Şeirlər

Nuranə Rəfaelqızı. Əlisanın kitabları

Əlisa kitabları
Yığdı çantaya bir-bir.
Bir az keçdikdən sonra,
Eşitdi səs-küy gəlir.

 

Astaca qulağını
Dirədi çantasına.
Düşübdü mübahisə
Onların arasına.

 

Dilləndi Ana-dili:
-Mən ananın diliyəm,
Bal-şəkər, şirin-noğul.
Yazılıbdı sinəmə
Şeir, tapmaca, nağıl.

 

Ataların sözünü
Sizlərə yetirirəm.
İsim, sifət, feillə
Cümləni bitirirəm.

 

Dindi Texnologiya:
-Uşaqlar görcək məni
Açılır qaş-qabağı.
Qayçı-yapışqan ilə
Sevirlər oynamağı.

 

Rəngbərəng kağızları
Doğrayıb, kəsib, burur,

Plastilin xəmirdən
Hərə bir dünya qurur.

 

Dilləndi İnformatika:
-Kompüter əsridi
Bizim indiki zaman.
Bunun üçün də məni
Uşaqlar sevir yaman.

 

Sistem, blok, monitor,
Qrafik, alqoritim.
Yeni dərs üsuluyla
Tutmuşam mən də ritm.

 

Dindi Həyat-bilgisi:
-Mənim vərəqlərimdə
Bilirsiniz nələr var?!
Canlı-cansız təbiət,
Heyvanlar, bitkilər var.

 

Planet, yer kürəsi,
Dənizlər, okeanlar.
Yol qaydasın öyrənir
Məni tam oxuyanlar.

 

Dilləndi bu an şahmat:
-Uşaqların sevdiyi
Ən gözəl kitab-şahmat.
Topla atəş açılır,
Şahə qalxır, köhlən at.

 

Fillə vəzir yanında,
Piyada öndə durur.
Bu oyunun qalibi-
Şahı mat edən olur.

 

Dindi İngilis-dili:
-Beynəlmiləl ad alıb,
Dünya belə danışır.
Bu dil ilə ölkələr
Tam qaynayıb-qarışır.

 

I am speak English.
Salam verin: -Hello! Hay!
Welcome nice to meet you.
Sağ olun! See off! Good bye!

 

Dindi fiziki-tərbiyə:
-Kim sevirsə, bu dərsi
Desin: -Bir! İki! Üç! Dörd!
Düzlən! Fərəqət! Sərbəst!
Dayan! İstirahət et!

 

İdmanı sevən kəsin
Qədd-qaməti şux olar.
Ancaq sağlam bədəndə
Bilin, sağlam ruh olar.

 

Təsviri-incəsənət
dilləndi öz yerindən:
-Uşaqlar qoymur məni
Əllərindən heç yerə.

 

Quaş, pastel boyayla
Rəngləyib silə-silə.

Gördükləri nə varsa,
Çəkirlər 100 həvəslə.
Yaman maraqlanırlar
Bu kitabla, bu dərslə.

 

Dilləndi Riyaziyyat:
-Elmlərin şahıyam,
Biliklərin açarı.
Uşaqlar yaman sevir
Həndəsi fiqurları.

 

Vurma, çıxma, toplama
Həll edirlər maraqla.
Məntiq, misal, məsələ
Gəl bir məni varaqla.

 

Dindi bu an Musiqi:
- Çalğı alətlərindən
Uşaqlara danışdım.
Azərbaycan himnini
Əzbərlətdim, soruşdum.

 

Gah notdan, gah ritimdən,
Pauzadan söz saldım.
Şirin nəğmələrimlə
Könüllərə iz saldım.

 

Dinləyib hamısını
Əlisa gülümsündü.
Fikrə gedib bir qədər,
Sonra astaca dindi:

 

-Dalaşmayın kitablar
Hamınızı sevirəm.
Anam söyləyib mənə,
Bunu çoxdan bilirəm.

 

Elm, savad kitaba
Yazılan sözdən keçir.
İşıqlı gələcəyə
Gedən yol sizdən keçir!