Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XVIII fəsil

QƏRİBƏ YUXU 


Tomun böyük sirri elə bundan ibarət idi - o, quldur dostları ilə evə birlikdə qayıdıb öz dəfnlərində iştirak etməyi qərara almışdı. Şənbə günü hava qaralana yaxın onlar bir tirin üstündə Missuri sahilinə tərəf üzərək, şəhərdən beş-altı mil aşağıda quruya çıxmış, meşədə gecələmiş, səhər hava işıqlanana yaxın isə dolanbac yollarla kilsəyə gəlib balkonda qırıq skamyaların arasında yatıb yuxularını almışdılar. 


Bazar ertəsi, səhər Polli xala da, Meri də Tomla çox mehriban rəftar edir və bir-birlərinə macal vermədən ona qulluq göstərirdilər. Danışıgın arası bir an belə kəsilmirdi. Birdən söhbətin ortasında Polli xala dedi: 


 -Yaxşı, Tom, mən başa düşürəm ki, az qala bir həftə bizə əzab vermək, incitmək senin üçün maraqlı olmuşdur. Ancaq zarafat xatirinə mənə bu qədər əzab verməyə sənin ürəyin necə gəldi? Bir halda ki,siz tir üzərində üzüb öz dəfninizə gələ bilmişsiniz, demək mənə də bir növ işarə etmək olardı ki, ölməmisən, ancaq evdən qaçmısan.


Meri dedi: 


- Elədir, Tom, sən bunu edə bilərdin. Mənə elə gəlir ki, bu sənin ağlına gəlməyib, yoxsa edərdin. 
- Doğrudurmu, Tom? – deyə Polli xala soruşdu, onun sifətində ümid parladı. 
- Mənə də görüm, yadına düşsəydi, elə edərdinmi? 
- Mən... düzü bilmirəm. Bu hər şeyi korlaya bilərdi. 
- Tom, mən ümid edirdim ki, sən heç olmasa bir az məni sevirsən, - deyə Polli xala elə bikeflədi ki, Tom özünü itirdi. 
- Heç olmasa, bir məni yadına salaydın, bu, yenə heç bir şey etməməkdən yaxşı olardı. 
- Polli xala, bu, elə bir şey deyil ki, danışırsınız! 
- Meri Toma tərəf çıxdı. 
- Onun fikri özündə olmayıb, siz ki, xasiyyətinə bələdsiniz. Tom həmişə bir iş görəndə tələsir, ona görə də heç bir şey yadına düşmür. - Əgər elədirsə, çox təəssüf! Ancaq Sid olsaydı yadına düşərdi.Üzüb gələr, mənə xəbər verərdi. Bu, səninçün elə çətin bir iş deyildi.Yaxşı, Tom, yadında saxla, bir vaxt olacaq ki, mənim haqqımda düşünmədiyinə peşman olacaqsan, onda da qorxuram gec ola! 
- Xala, axı siz bilirsiniz ki, mən sizi sevirəm. 
- Sən bunu bir şeylə sübut edə bilsəydin, bəlkə də inanardım... 
- Bu haqda düşünmədiyimə indi heyfsilənirəm, - deyə Tom peşman bir səslə dilləndi. 
- Ancaq mən sizi yuxuda görmüşəm. Elə bunun özü də şərtdir, elə deyilmi? 
-Yuxu nədir ki, onu elə pişik də görür. Ancaq heç bir şeydənsə,elə bu da yaxşıdır. De görüm necə görmüsən? 
- Çərşənbə günü gecə yuxuda gördüm ki, siz burada çarpayının yanında oturmusunuz, Sid isə odun yeşiyinin yanında Meri ilə yanaşi oturubdur. 
- Doğrudur, eləcə də oturmuşduq. Biz həmişə o cür otururuq. Çox şadam ki, heç olmasa yuxuda bizi yad etmisən. 
- Gördüm ki, Co Qarperin anası da burada oturub. 
- Doğrudur, o da burada idi! Daha nə görmüsən? 
- Görməyinə çox şey görmüşəm... Ancaq indi yadıma sala bilmirəm. - Çalış, birtəhər yadına sal, doğrudanmı yadına sala bilmirsən? 
- Bir də gördüm ki, külək vurub... külək vurub... 


