlkə üstündə pası var. - Pas nədir? 


- Pas zəhyrli şeydir, bircə qırıq qanına keçsə, onda bilərsən nədir. Tom öz iynələrindən birinin sapını açdı, onlar iynəni baş barmaqlarına sancdılar və hərəsi sıxıb bir damcı qan çıxartdı. Çətinliklə barmağından qan çıxarda-çıxarda çox çalışdıqdan sonra Tom çeçələ barmağının ucuyla öz adının baş hərfini yaza bildi. Sonra N və F hərflərinin necə yazıldığını Heklberriyə öyrətdi, bununla da bütün işlər qurtardı. Onlar cürbəcür sirli mərasimlər və əfsunlardan sonra şam talasının divarıən lap dibində basdırdılar, bundan sonra inanmaq olardı ki, onların dili-ağzı bağlanmış, möhkəm qıfıllanmış, açan isə uzaqlara atılmışdır. Həmin dəqiqədə uçuq binanın o biri başındakı iri deşikdən içəri bir adam keçdi, lakin uşaqlar bunu görmədilər. 

 

-Tom, - deyə Heklberri pıçıldadı, - ağzımızdan söz çıxarmamağımıza bunun yəqin ki, köməyi olacaq? Sən buna arxayınsanmı? 

 

- Əlbəttə, köməyi olacaqdır. Fərqi yoxdur, nə olur olsun susmaq lazımdır. Yoxsa elə buradaca canımız çıxacaqdır. Bunu başa düşmürsənmi? - Hə, mən də elə düşünürəm. Tom pıçıldayaraq uzun-uzadı ona nə isə dedi. Birdən lap yaxınlıqda, onca addımlıqda heybətli bir it ulaması eşidildi. Uşaqlar qorxularından bir-birlərinə qısıldılar. Hek güclə nəfəs ala-ala pıçıldadı: 


- Görəsən kimin başını yeyəcək?
- Kim bilir! Get o deşikdən bax, tez ol! 
- Yox, sən baxsan yaxşıdır, Tom! 
- Mən gedə bilmərəm, heç cürə gedə bilmərəm, Hek! 
- Get bax da, nə olar! Odur, yenə ulayır. 
- Allah, sənə şükür! - deyə Tom pıçıldadı. 
- Mən səsindən tanıdım. O, Harbisonun itidir. 
- Yaxşı oldu! Tom, qorxudan az qalırdı bağrım çatlaya, elə bildim ki, sülənti itdir. İt bir də uladı. Uşaqların ürəkləri yenə yerindən oynadı. Heklberri pıçıldadı: 
- Vay, bu it deyil, Tom! Bir bax! Tom qorxudan tir-tir əsə-əsə bu dəfə güzəştə gedərək, irəli yeriyib gözünü deyişə dirədi və güclə eşidiləcək səslə dedi: 
- Hek, evimiz yıxıldı. Bu, sülənti itdir! 
- O kimin başını yeyəcək? 
- Tom, tez ol de! 
- Yəqin ki, bizim! Axı, o bizim lap yaxınlığımızdadır. 


- Tom, işimiz xarabdır! Mənim o dünyada yerim cəhənnəmdə hazırdır. Buna heç şübhən olmasın, çünki günahım nə qədər desən çoxdur. 
- Cəhənnəm olsun hamısı. Bax, tənbəllik edib məktəbə getməməyin, sözə baxmamağın axırı belə olar. Mən istəsəydim özümü Siddən də yaxşı aparardım, amma istəmədim! Əgər bu dəfə birtəhər yaxamı salamat qurtara bilsəm, bir daha bazargünü məktəbindən çıxmayacağam, — deyib Tom yavaşyavaş hıçqırıb ağlamağa başladı. 

