Şeirlər

Zeynal Cabbarzadə. Bakı

Parıl-parıl parıldayır küçələr,
Ötən bulud səpələyib yağışı.
Mənim Bakım gözəl olur gecələr
Sinəsində milyon işıq naxışı.

 

Pəncərələr açılmışdır taybatay,
Gəl, qulaq as şirin-şirin hər səsə.
Mahnımızla göydə saysız ulduz, ay,
Səhərədək sanki gəlir həvəsə.

 

Xəzərimin sularına sal nəzər,
Ağ işıqlar elə bil ki, ilandır. 
Sahilində oğlan gəzər, qız gəzər,
Ceyran, Maral deyərsən ki, yalandır.

 

Qız qalası Bakımızın vüqarı,
Bilinməyir hələ neçə yaşı var.
Qız qalası, qatar-qatar divarı,
Qız qalası, oyuq-oyuq daşı var.

 

Parıl-parıl parıldayır küçələr
Ötən bulud səpələyib yağışı.
Mənim Bakım gözəl olur gecələr, 
Sinəsində milyon işıq naxışı.