- Hə, hə, Tom, yadına sal görək! Külək vurub neynədi? Hə? Tom barmağını alnına dirəyib bir dəqiqə guya fikirləşdikdən sonar dedi: 

- Hə, yadıma düşdü! Külək vurub şamı söndürdü! 
- İlahi, bu nə işdir! Sonra, bəs sonra, Tom? 
- Siz gərək ki, dediniz; "Mənə elə gəlir ki, qapı..." 
- Sonra Tom? 
- Qoyun bir fikirləşim, bircə dəqiqə... Hə! Siz dediniz ki, "mənə elə gəlir qapı açıldı". 
- Doğrudur, necə deyirsən, eləcə də olub! Bunlar mənim ağzımdan çıxan sözlərdir, elə deyilmi, Meri? Bəs sonra? 
- Sonra... sonra... Yaxşı yadımda deyil... gərək ki, siz Sidi durğuzub, ona... 
- Hə? Hə? Mən ona nə dedim? Tom, mən ona nə dedim? 
- Dediniz ki... hə, ona dediniz ki, qapını örtsün. 
- Vallah, hələ ömrümdə mən belə şey eşitməmişdim! Bundan sonra da deyirlər ki, yuxuya inanmaq olmaz! Elə bu saatca bunların hamısını Sirini Qarperə danışmaq lazımdır. Hünəri var, bundan sonra mövhumat haqqında boşboğazlıq etsin! Dava edə bilməz... Sonra, Tom? 


- İndi hər şey lap zərrəsinə qədər yadıma düşdü. Sonra siz dediniz ki, mən o qədər də pis uşaq deyiləm, bir az dəcəl və huşsuzam, dayça kimi bir şeyəm. 
- Bəli, elədir ki, var! Aan, ya rəbb! Sonra, sonra, Tom? 
- Sonra da siz ağladınız. 
- Hə, ağladım! Bu birinci dəfə deyildi. Bəs sonra? 
- Sonra missis Qarper də ağladı və dedi ki, onun oğlu Co da elədir, dedi; "özüm götürüb qaymağı bayıra ata-ata yazıq uşağı nahaqca yerə çöllərə saldım". 
-Tom! Sənə göydən müqəddəslik gəlib! Lap peyğəmbər yuxusu görmüsən! Sonrası necə oldu? -Sonra Sid dedi ki... o dedi ki... 
-Mən deyəsən heç bir şey danışmamışam, - Sid bildirdi. Meri dedi: 
-Yox, Sid, danışmısan. 
- Səsinizi kəsin, qoyun Tom özü danışsın! Hə, Sid nə dedi? 
- O dedi... deyəsən o dedi ki, orada mənim üçün buradakından qat-qat yaxşı keçər... Dedi ki, özümü burada o qədər də yaxşı aparmayırdım. 
- Bax, eşidirsinizmi? Bunlar Sidin ağzından çıxan sözlərdir! 
- Siz isə ona dediniz ki, səsini kəssin. 
- Hə, dedim! Görünür, Allahın məlakələrindən biri bizimlə otaqda imiş! Yanımızdaca durubmuş! 
- Missis Qarper, Conun onu pistonla qorxutmağını nağıl elədi, siz isə pişik və dərman məsələsini danışdınız.. 
- Lap doğrudur! 


- Sonra bizi çayda axtarmaları və bazar günü dəfn edəcəkləri haqda çox danışıq oldu, bundan sonra isə siz missis Qarper ilə qucaqlaşıb ağlaşdınız, missis Qarper çıxıb getdi. 
-Hamısı doğrudur! Necə görmüsənsə, eləcə də olub! Tom, sən bütün bunları öz gözlərinlə görmüş olsaydın belə, bundan yaxşı nağıl edə bilməzdin. Bəs sonrası necə oldu? Hə, Tom, danış görüm? 
- Sonra siz mənim üçün dua etməyə başladınız. 