 

- Sən özünü pis aparmısan! - deyə Heklberri də ağlamsındı.
- Sən nə danışırsan, Tom Soyyer, mənimlə müqayisə etdikdə sən mələksən! Aman Allah, kaş mən elə sənin yarın qədər yaxşı olaydım! Tom birdən hıçqırığını kəsib pıçıldadı: 
- Ora bax, Hek! O, dalı bizə tərəf oturubdur! Hek baxıb sevindi: 
- Hə, vallah, elədir ki, var, dalı bizə tərəfdir! Bəs əvvəl necə oturmuşdu? 
- Elə əvvəl də belə. Mən axmaq fikir verməmişəm. Bax, bu lap qiyamət oldu, başa düşürsənmi? Bəs o kimin üçün ulayır? Ulama səsi kəsildi. Tom qulaqlarını şəklədi. 
- Sus! Bu nədir? - deyə pıçıldadı. 
- Donuz xorultusuna oxşayır... Yox, Tom, burada kim isə xoruldayır. - Xoruldamağına xoruldayır... Bəs özü hanı, Hek? 
- Məncə, bax, oradadır, o biri başda. Hər halda xorultu səsi oradan gəlir. Bəzən atam da donuzlarla bir yerdə orada yatardı. Ancaq o xoruldamağa başlayanda səsdən qulaq tutulardı. Bir də mən inanmıram ki, o bir daha bu şəhərə qayıda... Macəraçılıq rahu uşaqlarda yenə də baş qaldırdı. - Hek, əgər qorxmursansa, gedək baxaq. 

– Nəsə getmək istəmirəm, Tom? Birdən bəlkə hindi Xo oldu? Tom qorxdu. Ancaq çox tezliklə maraq hissi üstün gəldi, uşaqlar qət etdilər ki, gedib baxsınlar, ancaq xorultu səsi kəsilən kimi dabana tüpürsünlər. Onlar ayaqlarının ucunda - Tom qabaqda. Hek isə onun ardınca yavaş-yavaş irəlilədilər. Beşcə addım yolları qalmışdı ki, birdən Tomun ayağının altında bir ağac çatıltı ilə sındı. Yatan adam inildəyib o biri böyrü üstə çevrildi, Ayın işığı lap onun üzünə düşdü. O adam Mef Potter idi. O tərpəndikdə uşaqların qorxudan ürəkləri qopdu, ölümlərini gözlərinin altına aldılar, lakin bircə anda onların bütün qorxusu yox olub getdi. Onlar ayaqlarının ucunda uçuq hasarı aşaraq yaxınlıqda dayandılar ki, bir-birinə bir neçə kəlmə söz deyib vidalaşsınlar. Lakin bu zaman yenə də heybətli it ulaması təkrar oldu! Onlar dönüb baxdıqda gördülər ki, bir it Mef Potter uzandığı yerin bir neçə addımlığında üzü ona tərəf, ağzını yuxarı tutub ulayır. 

 

Uşaqların ikisi də birdən dilləndi: 
- Aman Allah! Bu it onunçün ulayırmış. 
- Bura bax, Tom, deyirlər ki, iki həftə bundan əvvəl sülənti it gecəyarısı Conni Millerin evinin yanında ulayıb və elə həmin gecə çobanaldadan quşu onların sürahısına qonub, quruldayıb, bəs indiyə qədər onlardan niyə ölən olmayıb? 
- Hə, bilirəm. Nə olsun ki, ölməyib?! Yadındadırmı, Qresi Miller həmin şənbə günü mətbəxdə ocağa yıxılıb bərk yanmışdı! 
- Hər halda ölmədi ki! Yavaş-yavaş yaxşılaşır. 
- Axırını görərsən. Onun işi bitib. Fərqi yoxdur, öləcəkdir. Zəncilər belə deyirlər, bu cür işləri də ki, onlardan yaxşı bilən yoxdur, Hek. Bundan sonra onlar bərk düşüncəyə dalaraq ayrıldılar. Tom yataq otağının pəncərəsindən içəri girdikdə artıq səhər açılhaaçıl idi.

