Nağıllar, hekayələr

Nəriman Süleymanov. Novruzgülü

Baharda güllər, çiçəklər qoca palıd ağacının altına yığışdılar. Gözəllikdən söhbət açdılar.

 

Qızılgül dedi:

 

- Mən hamınızdan qəşəngəm, hamı gözəlliyimə heyran qalıb. Adamlar mənə güllərin-çiçəklərin tacı deyir. Məni ellərdə gəzdirirlər. Ətrimdən doymurlar.

 

Sözü qərənfil aldı.

 

- Bəs mən?! Mənim gözəlliyim göz qabağındadır. Yaraşıqlıyam. Adamların məndən ötrü ürəyi gedir. O qədər gözələm ki, məni döşlərdə gəzdirirlər.

 

Utancaq bənövşə qabağa gəldi:

 

- Gözəlliyim bütün aləmə bəllidir. Mənə şer qoşurlar. Məni tərifləyirlər. Mənim xoş ətrim var. Yaraşığım var.

 

Bənövşə sözünü qurtarcaq Nərgiz başladı:

 

- Mən meşələrin ətəklərində, yaşıl dərələrdə, yamaclarda bitirəm. Mən açılanda çəmənlər saçaqlı xalıya bənzəyir. Xoş ətrim aləmi bihuş edir. Məndən dəstə bağlayıb evlərə aparırlar. Qızlar məni saçlarına düzürlər.

 

Növbə Laləyə çatdı:

 

- Bütün güllərin, çiçəklərin əzəli, düzlərin gözəli mənəm. Hanı mənim tayım-bərabərim?! Mən çölə-çəmənə yaraşığam. Üzümü görəndə adamların könlü açılır.

 

Güllər-çiçəklər özlərini çoxlu təriflədilər. Səma rəngli Novruzgülü də burada idi. Ancaq dillənmirdi. Bayaqdan ona diqqət yetirən qoca palıd sakit-sakit dayanmış Novruzgülünə dedi:

 

- Sən niyə dillənmirsən? Nə üçün boynunu bükmüsən?

 

Novruzgülü astadan ləçəklərini yellədi:

 

- Nə deyim?! Mənim vur-tut iki günlük ömrüm olur. Evlərə yaraşıq vermirəm. Məclislərdə olmuram. Döşlərə taxılmıram. Nə danışım, axı?

 

Qoca palıd budaqlarını silkələdi.

 

- Niyə belə deyirsən, ay Novruzgülü? Sən də gözəlsən, yaraşıqlısan. Qardan-borandan qorxmursan. Çırtlayıb boy atırsan. Çölü-çəməni ilk dəfə sən bəzəyirsən. El-obaya bahar gətirirsən.