Mən sizin necə dua etdiyinizi görür, dediyiniz hər sözü eşidirdim. Sonra görürəm uzanıb yatdınız, mənim sizə yazığım gəldi, görürəm ki, bir parça ağac qabığı götürüb üstünə belə yazıram: "Biz suda boğulmamışıq, ancaq dəniz qulduru olmuşuq". Həmin o qabığı stolun üstündə şamın yanına qoyuram; sonra siz deyəsən yuxuya getdiniz, yuxuda sifətiniz olduqca mehriban idi; görürəm özümü saxlaya bilmədim, sizə yanaşıb dodaqlarınızdan öpdüm. 
- Nə danışırsan, Tom, bu doğrudurmu? Bunun üçün mən sənin bütün günahlarından keçərdim! - O, Tomu tutub bərk-bərk bağrına basdı, buna görə də Tom özünü ən yaramaz bir adam hesab etdi. 


Sid güclə eşidiləcək bir səslə dedi: 
- Yuxu olmuş olsa da, Tom çox yaxşı hərəkət etmişdir. 


- Kəs səsini, Sid! Aşkarda adam özünü necə aparırsa, yuxuda da eləcə aparır... Tom, al sənə lap yekə bir alma verim, mən onu saxlamışam ki, bəlkə bir gün tapıldın. İndi isə hazırlaş, məktəbə gel Allahın kərəminə min şükür ki, o, səni mənə qaytardı. Allahın rəhmi büyükdür, o heç kəsi darda qoymur, ona inananlara, yolunu azmayanlara həmişə kömək edir, ancaq mən onun mərhəmətinə layiq deyiləm! Amma təkcə ləyaqətli olan adamlar onun mərhəmətindən və çətin dəqiqədə köməyindən istifadə etmiş olsaydılar, onda Yer üzündə səadətin və o dünyada rahatlığın nə olduğunu az adam bilə bilərdi... İndi isə, Sid, Meri, Tom,tez olun buradan gedin. Siz məni lap bezikdirdiniz! 


Uşaqlar məktəbə getdilər, Polli xala isə, yəqin ki, Tomun o qəribə yuxusunu nağıl etmək üçün missis Qarperə baş çəkməyə getdi. Evdən çıxarkən Sid özünü saxladı, ürəyinə gələn fikri ucadan demədi: "Belə uzun yuxunu yadda saxlayasan, bircə dəfə də karıxmayasan – nəsə çox qəribədir!" 


Tom özünü böyük bir qəhrəman kimi hiss edirdi! O, atdanıb-düşmür, qaçmır, dəniz qulduruna layiq bir təmkinlə ağır-ağır və ləyaqətlə yeriyirdi; bilirdi ki, bu saat bütün cəmiyyətin gözü ona dikilmişdir. Doğrudan da, hamı ona baxırdı. Tom özünü elə göstərməyə çalışırdı ki, guya ona dikilmiş olan nəzərləri görmür, onun barəsində danışılan sözləri eşitmir, əslində isə bundan böyük həzz alırdı. Balacalar onun dalınca qaçır və fəxr edirdilər ki, camaat onları Tomla bir yerdə görür, o isə uşaqları qovub özündən kənar etmir; Tom onlar üçün, mərasimin qabağında gedən bir təbilçi və yaxud da şəhərə daxil olan səyyar heyvanxananın başını çəkən bir fil idi. Onun yaşıdları isə özlərini elə göstərirdilər ki, guya Tom heç yerə qaçmamışdır; bununla belə, paxıllıqlarından ölürdülər. Belə bir şöhrətə nail olmaq üçün uşaqlar dünyada hər şeylərindən keçməyə hazır idilər, lakin Toma sirkin sahibi belə olmağı təklif etsəydilər, o, indiki şöhrətindən əl çəkməzdi. 


Məktəbdə uşaqlar Tomun və Co Qarperin dalınca o qədər qaçdılar və onlara elə heyrətli nəzərlərlə baxdılar ki, çox keçmədən hər iki qəhrəman lovğalanıb dözülməz dərəcədə özlərini çəkməyə başladı. Onlar maraqdan alışıb-yanan dinləyicilərinə öz macəralarını danışmağa başlayırdılar. Bəli, yalnız başlayırdılar, axı bu elə bir şey deyildi ki, başlayıb, sonra da qurtarasan, çünki onların fantaziyaları qətiyyən tükənmək bilmirdi. Nəhayət, Tom və Co qəlyanlarını çıxarıb arxayınca fısqırmağa başladıqda isə onların şöhrəti artıb, yerə-göyə siğmaz oldu. 


