Şeirlər

Cahangir Məmmədov. İynə

Əlimə batma, aman!
Axı çox bərk incidir.
Mən heç nə tikməmişəm,
Bu işim birincidir.

 

Mən neçə yol kuklama
Papaq, corab tikərkən:
“Uşaqsan!” – deyib anam
Səni almış əlimdən.

 

Çox yalvarıb, anamdan
Səni güclə almışam.
Qızıl ulduz şəklini
Gərək tikəm bu axşam.
Atam baxıb söyləsin:
“Qızım iş görən qızdır!”
Anam baxanda desin:
“Bu nə gözəl ulduzdur!…”