 

O mümkün qədər ehtiyatla paltarlarını soyunub, gecə xəlvəti evdən getdiyindən heç kəsin xəbər tutmamasına sevinə-sevinə şirin yuxuya getdi. Sakit-sakit xoruldayan Sidin bir saatdan bəri oyaq olduğu Tomun heç ağlına da gələ bilməzdi. Tom yuxudan oyandıqda Sid artıq paltarlarını geyinib otaqdan çıxmışdı. Günəş otağı işıqlandırmasından məlum olurdu ki, artıq gecdir. Bunu havadan da bilmək olurdu. Tom təəccüb etdi. Görəsən, nə üçün həmişəki kimi onun zəhləsini töküb oyatmamışlar? Bu fikir onda ən pis şübhələr oyatdı. Beş dəqiqədən sonra o geyinib aşağı düşdükdə özünü çox əzgin və yuxusuz hiss edirdi. Bütün ailə stolun başında əyləşmişdi, lakin onlar səhər yeməyini yeyib qurtarmışdılar. Heç kəs onu məzəmmət etmədisə də, üzünə baxan da yox idi. Stolun başında sükut hökm sürürdü və elə bir gərginlik hiss olunurdu ki, bundan cinayətkarın canına üşütmə düşdü. O, həmişəki yerində oturub özünü şən göstərməyə çalışdı, lakin bu yüklü arabanı yoxuşa dartmaq kimi bir şeydi: onun nə üzünə baxan, nə də səsinə səs verən oldu. Tomun boğazı qurudu, ürəyi yerindən oynadı. Səhər yeməyindən sonra xalası onun yanına çağırdı, Tom sevindi ki, ona biriki çubuq çəkəcəklər, yaxası qurtaracaqdır, lakin belə olmadı. İş onun gözlədiyindən daha pis oldu. Xalası gözünün yaşını axıdaraq ondan soruşurdu ki, Tom onun qoca qəlbinə nə üçün bu qədər əzab verir; nəhayət, o bildirdi ki, Tom bundan sonra istədiyi kimi hərəkət edə bilər - qoy özünü məhv etsin, qoca xalasını qəbrə göndərsin; daha onu islah etmək mümkün deyil, Polli xala daha buna heç təşəbbüs də etməyəcəkdir. Bu, ağacla döyülməkdən betər idi. Tomun qəlbi kötəklənmiş bədəndən artıq əzab çəkirdi. O ağladı bağışlanmasını xahiş etdi, düzələcəyinə azı yüz dəfə söz verdi. Nəhayət, azad buraxıldı, lakin başa düşürdü ki, təqsirindən tamamilə keçməyiblər və artıq ona az inanırlar. O, Polli xalanın yanından çıxıb getdikdə özünü elə bədbəxt hiss edirdi ki, Siddən intiqam almaq hətta xəyalına belə gəlmədi, ona görə də Sidin tələsik dal qapını açıb əkilməsi hədər idi. Tom bikef və qanıqara halda məktəbə yollandı, dünən dərsdən qaçdığına görə Co Qarper ilə birlikdə cəzalandırıldı; ürəyində böyük dərdi olan, bununçün də döyülmək kimi boş şeylərə tamamilə laqeyd baxan bir insan ləyaqəti ilə cəzaya davam gətirdi. 

 

Bundan sonra o, öz yerinə keçib çənəsi ovcunda skamyaya dirsəklənərək oturdu, əzab çəkən, dərdi başından aşan bir adam kimi donuq gözlərini divara zillədi. O, dirsəyinin altında nə isə bərk bir şey olduğunu hiss edirdi. Çox uzun bir müddət keçdikdən sonra köksünü ötürərək yavaş-yavaş vəziyyətini dəyişdi və dirsəyinin altındakı kağıza bükülü bərk şeyi əlinə aldı. Tom onu açdı. Dərindən və iztirabla köksünü ötürdü: onun ürəyi yaralanmışdı. Kağıza bükülü şey həmin o mis kürəcik idi. Onun oxu daşa dəymişdi.