Tom belə qərara gəldi ki, o indi Bekki Tetçerə qətiyyən məhəl qoymaya bilər, onsuz da keçinər. Təkcə şöhrəti ona kifayətdir. O, şöhrət üçün yaşayacaqdır. İndi Tom belə fərqləndikdən və başqa uşaqlardan seçildikdən sonra Bekki Tetçer yəqin ki, özü onunla barışmaq istəyəcəkdir. Nə eybi var, qoy barışsın - o görər ki, bəziləri kimi Tom da laqeyd olmağı bacarmır. Bir azdan Bekki də gəlib çıxdı. Tom özünü elə göstərdi ki, guya onu görmür. Tom bir dəstə oğlan və qıza yaxınlaşaraq onlarla söhbətə girişdi. O gördü ki, Bekki guya rəfiqələrinin dalınca qaçır kimi, qıpqırmızı qızarmış halda, gülə-gülə o tərəf-bu tərəfə yüyürür, qızlardan birini tutduqda isə şən-şən çığırır. Ancaq Tomun gözünə dəydi ki, necə olursa, Bekki qovduğu adamı həmişə onun yanında tutur və bu zaman mütləq gözaltı Toma nəzər yetirir. Tomun iddiası olduqca artdı, o, yumşalmaq əvəzinə daha da tərsləşdi. Qətiyyən güzəştə getməməyi qərara aldı, başa düşdü ki, Bekki istəyir birinci addımı Tom atsın. Qız daha qaçmırdı, o çəkinə-çəkinə Tomun yaxınlığında gəzinir, xəlvətcə kədərli-kədərli ona baxırdı, hətta bir-iki dəfə ah da çəkdi. Sonra Bekkinin nəzərinə çatdı ki, Tom başqalarından daha çox Emi Lourens ilə danışır. Ürəyi sancdı, həyəcanlandı, əhvalı tamamilə pozuldu. O, uzaqlaşıb getmək istəyirdi, lakin sözünə qulaq asmayan ayaqları onu yavaş-yavaş Tomun dayanmış olduğu dəstəyə tərəf gətirdi. Bekki Tomla yanaşı durmuş olan qızla söhbətə girişdi: 


- Ah, Meri Ostin! Yamanca pis qızsan, niyə bazar günü məktəbinə gəlməmişdin? 
- Gəlmişdim. Necə olub ki, məni görməmisən? 
- Doğrudanmı gəlmişdin? Bəs harada oturmuşdun? - Həmişəki yerdə, missis Pitersin sinfində. Mən səni gördüm. 
- Doğrudanmı? Lap qəribə işdir, bəs mən niyə səni görməmişəm? Mən səninlə gəzinti haqqında danışmaq istəyirdim. 
- Nə yaxşı! Onu kim təşkil edir? 
- Mənim anam. 
- Nə yaxşı olar! Məni də dəvət edəcəkmi? 
- Əlbəttə. Axı bu gəzintini mənim üçün düzəldirlər. Ona görə də mən kimi istəsəm onu da çağıracaqlar, səni isə mütləq çağırmaq istəyirəm. - Çox şadam! Bəs nə vaxt olacaq? 
- Lap tez. Bəlkə də tətildə oldu! 
- Yamanca şən keçər! Oğlanların, qızların hamısını dəvət edəcəksən? 
- Hə, dostlarının hamısını, bir də mənimlə dostluq etmək istəyənləri. - Bekki bunu deyib, xəlvətcə Toma baxdı, lakin bu zaman Tom Emi Lourensə adadakı tufan haqqında söhbət açmışdı, o, cəmisi üçcə addımlığında dayanmış olduğu böyük çinar ağacını ildırım vurub necə parça-parça etdiyini nağıl edirdi. 
- Mən də gələ bilərəmmi? 
- Qresi Miller xəbər aldı. 
- Hə. Salli Rocers dedi: 
- Mən necə? 
- Sən də gəl. 
- Olarmı mən də gəlim? 
- Süzi Qarper soruşdu. 
- Co necə? 
- Gəlin, niyə olmur. 


Tom və Emidən başqa uşaqların hamısı bir-birinin ardınca sevincək, əl çalaçala özlərinin gəzintiyə dəvət olunmalarını xahiş edirdilər. Bu zaman Tom sakitcə, dalını Bekkiyə tərəf çevirdi və Emi Lourenslə söhbət edə-edə uzaqlaşıb getdi. Bekkinin hirsdən dodaqları əsdi, gözləri yaşla doldu; o bunu gizlətməyə çalışaraq qəsdən özünü şən göstərir, yenə də əvvəlki kimi çərənləyirdi, lakin dünyadakı bütün başqa şeylər tək gəzinti də onun üçün öz gözəlliyini itirmişdi; o, ünas tayfasının dediyi kimi, "doyunca ağlayıb ürəyini boşaltmaq üçün" rəfiqələrindən uzaqlaşıb xəlvət bir yerə çəkildi. Qəlbinin yaralandığını heç kəs hiss etməsin deyə, zəng çalınana qədər təkcə oturdu. Sonra ayağa qalxdı, uzun hörüklərini dalına ataraq intiqam hissi ilə alovlanmış halda öz-özünə dedi ki, indi o nə etmək lazım olduğunu bilir. 


Tənəffüs zamanı da Tom, şən və özündən razı halda Emiyə iltifat göstərməsini davam etdirirdi. Ancaq o çalışırdı ki, hiss olunmadan get-gedə Bekkiyə yaxınlaşıb, öz hərəkəti ilə onun qəlbini möhkəmcə yaralasın. Nəhayət o, Bekkini gördü, elə o saat da əhvali pozuldu. Bekki məktəb binasının dalında, xudmani bir yerdə Alfred Templ ilə bir skamyada yanaşı əyləşmişdi. Onlar başbaşa verərək kitabın üzərinə əyilib şəkillərə tamaşa edirdilər. Bu məşğələyə başları elə qarışmışdı ki, elə bil dünyada hər şeyi unutmuşdular. Qısqanclıq hissi Tomun bədənini alovlandırdı. Öz-özünə acıqlandı ki, Bekki ilk dəfə özü ona yaxınlaşarkən nə üçün fürsətdən istifadə edib onunla barışmadı. O, özünü axmaq adlandırdı, ağlına gələn bütün sözlərlə özünü məzəmmət etdi. Acığından az qalırdı ağlasın. Emi sevincindən özünü unudaraq bir an belə susmaq bilmədən danışırdı, Tomun isə elə bil boğazı qurumuş, dili tutulmuşdu. Tom, Eminin ona nə dediyini eşitmirdi, qız sözünü qurtarıb cavab almaq üçün gözlərini Toma dikdikdə, Tom Allah bilir ona nələr deyirdi, ağzına gələni tutdu-tutmadı toxuşdururdu. O biabırçı mənzərə Tomun qəlbini zəhərləsə də, elə bil nə isə onu məktəb binasının dalına tərəf çəkirdi. Nə qədər çalışırdısa da davam gətirə bilmirdi. Tomun düşündüyü kimi, Bekkinin ona tərəf gözucu da olsa baxmaması Tomu dəli eləmişdi. Ancaq qız hər şeyi görürdü, qələbənin öz tərəfində olduğunu çox gözəl başa düşürdü və çox sevinirdi ki, indi Tom da onun əvvəl çəkdiyi əzabları çəkir. 

 

Eminin şən laqqırtısı Tomun zəhləsini tökdü. O, qıza işarə vurmağa başladı ki, vacib işi var, tələsik getməlidir. Lakin bütün bunlar əbəs idi - qız əvvəlki kimi yenə də üyüdüb-tökürdü. Tom öz-özünə düşündü: 
"Ay səni lənətə gələsən! Doğrudanmı mən səndən yaxamı qurtara bilməyəcəyəm?" Nəhayət, Tom ona açıq dedi ki, işi var, getməlidir. Lakin qız sadəlövhcəsinə ona cavab verdi ki, getsin, dərsdən sonra "buralarda bir yerdə" onu gözləyər. Tom bununçün qıza daha da nifrət edərək, tez qaçıb getdi. 

 

"Kim olur olsun, təki bu oğlan olmasın! - Tom düşünür və acığından dişlərini qıcayırdı. - Şəhərin hansı oğlanı olur olsun, ancaq bu sent-luili ədabaz olmasın! Əyninə təzə paltar geyindiyi üçün özünü aristokrat hesab edir! Ay, özün öləsən! Zərar yoxdur, əzizim, o birinci gün məndən aldığın kötəklərdən yenə alarsan! Bir əlimə keç, gör başına nə oyun gətirirəm..." 

 

Tom xəyalındakı düşmənini kötəkləməyə başladı, o, havada əlini yellədir, yumruqlarını oynadır, təpik atırdı. 
"Aha, beləmi? Bu saatca üzr istə, deynən: "qələt eləmişəm!" Sənə elə belə də lazımdır, bu, sənin üçün dərs olar!" 
Xəyali vuruşma Tomun tam qələbəsi ilə başa çatdı. 


Böyük tənəffusdə Tom evlərinə qaçdı. Artıq Eminin sadəlövhcəsinə baxmağa vicdanı yol vermirdi, qısqanclıq hissi isə ona əzab verirdi. Bekki yenə də Alfredlə bir skamyada əyləşib şəkillərə baxmağa başladı, lakin vaxt keçir, Tom gəlib çıxmırdı, daha o kimə əzab verəcəkdi, ona görə də həvəsdən düşdü, bu işi davam etdirməyə marağı olmadı; o, boylanmağa başladı, darıxdı, sonra isə tamamilə kədərləndi. İki-üç dəfə diksinib kiminsə addım səslərinə qulaq asdı, lakin bunlar yalan ümidlər idi. Tom gəlib çıxmırdı. Nəhayət o, tamamilə bikeflədi və işi bu dərəcəyə gətirib çıxartdığına təəssüfləndi. Yazıq Alfred görürdü ki, qız onun yanında darıxır, səbəbini bilmədiyindən elə hey onu əyləndirməyə çalışır və deyirdi: "Baxın, görün nə qəşəng şəkildir! Bax, bu lap yaxşıdır!"Nəhayət, Bekki dözə bilmədi: "Eh, siz də əl çəkin görək! Sizin şəkilləriniz mənə lazım deyil!" - deyib ağladı və yerindən sıçrayaraq qaçdı. 


Alfred onun ardınca yüyürüb könlünü almaq istədikdə qız dedi: 
- Çıxın gedin; dedim ki, məndən əl çəkin! Sizdən zəhləm gedir! 


Oğlan nə etmiş olduğunu başa düşməyərək karıxmış halda yerindəcə donub qaldı. Axı Bekki özü ona demişdi ki, bütün böyük tənəffüsü onunla oturub şəkillərə tamaşa edəcək, indi isə ağlayıb onun yanından qaçır. Alfred nə fikirləşəcəyini belə bilməyərək geri qayıdıb boş məktəb binasına girdi. O, incimiş və acıqlanmışdı. Həqiqəti başa düşmək çətin deyildi. Görünür Bekki Tom Soyyerə acıq vermək üçün oturub onunla danışmış. Bunu başa düşdükdən sonra Alfredin Tomdan daha çox zəhləsi getdi. O, özü üçün heç bir təhlükə törətmədən birtəhər Toma zərər yetirmək istədi. Bu zaman Tomun dəftər-kitabı onun gözünə dəydi. Yaxşı fürsət idi. O, sevincək halda, müəllimini dərs tapşırdığı səhifəni açıb üstünə mürəkkəb tökdü. 

 

Bu an Bekki pəncərədən içəri baxarkən Alfredin nə etdiyini gördü, lakin heç bir söz demədən oradan uzaqlaşdı. Bekki çıxıb getdi evlərinə. O, istəyirdi Tomu tapıb əhvalatın hamısını danışsın. Əlbəttə, Tom razı qalıb təşəkkür edəcəkdi, onlar barışacaqdılar. Lakin Bekki yarı yolda fikrini dəyişdi. Gəzinti haqqında danışırkən Tomun onunla necə rəftar etdiyini xatırladı, xəcalətindən qıpqırmızı qızarıb pula döndü. O, Toma kömək etməməyi və ömürlük ona nifrət bəsləməyi qərara aldı. Qoy cırılmış dərslik üçün ona nə qədər cəza verirlər, versinlər!